İqtisadiyyat

Azərbaycanda düyü bahalaşacaq, qıtlıq isə olmayacaq – SƏBƏB + FOTO

Sharing is caring!


Dünyanın ən böyük düyü ixracatçısı olan Hindistan öz ölkəsində düyü qiymətlərini yumşaltmaq üçün “Basmati” istisna olmaqla, bu məhsulun təmizlənmiş sortlarının ixracına qadağa qoyub. Dünyada düyü ixracının 40 faizini təşkil edən Hindistan bir neçə ölkənin də bu sahədə analoji addım atmasına səbəb olub. Məsələn, Rusiya hökuməti daxili bazarda sabitliyi qorumaq üçün bu il 31 dekabradək düyü və düyü yarmasının ixracına qadağa qoyub. Birləşmiş Ərəb Əmirlikləri də daxili bazarda tədarükün lazımi səviyyədə olmasını təmin etmək üçün düyü ixracına qadağanı tətbiq edib. Xatırladaq ki, ölkəmizə düyü idxalının böyük hissəsi Hindistandan gəlir. Bəs hazırkı qadağalar Azərbaycanda düyü bazarına necə təsir edəcək?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov deyir ki, çəltiklə bağlı dünyada baş verən proseslər Azərbaycan bazarında düyü qiymətlərinin artmasına səbəb olacaq:

“Bu proses Hindistanda təbiət hadisələri ilə əlaqəli olaraq, məhsuldarlığın aşağı düşməsindən qaynaqlanır. Bu kimi mərhələlər adətən, son nəticədə dünya bazarında təklifin azalması və qiymətin artması ilə nəticələnir. Azərbaycan bu baxımdan müəyyən mənada idxaldan asılıdır. Baxmayaraq ki, son illərdə bu istiqamətdə subsidiya mexanizmləri yaradılıb və istehsalın təşviqi istiqamətində işlər gedib, bununla belə, hələ də çəltik bazarında əhəmiyyətli səviyyədə asılılığımız var. Bu da o deməkdir ki, qiymət artımları Azərbaycan bazarına mütləq şəkildə təsir göstərəcək”.

Mütəxəssisin fikrincə, hazırkı vəziyyətdən çıxış yolu Azərbaycanın öz daxili gücünü artırmasıdır. İqtisadçı vurğulayır ki, düyü ehtiyatlarımız hesabına bazarda qıtlıq olmayacaq:

“Hazırda alternativ planlardan biri yerli istehsalın həcminin artırılması istiqamətindədir. Hökumət illik istehsalı 46 min tona qədər artırmağı planlaşdırır. Ölkədə düyü məhsullarının ehtiyatları qıtlığın olmaması üçün kifayət edir. Lakin qiymət bundan asılı deyil. Əgər sahibkar gələcəkdə idxal edəcəyi düyünün bahalaşacağını biləcəksə, o, məcburən ölkədə olan ehtiyatlarının da qiymətini artırmalıdır. Amma kəskin qıtlıq gözlənilmir. Qiymət bahalaşacaq, amma qıtlıq olmayacaq”.

Bəs düyü ehtiyatlarımız nə qədərdir?

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, ötəni il respublikanın 9 rayonunda çəltik əkini aparılıb. Çəltik əkinlərinin ümumi sahəsi 3 194,25 hektar təşkil edib. Ən çox Lənkəran (802,3 ha), Ağdaş (681 ha) və Ucar (678 ha) rayonlarında çəltik əkilib. Sahələrdən 12 min tona yaxın məhsul yığılıb. Həmin dövr üçün çəltik üzrə orta məhsuldarlıq 36,2 sent/ha təşkil edib. Bu, 2021-ci ilin məhsuldarlıq göstəricisindən 1,4 sent/ha çoxdur. Yəni ötən il 2021-ci ilə nisbətən 858 ton daha çox məhsul istehsal olunub.

Bu il isə, yazlıq əkinlərdə yanvar-may ayları ərzində 2 325,9 hektar sahədən çəltik yığılıb.

Mütəxəssislər tərəfindən Azərbaycanın düyü bazarında yaranacaq vəziyyətə qarşı alternativ variant olaraq, yerli istehsalın artırılması səsləndirilir. Kənd Təsərrüfat Nazirliyinin də yaydığı rəqəmlərdən aydın olur ki, çəltik daha çox cənub rayonlarında becərilir. Lakin burada da sahələrin azalması ilə bağlı müəyyən problemlər var. Azalmanın səbəblərindən biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İran sərhədinədək çəkdiyi yol göstərilir. Hansı ki, Ələt-Astara-İran ilə dövlət sərhədi yeni magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisində çəltik becərilən ərazilər qazılıb. Qurumdan yayılan məlumata görə, yeni magistral yolun 3,2 km-lik hissəsinin keçdiyi bəzi ərazilərində vaxtı ilə çəltik becərildiyinə görə bataqlıq ərazi hesab olunur. Buna görə də buranın əvvəlcə 25 sm dərinlikdə bitki qatı çıxarılıb, daha sonra 1 m dərinlikdə qazılıb və ələnmiş çay daşı dörd mərhələ üzrə tökülərək kipləşdirilib. Maraqlıdır, 3,2 km-lik yol Azərbaycanda nə qədər çəltik sahəsinə ziyan vura bilər? Narahatlığa əsas varmı?

Nəqliyyatın infrastrukturu üzrə ekspert Yasin Mustafayev Oxu.Az-a bildirib ki, sözügedən yol “A1 kateqoriya”lı yoldur:

“Belə yolda genişlik, qoruma zolağı 60 metr götürülür. Yəni yolun oxundan 30 metr sağa, 30 metr sola götürülür. Bu indiki halda təxminən 20 hektara yaxın ərazi deməkdir”.

Statistikaya baxdıqda görürük ki, ötən il  ölkədə 3 194 hektar sahədə çəltik əkilib. İran istiqamətində yolun çəkilişi zamanı yolun altında qalan ümumi çəltik sahəsi isə 20 hektara yaxındır. Bu da ümumi əkinin sahəsinin 0,6 faizini təşkil edir. Mütəxəssislər bu rəqəmin çəltik istehsalına cüzi təsir etdiyini vurğulayır və narahatlıq doğurmadığı qənaətindədirlər.

Bundan əlavə, Hindistan ixraca qadağa qoysa da, Pakistan şirkətləri Azərbaycana düyü idxalında maraqlıdır. Belə ki, Pakistan şirkətləri Azərbaycana düyü tədarükünü təxminən 10 dəfə artırmağı planlaşdırır. Xatırladaq ki, 22 noyabr 2022-ci il tarixində Nazirlər Kabineti Pakistan İslam Respublikasından Azərbaycana idxal olunan düyünü 15% gömrük rüsumundan azad edib. İdxal gömrük rüsumundan azad edilmə 31 dekabr 2027-ci il tarixinədək qüvvədə olacaq. Bu da mütəxəssislərin fikrincə, düyü bazarında vəziyyətin kəskinləşməsinin qarşısını alacaq və respublikamızda düyünün bahalaşmasını ləngidəcək.

Aygün Əziz

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir