İqtisadiyyat

Əhalinin borclanması yaxşıdır, yoxsa pis?

Sharing is caring!


Pərviz Heydərov yazır…

İqtisadiyyata dair məşhur bir deyim var ki, borc alıb, borc verməsən mümkün deyil. Bu, dövlətə də aiddir, vətəndaşlara da… Yeri gəlmişkən, təsadüfi deyil ki, ABŞ dünyada bir nömrəli iqtisadiyyata sahibdir, eyni zamanda da xaricə ən çox borcu olan dövlətlər sırarasında ilk pillədə dayanır.

Lakin bu yazıda dövlət borcundan söhbət açmayacam. Toxunmaq istədiyim məsələ vətəndaşların borclanması, yəni müxtəlif növ ipoteka və istehlak kreditləri ilə yüklənmələri məsələsidir. Bu, çox ciddi və olduqca mühüm bir göstəricidir.

Azərbaycan Mərkəzi Bankının açıqladığı sonuncu məlumata əsasən, ölkədə əhali tərəfindən alınan istehlak və ipoteka kreditlərinin məbləği cari ilin may ayının sonuna 9 milyard 488 milyon 484 min manata çatıb. Bu, ötən ilin iyun ayının 30-na olan göstəricidən 1 milyard 650 milyon 200 min manat və ya 17,40% çoxdur.

Bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən verilən kreditlər də nəzərə alınarsa, əhalinin kredit təşkilatlarına borcunun 10 milyard manatdan çox olduğu üzə çıxar.

Bu, yaxşıdır, yoxsa pis?

Məsələ burasındadır ki, iqtisadiyyata, yəni biznesə kredit qoyuluşu nəinki yaxşıdır, həm məqsədəuyğundur, həm də ki, vacib. Odur ki, biznes üzrə kreditləşdirmənin artması sevindirici faktordur. 

Ancaq təəssüf ki, bizdə bu sahədə tendensiya söhbət açdığım tempdən, yəni, əhalinin kreditləşdirilməsi səviyyəsindən geri qalır. Bu, demək olar ki, həmişə eyni xarakter daşıyıb və daşımaqda da davam edir. Əhalinin də kreditləşdirilməsi, vətəndaşlara istehlak və ipoteka kreditlərinin verilməsi pis deyil və bu da inkişaf göstəricisi sayılır. Lakin…

İstehlak və ipoteka kreditlərinin həcminin artması və ümumiyyətlə, vətəndaşların borclanmaya getməsi müvafiq tələbatla əlaqədardır. Ortada bunu ödəyə biləcək təklif də varsa, hər ikisi ölkə iqtisadiyyatının genişlənməsinə xidmət edir və əslində, etməlidir də. Belə ki, tikinti sektoru inkişaf edir, istehsal stimullaşır və sair. Təbii ki, əgər burada söhbət sağlam kreditləşdirmədən gedərsə… 

Məsələn, banklar biznesdən çox istehlakı kreditləşdirərlərsə bu, idxalı, yəni yerli istehsalı deyil, bilavasitə xaricini (xaricdən idxalı?) stimullaşdıracaq. Hansı ki, bizdə neçə illərdir məhz belədir.

Bütövlükdə götürdükdə isə, əhalinin borclanmasından qorxmaq lazım deyil. Yetər ki, ortada ödəmə qabiliyyəti olsun. Yəni, kreditlərin geri ödənişi sahəsində vaxt ötməsin, problem yaranmasın. 

Yeri gəlmişkən, ölkədə problemli kreditlər üzrə real olaraq təhlükə yoxdur, vəziyyət kifayət qədər qənaətbəxşdir. Cari ilin may ayının sonuna olan məlumata əsasən, 490 milyon 100 min manat civarında vaxtı ötmüş kreditlər mövcuddur ki, bu da çox deyil.

Əhalinin kreditlər üzrə borclarının hələ bir az da artıq olmasını gözləməyə dəyərdi ki, buna həm gəlirlərin səviyyəsi imkan vermir, həm də bu sahədə kifayət qədər şəffaflığın olmaması faktı. Xüsusən də, ipoteka kreditləri vətəndaşların hər biri üçün əlçatan deyil.

Digər mühüm cəhət isə ondan ibarətdir ki, istehlak kreditləri üzrə borclanma daha yüksək səviyyədədir. Belə ki, istehlak kreditlərinin həcmi ötənilki 5 milyard 754 milyon 100 min manatdan 470 milyon 400 min manat və ya 7,6% artaraq 6 milyard 224 milyon 500 min manat olub ki, bu zaman ipoteka kreditlərinin həcmi 251 milyon 800 min manat və ya 7,8% artaraq, 3 milyard 264 milyon manat təşkil edib.

Biznes kreditlərinə gəldikdə isə, ötən ilin sonuna olan göstərici 10 milyard 855 milyon 100 min manat təşkil edirdisə, bu rəqəm cəmi 315 milyon 700 min manat və ya 2,9% artaraq 11 milyard 170 milyon 800 min manata bərabər olub. 

İstehlak kreditləri üzrə artım daha dayanıqlı səviyyə xarakteri kəsb edir. Bu da onu deməyə əsas verir ki, ümumən əhalinin borclanması səviyyəsindən qorxmaq lazım gəlməsə də, onun strukturunda istehlak kreditləşdirilməsinin artım sürətindən ehtiyat etmək lazımdır.

Gəlinən nəticə budur ki, əhalinin kredit borclarının artması yaxşı haldır, istehlak kreditlərinin genişlənməsi isə pis… Əhalinin borclanmasının artması müqabilində vaxtı ötmüş kreditlərin həcminin qənaətbəxş olması müsbət faktdır, lakin istehlak kreditlərinin daha yüksək səviyyədə olması təhlükədir.

Biznes kreditləşdirilməsinin zəif təşkilinə paralel olaraq, əhalinin borclanmasının genişlənməsi disbalans sayılır. Ona görə ki, istehlak tələbatının ödənilməsi daha çox idxalın genişləndirilməsi hesabına həyata keçirilir. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir