İqtisadiyyat

Orxan Məmmədov: “KOB subyektlərinin sayı 4 il ərzində 45% artıb”

Sharing is caring!


KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətə başladığı 2018-ci ildən ötən 4 il ərzində bu subyektlərin sayı 45% artaraq 356 minə yaxınlaşıb.

“Report” xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İqtisadiyyat Nazirliyinin, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafı” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bu dövr ərzində KOB-ların qeyri-neft ÜDM-də payı 23,5%-dən 26,6%-ə, qeyri-neft ixracında payı isə 2019-cu ildəki 23,3 %-dən 59,8 %-ə yüksəlib:

“Biz strateji fəaliyyət gündəliyimizi sahibkarlar ilə qarşılıqlı əlaqə şəklində, onların ehtiyac və inkişaf meyllərini öyrənməklə müəyyən edirik. Bu məqsədlə, həm daxili resurslar, həm də peşəkar şirkətlər cəlb olunmaqla mütəmadi sorğular keçirilir, sahibkarlardan daxil olan müraciətlər təhlil olunur, sahəvi görüşlər və dəyirmi masalar təşkil olunur. Əldə olunan məlumatlar və aparılmış təhlillər əsasında ötən dövrdə biznes subyektləri və sahibkarlığa başlamaq istəyən şəxslər üçün bir sıra dəstək mexanizmləri yaradılıb və istifadəyə verilib. Belə ki, daxili bazar araşdırmaları, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant proqramı, vergi güzəştlərini əhatə edən Startap şəhadətnaməsinin verilməsi, iri ticarət şəbəkələrinə çıxış, yerli və beynəlxalq sərgilərdə iştirak üzrə dəstək tədbirləri bizneslərin inkişafı üçün səmərəli mexanizmlərdir”.

O.Məmmədov bildirib ki, Azərbaycanın 3 fərqli bölgəsində fəaliyyət göstərən KOB Evləri “one-stop shop” formatında “G2B” və “B2B” xidmətləri göstərir:

“2023-cü ilin yanvar ayında Prezident İlham Əliyevin iştirakı ilə geniş funksional və texniki imkanlara malik “Bakı KOB Evi”nin açılışı oldu. Bu ölkə rəhbərliyinin sahibkarlığın inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Hazırda ölkənin 39 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir