İqtisadiyyat

AMB-nin notlarının investor bazasının genişləndirilməsi bazara nə vəd edir? – ARAŞDIRMA + FOTO

Sharing is caring!


Azərbaycan Mərkəzi Bankı (AMB) bu il yanvarın 26-dan notları ilə bağlı hərraclara fasilə versə də, bu gün sükutu pozdu.

Məlum oldu ki, qurum bundan sonra banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxslərinə də onun qısamüddətli notlarına sahib olmaq imkanı yaradıb. Amma bu, müəyyən limitlər çərçivəsində olacaq.

Limitlər bankların likvidlik mövqeyində, qiymətli kağızlar bazarının müxtəlif seqmentlərində kəskin dəyişikliklərə yol verməmək üçün tətbiq edilir. AMB-də hesab edirlər ki, qisamüddətli notların məbləğinin genişləndirilməsi investorların sayını artırmaqla qiymətli kağızlar bazarında aktivliyə müsbət təsir göstərəcək.

“Report” mövzunu kapital bazarı üzrə ekspertlərlə müzakirə edib.

Onlardan biri Cəfər İbrahimli deyir ki, AMB-nin notlarının investor bazasının genişləndirilməsi qiymətli kağızlar bazarı üçün mühüm yenilikdir, bu addım bazarın böyüməsinə ciddi təkan verəcək:

“Bundan sonra şirkətlər cari hesablarındakı vəsaitləri qısa müddətə AMB-nin notlarına yatıra biləcəklər. Onlara 28 günlük və 3 aylıq qiymətli kağızlara investisiya qoymaq, faiz gəlirləri əldə etmək imkanı yaradılıb. Notlar ölkənin ən likvid kağızlarıdır. İstənilən an qiymətli kağızı satıb pulu geri almaq mümkündür. Şirkətlər bu işə başlamaq üçün ilk öncə Azərbaycandakı investisiya şirkətlərinin biri ilə müqavilə bağlamalıdır. Müqavilə bağlanılan gün ərzində hesablar aktivləşdirilir, Milli Depozit Mərkəzində hesablar açılır və investorlar istədikləri zaman AMB-nin not hərraclarına qatıla bilərlər”.

Kapital bazarı üzrə digər ekspert Pərvanə Qasımova da hesab edir ki, AMB-nin qərarı özəl şirkətlərə və bazara böyük imkanlar qazandıracaq:

“Ümumiyyətlə, ilk növbədə notların mahiyyətinə aydınlıq gətirmək doğru olardı. Onlar pul siyasətinin tənzimlənməsi üçün istifadə olunan qısamüddətli qiymətli kağızlardır. Bu günə qədər hərraclarda yalnız banklar iştirak edə bilirdisə, dəyişiklikdən sonra not hərraclarında həm də qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də iştirak edə biləcəklər. Notlar qısamüddətli aktiv olduğu üçün bu özəl şirkətlərin hesablarında olan vəsaitlərin qısamüddətli olaraq yerləşdirilməsi və gəlir əldə edilməsi üçün böyük fürsətə çevriləcək. Bundan başqa, nəzərə almaq lazımdır ki, qərar həm də bazarda aktivliyi artıracaq. Bu isə şirkətlərin kapital bazarının bütün imkanları ilə tanış olması ilə baş verəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir