İqtisadiyyat

Postpandemiya dövründə yeni dünya nizamı: Azərbaycan iqtisadiyyatı üçün hansı imkanlar açılır? – FOTO

Sharing is caring!

Pandemiyanın və Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün təsirlərindən hələ də özünə gəlməyən dünya iqtisadiyyatı Ukraynada davam edən müharibənin pandemiyadan sonrakı bərpa perspektivlərini qaraltması səbəbilə zülmətli və qeyri-müəyyən mənzərə ilə üz-üzə qalıb.

Bu dövr Azərbaycan üçün də asan olmayıb: COVID-19 pandemiyası, 2020-ci ildəki 44 günlük Vətən müharibəsi, geosiyasi gərginliklər, qlobal iqtisadiyyatda baş verən neqativ proseslər və nəhayət, Türkiyədə baş vermiş zəlzələ ölkənin sosial-iqtisadi inkişafına birbaşa və ya dolayısı ilə təsir etməkdə davam edir. Yüksək inflyasiya, pul-kredit siyasətinin sərtləşdirilməsi və Azərbaycanın ticarət tərəfdaşları da daxil olmaqla, bir çox ölkələrdə mal və xidmətlərin qiymətlərinin artması, enerji resursları və xammalın qiymətlərindəki tərəddüdlər, istehsalat və təchizat zəncirinin pozulması qlobal iqtisadiyyatın bir parçası olan bizim iqtisadiyyata da təsir etməyə bilməzdi.

Ölkənin mal ixracındakı ən böyük pay neft-qaz sektoruna məxsusdur. Bu sektorun ümumi ixracdakı payı 1999-cu ildəki 68,8%-dən 2019-cu ildə 89,5%-ə yüksəlib. Qeyri-enerji ixracının (əsasən, pomidor, meyvə, qoz-fındıq, pambıq kimi kənd təsərrüfatı məhsulları və qeyri-monetar qızıl) dəyəri 1999-2019-cu illər aralığında artsa da, onların ümumi ixracda payı 31,2%-dən 10,5%-ə düşüb və bu dövrdə Azərbaycanın ÜDM-nin orta hesabla cəmi 3%-ni təşkil edib. Azərbaycanda 2026-cı ilə qədər olan dövrü əhatə edən yeni milli ixrac strategiyasına əsasən, ixrac potensialı olan 100-dən çox məhsul müəyyən edilib. Onların yeni və mövcud bazarlara çıxarılması üçün müvafiq işlər aparılacaq. 2022-ci ildə qeyri-neft ixracı Azərbaycan tarixində ilk dəfə olaraq 12,3% artaraq 3 milyard ABŞ dollarını keçib, bu il isə onun 3,4-3,5 milyard ABŞ dollarına çatacağı gözlənilir. Eyni zamanda, ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 55,4% artaraq 52,69 milyard ABŞ dolları təşkil edib.

Qeyd etmək lazımdır ki, ölkə qeyri-neft sektorunda turizm, nəqliyyat, kompüter və informasiya xidmətlərinin ixracını artırıb, lakin turizm xidmətlərinə xüsusilə ağır zərbə vuran COVID-19 pandemiyasının təsiri hələ də davam edir, sektora mənfi təsir göstərir. Məlum olduğu kimi, turizm ən həssas sektorlardan biridir. Bundan əlavə, pandemiyanın vurduğu zərbədən hələ özünə tam gəlməmiş sahəyə davam edən Rusiya-Ukrayna müharibəsi, İrandakı gərginlik və onun regiona təsiri də nəticəsiz ötüşmür.

Əgər pandemiyadan əvvəl, yəni 2019-cu ildə Azərbaycana üç milyondan çox turist gəlirdisə, 2020-ci ildə bu axın dörd-beş dəfə azalıb. Ən azı eyni göstəriciyə çatmaq üçün turizm sektorunun qarşısında ciddi vəzifə durur, lakin bunun üçün COVID-19-a yoluxmaların sayı minimuma endirilməli, aviareyslərin sayı artırılmalı və təbii ki, sərnişin daşınması üçün məhdudiyyətlərin aradan qaldırılması və sərhədlərin açılması vacibdir.

Türkiyədə baş vermiş dağıdıcı zəlzələyə gəlincə, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğundan onun iqtisadiyyatında baş verən hər hansı ciddi sarsıntı bizə də təsir edir. Eyni zamanda, əsas əmtəə qrupları üzrə tədarükdə ciddi dəyişiklik gözlənilmir. Qarşılıqlı turist axını ilə bağlı proqnozlar korreksiyaya məruz qala bilər ki, bu da daha çox psixoloji faktorla bağlıdır və müvəqqəti xarakter daşıyacaq.

Dünya iqtisadiyyatına təsir neftin qiymətinin artması ilə yanaşı, sement və betonun qiymətinin də artması ilə yadda qalıb. Zəlzələ qlobal logistika şirkətləri üçün daşımalara da təsir edib.

Qaz və “yaşıl” iqtisadiyyat perspektivləri

Dünya Bankının proqnozlarına görə, Azərbaycanın neft sektoru 2050-ci ildə Azərbaycanın ümumi ÜDM-nin cəmi 10%-ni təşkil edəcək. Halbuki 2020-ci ildə bu göstərici 29,5% olub.

Neft sektorunda hasilatın xeyli azalacağı, eyni zamanda yataqların istismar müddəti başa çatdıqca mövcud yataqlardan neft çıxarılmasının azalacağı gözlənilir və bunu kompensasiya etmək üçün yeni hasilata investisiya tələb olunacaq. 2019-cu ildə “Rystad Energy” hesablayıb ki, Xəzər dənizinin Azərbaycana aid hissəsində planlaşdırılan kəşfiyyat layihələri növbəti 10 il ərzində Azərbaycanın çıxarıla bilən ehtiyatlarını 4,4 milyard barel artıra bilər. Amma COVID-19 pandemiyası mövcud layihələrdə gecikmələrə, eləcə də neft investisiyalarının kəskin azalmasına səbəb olub ki, bu da gözləntiyə mənfi təsir göstərə bilər.

Mövcud quyulardakı təbii azalmanı əvəz etmək üçün bütün dünyada yeni neft layihələrinə sərmayə ehtiyacı davam etdiyi dövrdə istənilən gələcək həll yolu neftin qiymətinin enəcəyi fərziyyələrini və uzunmüddətli perspektivdə neftə tələbatın tədricən azalmasını özündə ehtiva edəcək.

Məlum olduğu kimi, Azərbaycanda enerji istehlakı digər ölkələrə nisbətən daha çox qalıq yanacaqlardan asılıdır. Azərbaycanda daxili enerji istehlakının 97,5%-ni qalıq yanacaqlar təşkil edir ki, bunun da təxminən üçdə ikisi təbii qaz, üçdə biri neftin payına düşür. Əvəzində bərpa olunan enerji mənbələrinin payı isə cəmi 2,5% təşkil edir.

Qazaxıstan, Türkmənistan və Özbəkistan da qalıq yanacaqlardan asılıdır, hərçənd ki, kömür Qazaxıstanda daxili enerji istehlakının böyük hissəsini təşkil edir. Rusiya və xüsusən də Ukraynanın ümumi enerji istehlakında qalıq yanacaqların payı daha azdır, bunun səbəbi də qismən bərpa olunan enerji mənbələrinin payının yüksək olması, həmçinin atom enerjisinin ümumi enerji istehlakında böyük paya sahib olmasıdır. Avropa İttifaqında enerji istehlakının təxminən dörddə üçünü qalıq yanacaqlar təşkil edir, bərpa olunan mənbələr 15%, atom enerjisi isə 11% təşkil edir.

Bu arada, neft-qaz sektoru Azərbaycan iqtisadiyyatının mühüm hissəsi olaraq qalacaq, ona görə də qlobal enerji bazarlarındakı dəyişkənliklərin xərclərin qeyri-sabitliyi və ya həddindən artıq “qızışma” zamanı qiymətlərin artması yolu ilə ölkə iqtisadiyyatına ötürülməməsi vacibdir. Başqa sözlə, Azərbaycan keçmiş iqtisadi artım üçün xarakterik olan tsikllərdən qaçmalı olacaq.

Hərçənd qlobal qeyri-sabitlik başqa reallığı da təsdiqləyib – iqtisadi böhran qaçılmazdır və bəzən hətta ölkə üçün xeyirli hesab edilir. Belə ki, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Azərbaycana Avropa ölkələrindən qaz nəqlini artırmaq və ya başlamaq üçün 10-dan çox müraciət daxil olub. Bu gün Azərbaycanın bu tələbləri qarşılamaq üçün kifayət qədər qaz həcmi yoxdur, lakin kommersiya danışıqlarına artıq indidən başlamaq lazımdır, o cümlədən də Azərbaycan qazını artıq alan ölkələrlə.

Hazırda Azərbaycan hasil edilən təbii qazın təxminən yarısını, əsasən, elektrik enerjisi istehsalı və daha az səviyyədə istilik sistemi üçün istehlak edir, qazın qalan hissəsi isə ixrac olunur. Bu ixrac səviyyəsi digər əsas təbii qaz istehsalçıları ilə müqayisədə nisbətən aşağıdır. Amma daxili istehlakın azaldılması ixrac üçün mövcud təbii qazın həcmini artıra bilər, eyni zamanda ya enerji səmərəliliyi siyasəti ilə, ya da elektrik enerjisi istehsalında təbii qazın bərpa olunan mənbələrlə əvəzlənməsi ilə əlavə həcmlər əldə edilə bilər. Azərbaycanda hasilatın ehtiyatlara nisbəti hasilatın artırılması üçün imkanların olduğunu göstərir.

Trans-Adriatik Boru Kəmərinin (TAP) istifadəyə verilməsindən indiyədək Azərbaycandan Avropaya, daha dəqiqi, Yunanıstan, Bolqarıstan və İtaliyaya ümumilikdə 21 milyard kubmetrdən çox təbii qaz tədarük edilib. Hazırda TAP-ın gücünü iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmaq üzrə işlər aparılır ki, bu da Avropanın enerji təhlükəsizliyinə əlavə töhfə verəcək.

Azərbaycan həmçinin dünyanın ən böyük dövlətlərinin qoşulduğu “yaşıl” enerji yarışına da fəal şəkildə hazırlaşır. Məsələn, Çin bu gün Günəş sənayesinin dünya bazarında (təkcə generasiya güclərinin yaradılmasında deyil, həm də Günəş elektrik stansiyaları üçün komponentlərin istehsalında və s.) şəksiz liderdir. Aİ, Hindistan və ABŞ də bu sahədə lider olmağa çalışırlar. Avropa hesab edir ki, bərpa olunan enerji mənbələrindən, xüsusən də Günəşdən istifadənin artırılması ona enerji təhlükəsizliyini artırmağa imkan verəcək.

Azərbaycanda beynəlxalq enerji şirkətləri ilə birlikdə bərpa olunan enerjinin istehsalı, eləcə də ixracı üçün genişmiqyaslı güclərin yaradılmasına başlanılır.

Ötən il iki böyük elektrik stansiyasının tikintisinə başlanılıb: “Masdar” (BƏƏ) şirkəti ilə birlikdə Qaradağ Günəş stansiyasının (230 MVt) və “ACWA Power” (Səudiyyə Ərəbistanı) şirkəti ilə birlikdə Xızı-Abşeron külək elektrik stansiyasının (240 MVt).

Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmağı, 2050-ci ilə qədər isə ölkədə istixana qazı emissiyalarını 40%-ə qədər azaltmağı planlaşdırır.

Üstəlik, Azərbaycan bərpa olunan enerji mənbələrini öz enerji təhlükəsizliyini təmin etmək üçün deyil, bu sahənin çox böyük potensiala malik olmasına görə inkişaf etdirir. Bundan əlavə, bu, ölkəyə ixracın şaxələndirilməsində və iqtisadiyyatın yeni ekoloji təmiz sektorunun yaradılmasında kömək edəcək.

Qısa müddətdə “Masdar” ilə imzalanan müqavilə 2027-ci ilə qədər 4 GVt külək və Günəş enerjisi, 2037-ci ilə qədər isə daha 6 GVt enerji istehsalına imkan verəcək. Ortamüddətli perspektivdə bu həcm 10 GVt-a çatdırılacaq. Azərbaycan Avstraliyanın “Fortescue Future Industries” şirkəti ilə birlikdə bərpa olunan enerji sahəsində daha 12 GVt istehsal gücü yaratmağı planlaşdırır.

Bu işlərin nəticəsidir ki, Azərbaycan “yaşıl” enerji ölkəsinə çevrilməklə paralel olaraq bərpa olunan enerji və hidrogen ixracında Aİ üçün mühüm və etibarlı tərəfdaşa çevrilməyə ümid edir. Bununla əlaqədar Azərbaycan Gürcüstandan Rumıniyaya 4 GVt gücündə sualtı kabel xəttinin çəkilməsi layihəsində iştirak etməyi planlaşdırır.

Azərbaycan nəqliyyat-logistika mərkəzinə çevrilib

Dünya okeanına çıxışı olmayan Azərbaycan artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib. Üstəlik, dünyada baş verən hadisələr fonunda ölkənin tranzit rolu daha da artıb.

Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq, əvvəllər Şimal dəhlizi ilə daşınan yüklər artıq Orta Dəhlizə (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TITR) yönləndirilib. Gələcəkdə Şimal dəhlizində vəziyyət yaxşılaşsa belə, yüklərin bir hissəsi Orta Dəhlizlə daşınmaqda davam edəcək, çünki beynəlxalq şirkətlər Orta Dəhlizi daha etibarlı və təhlükəsiz hesab edir.

Rusiya-Ukrayna münaqişəsinədək dəmiryolu daşımalarında azalma müşahidə olunurdusa, ötən il dövriyyə artıb. Belə ki, 2022-ci ildə 38 692 vaqonla yük daşınıb ki, bu da 2021-ci ildəki göstərici ilə müqayisədə 27,2% çoxdur.

Bununla belə, Orta Dəhliz üzrə yükdaşımaları sürətləndirmək üçün bir sıra istiqamətlərdə, əsasən də Qazaxıstan və Gürcüstanda mövcud infrastruktur məhdudiyyətlərini aradan qaldırmaq lazımdır.

Hazırda Orta Dəhlizin müxtəlif seqmentlərində ötürücülük qabiliyyəti aşağı olan hissələr mövcuddur. Qazaxıstan Orta Dəhlizin fəal ölkələrindən biridir. Ötən il Qazaxıstanın bu marşrutla daşıdığı yüklərin həcmi 2021-ci illə müqayisədə 2,5 dəfə artaraq 1,5 milyon tona çatıb. Qazaxıstan artıq Almatı istiqamətində üçüncü sərhəd-keçid məntəqəsinin tikintisini həyata keçirsə də, Qazaxıstanın liman infrastrukturu böyük həcmdə yük daşımaq iqtidarında deyil və onun genişləndirilməsinə ehtiyac var. Qazaxıstan, əsasən, neft, kömür və uranın daşınmasında maraqlı olsa da, Çinin “Bir kəmər, bir yol” konsepsiyası konteyner daşımalarının artırılmasına yönəlib. Bu kontekstdə Aktau və Kurık limanlarının infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlərin aparılması zəruridir.

Gürcüstan da Orta Dəhlizdə ən mühüm ölkələrdən biridir, lakin bəzən Azərbaycandan göndərilən mallar Gürcüstan limanında gecikir. Gürcüstan üçün hazırkı prioritet Qara dənizin şərq sahilində Anakliya dərin dəniz limanının tikintisidir. Liman 100 milyon tona qədər yük və bir milyon konteyner qəbul edə biləcək. Bu limana “Panamax” tipli gəmilər yan alacaq. Gürcüstan həmçinin Şərq-Qərb dəhlizi boyunca avtomobil və dəmir yollarının modernləşdirilməsinin 2024-cü ildə başa çatdırılmasını gözləyir.

Türkiyə dəmiryollarının genişləndirilməsi layihəsinin həyata keçiriləcəyini açıqlayıb. 30 il ərzində ölkənin infrastrukturuna 190 milyard ABŞ dolları sərmayə qoyulacağı gözlənilir. Bu sərmayənin 63%-i hər il dəmiryoluna yatırılacaq, çünki bu ölkənin ötürücülük qabiliyyəti daşıma potensialından dəfələrlə aşağıdır.

Azərbaycana gəlincə, bu ilin sonu – gələn ilin əvvəli Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ikinci mərhələsinin tikintisinə başlanacaq.

Bakı limanının inkişafının ikinci mərhələsi çərçivəsində dünyanın ən inkişaf etmiş limanlarında mövcud olan intermodal və multimodal terminalın tikintisi həyata keçiriləcək ki, bu da regiona daha çox yük cəlb edilməsinə şərait yaradacaq. Bu, Orta Dəhlizə daxil olan yüklər üçün sürətli logistik həllər tapmağa imkan verəcək.

2022-ci ildə Bakı limanı vasitəsilə 6 milyon 314 min ton yük daşınıb ki, bu da illik müqayisədə 13,6% çoxdur. Orta Dəhlizin cəlbediciliyini artırmaq məqsədilə Bakı limanının ötürücülük qabiliyyətinin 25 milyon tona çatdırılması nəzərdə tutulur.

Bundan başqa, tarif siyasətində də dəyişikliklər edilir: martın 1-dən Bakı-Türkmənbaşı marşrutu üzrə hər iki istiqamətdə avtomobil daşımalarının tarifləri endirilib, fevralın əvvəlindən isə bu istiqamətdə minik avtomobillərinin daşınması endirimli tariflərlə həyata keçirilir. TITR çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında daşıma prosesini sadələşdirəcək və bununla da dəhlizin əhəmiyyətini artıracaq birgə müəssisənin yaradılması planlaşdırılır.

Yeni birgə müəssisə həmçinin intermodal nəqliyyat və logistika xidmətləri göstərəcək, transsərhəd qiymətləri razılaşdıracaq, Çindən Türkiyəyə və Qara dəniz limanlarına yükdaşımaların tam avtomatlaşdırılması üçün vahid İT platformanın tətbiqini həyata keçirəcək.

Beləliklə, qeyd olunanları nəzərə alaraq, enerji resurslarının təchizatçısı olan Azərbaycan bərpa olunan enerji mənbələrinin də həm təchizatçısı, həm tranzit ölkə kimi öz nüfuzunu artırmağa davam edəcək.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir