İqtisadiyyat

Növbəti aydan əhalinin banklardakı depozit faizlərindən vergi tutula bilər – Yaranacaq FƏSADLAR + FOTO

Sharing is caring!

Azərbaycanda yerli bankların və xarici bankların buradakı filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədikləri illik faiz gəlirləri növbəti aydan vergiyə cəlb edilə bilər. Daha sadə dillə desək, əhalinin banklardakı depozit gəlirindən vergi tutulması ehtimalı var. Belə ki, sözügedən gəlirlər 2016-cı il fevralın 1-dən yeddi il müddətinə vergidən azad edilib. Artıq həmin müddət başa çatmaq üzrədir və Vergi Məcəlləsinə edilmiş dəyişikliyin müddətinin artırılması ilə bağlı heç bir xəbər yoxdur. 

Maraqlıdır, əhalinin banklardakı depozit gəlirlərindən gələn aydan etibarən vergi tutularsa, bu hansı fəsadlara yol aça bilər? Banklara depozit qoyuluşunun azalması gözlənilirmi? 

Mövzu barədə Oxu.Az-a danışan iqtisadçı-ekspert Eyyub Kərimli ilk olaraq banklardakı əmanətlərin həcmindən söz açıb:

“Ötən ilin göstəricilərinə əsasən, banklarda əhaliyə məxsus 11 milyard 225 milyon manat əmanət var. 2021-ci illə müqayisədə 27 faiz artım qeydə alınıb. Bu da onu göstərirdi ki, əhalidə depozit saxlamağa maraq artıb, insanlarımızın maddi rifahı yüksəlir və banklara əlavə depozit qoyurlar. İndiyədək bizdə depozitlər maksimum 12 faizlə qəbul edilirdi, bu da özlüyündə insanlarda müəyyən maraq yaradırdı.

Mövcud vəziyyətdən yola çıxaraq hesab edirəm ki, bunun vergiyə cəlb edilməsi beynəlxalq qaydalara uyğun olsa da, hazırda Azərbaycanda bank sisteminin inkişafına mənfi təsir göstərə bilər. Həmçinin əhalinin banklarda əmanətlərin saxlanmasına marağı azalacaq, bu da banklara əlavə vəsait cəlb edilməsinə çətinlik yaradacaq ki, həmin proses də kreditlərin bahalaşmasına təsir edə bilər. Çünki banklar hansısa formada bir qrup insanlardan əmanət qəbul edərək onu sonradan kredit formasında digər qrupa təqdim edir”.

Ekspert hesab edir ki, problemin aradan qaldırılması üçün banklar müştərilərinin həmin vergi ödənişlərini üzərlərinə götürməlidirlər:

“Belə olarsa, müştərini itirmə riski olmaz. Düzdür, bu, hansısa formada bankların gəlirlərinin azalmasına təsir edəcək, lakin ümumi formada onların daha çox müştəri əldə etməsinə, müştərilərin sabit formada saxlanılmasına, nəhayət, bankların imkanlarının daha da genişləndirilməsinə imkan yaradacaq”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir