İqtisadiyyat

“Uoll Strit canavarları” üçün fürsətə azərbaycanlı iqtisadçıdan reaksiya: “2023-lə bağlı mövqe obyektiv deyil”

Sharing is caring!

“Dünya iqtisadiyyatını qlobal miqyasda dərin və uzun sürən tənəzzül gözləyir”.

Bunu 2008-ci ilin maliyyə böhranını proqnozlaşdıran məşhur amerikalı iqtisadçı Nuriel Rubini açıqlayıb.

Onun sözlərinə görə, siyasətçilərin, Uoll Strit ekspertlərinin iqtisadi böhranın qısa və dayaz olacağı ilə bağlı ümumi qəbul edən nəzərləri yanlışdır. Ekspert qlobal borcun böhranı daha da pisləşdirəcəyini əlavə edib.

Bəs görəsən, Azərbaycan bu böhrandan yan keçə biləcəkmi? 2023-cü ildən gözləntilər nələrdir? Böhrandan qaçmaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Emin Qəriblinin sözlərinə görə, qeyri-stabil bir dövrdə nəyisə proqnozlaşdırmaq düzgün deyil:

“2008-ci ildən sonra dünya iqtisadiyyatında hadisələr kəskindir. Bugünkü qeyri-sabit bir dövrdə nəyisə proqnozlaşdırmaq düzgün deyil.

Hazırda müəyyən səngimələr müşahidə olunur. İqtisadi problemlərlə paralel geosiyasi vəziyyət də çətinləşib. Həm qida, həm də yanacaq məhsullarının qiymətlərində müəyyən artım var. Pandemiyanın başlamasından az qala üç il keçməsinə baxmayaraq, dünya iqtisadiyyatı hələ də pandemiyadan öncəki vəziyyətini bərpa edə bilməyib. Bu bir siqnaldır. Dünya iqtisadiyyatı ağır dövrünü yaşayır”. 

E.Qəribli də ölkələrin borclanmalarının sonunun böhranla bitə biləcəyini söyləyib:

“Borc problemi 1990-cı illərdən mövcuddur. Ölkələr bir-birinə borclanırdılar. Borclanma bir qovuqdur, nə vaxtsa partlayacaq. Borclanmanı ötən əsrin 30-cu illərində olan “Böyük depressiya” ilə müqayisə edirlər. Yəni o, böyük depressiyaya səbəb ola bilər ki, nəhayətdə tənəzzül qaçılmaz olar.

Əvvəllər inkişaf etmiş ölkələrdə böhran olurdusa, inkişafda olan ölkələrdə problem yaranırdı. İndi isə tam əksi müşahidə edilir. Ayrı-ayrı ölkələr böhran dövründə mövqelərini artırırlar. Biz nikbin ruha köklənməliyik. Bu gün geosiyasi vəziyyət bizim xeyrimizə işləyir.

Neftin qiyməti azala da, arta da bilər. Bu normal bir haldır. Böhran olsa, təkbaşına daxildə ona qarşı heç bir tədbir görmək mümkün deyil. Biz qlobal iqtisadiyyatın tərkib hissəsiyik. Bizim iqtisadiyyatımız elə iri deyil ki, ona qarşı qlobal proseslərə müqavimət göstərsin. Amma birgə regional güclə qarşısını almaq olar. İqtisadi böhran bir tərəfdən də yeni imkanlar deməkdir”.

Ekspert qeyd edib ki, bugünkü proseslər bizim iqtisadi marağımıza uyğundur:

“Bu, müsbət haldır. İnanıram ki, bundan sonra həm Azərbaycanda, həm də dünyada iqtisadiyyat daha aktiv inkişaf edəcək. Dünya iqtisadiyyatında problemlər mövcuddur, hər zaman da yeniləri gözlənilir. Onun sərt, zəif və həssas tərəfləri var. Biz onu görürük. Bu o demək deyil ki, gələn ildən bu problem yaranacaq. Bu, obyektiv mövqe deyil”.

İqtisadçı 2008-ci ildə xüsusən daşınmaz əmlakda kəskin qiymət artımının müşahidə olunduğunu bildirib:

“Öz növbəsində digər sahələrə də sıçrayıb, təsir edirdi. O dövrdəki böhranla hazırda proqnozlaşdırılan böhranın səbəbləri tam fərqlidir. 2008-ci ildə böhrana səbəb ipoteka bazarı idi. İndi isə pandemiyadan sonra zəifləmə baş verdi. 

İnflyasiya da bizdə yaranmır ki, qarşısını alaq. O, qıraqdan gəlir, daxili deyil. Problem tarixən mövcud olub, qlobaldır. Təkbaşına həll etmək çətindir. 

Qlobal iqtisadiyyat heç də stabil deyil. Nizam dəyişib. Əvvəl bir mərkəzdən idarə olunurdusa, burada məsləhətlər verilirdisə, indi elə deyil. Bu gün dünya iqtisadiyyatına təsir edəcək təşkilat yoxdur. Yeni qurumların yaranmasına ehtiyac var. Bir nizamdan digərinə keçirik. Necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir