İqtisadiyyat

Büdcədəki 3,8 milyard manatlıq artım nəyin hesabına yaranıb və necə xərclənəcək? – AÇIQLAMA + FOTO

Sharing is caring!

Maliyyə Nazirliyinin məlumatına əsasən, 2022-ci ilin birinci yarısında icmal büdcəsində 3,8 milyard manat artıqlıq (profisit) yaranıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 milyard manat (1 230,2 milyon) və ya 47,7 faiz çoxdur. 

Ümumilikdə cari ilin ilk altı ayında Azərbaycanda icmal büdcənin gəlirləri 18,1 milyard manat (18 149,7 milyon) təşkil edib. Mövcud göstərici isə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 milyard manat və ya 18,4 faiz artım deməkdir.

Maraqlıdır, büdcədə 3,8 milyardlıq profisitin yaranmasında rol oynayan əsas faktorlar nələrdir, həmçinin bu əlavə gəlir hansı istiqamətə xərclənməlidir?

Dövlət Məşğulluq Agentliyində Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri, iqtisadçı-ekspert Elman Sadıqov Oxu.Az-a açıqlamasında ilk olaraq bu artıqlığın yaranma səbəblərindən söz açıb. Mütəxəssis il sonunadək profisitin həcminin arta biləcəyini də vurğulayıb:

“İl sonuna iki aya yaxın vaxt var və iki ay ərzində neft və qaz qiymətlərinin hansı istiqamətdə dəyişəcəyi hələlik tam bəlli deyil. Amma burada ciddi bir çöküşün olacağı gözlənilmir. Əksinə, qiymətlərdə kiçik artım da ola bilər. Bütün hallarda Azərbaycan büdcəsinin mövcud vəziyyəti çox qənaətbəxşdir.

Keçən il büdcə formalaşdırılarkən 3,1 milyard manat büdcə kəsiri (defisit) planlaşdırılmışdı. Çünki Rusiya-Ukrayna müharibəsi başlamamışdı, neft və qaz qiymətlərinin bu qədər qalxacağı proqnozlaşdırılmamışdı. Ona görə də büdcədə daha konservativ yanaşma tətbiq olunmuşdu, neftin qiyməti 50 dollar civarında nəzərdə tutulmuşdu. Lakin sonradan iyun ayında büdcəyə yenidən baxıldı və büdcədə neftin orta qiyməti 85 dollaradək artırıldı. Bu gün Azərbaycan büdcəsində defisitlə proqnozlaşdırılan büdcənin bu qədər profisitlə çıxmasının əsas səbəbi neft və qaz qiymətlərinin qalxmasıdır. Çünki ixracımızda onların payı 92 faizin üzərindədir. 2022-ci ilin birinci yarısında neftin ortalama gündəlik qiyməti 110 dollar ətrafında oldu, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 68 faiz çoxdur”. 

İqtisadçı qeyd edib ki, əsas ixrac məhsulumuzun qiyməti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 68 faiz artırsa, gəlirlərin proqnozlaşdırılandan çox olması normaldır:

“Qazın qiymətinin də bu səviyyədə artacağını heç kim proqnozlaşdırmırdı. Qiymətlər fantastik həddə – 1000 kubmetr üçün iki min dollara qədər bahalaşdı. Azərbaycanın qaz istehsalını və ixracını artırması, belə kəskin bahalaşma ciddi şəkildə Azərbaycanın gəlirlərinin artmasına səbəb oldu. Maraqlı bir məqam isə odur ki, neftin istehsalında müəyyən qədər azalma var. Bu azalma isə qazın istehsalındakı artımla kompensasiya olundu. Nəticədə büdcədə profisit yarandı”. 

Ekspert neft-qaz ixracından əldə olunan gəlirlərin səmərəli xərclənmə mexanizmini də diqqətə çatdırıb:

“Bu gün bizim neft və qazdan qazandığımız vəsaitlər qeyri-neft sektoruna yönəldilməlidir. Bu, çox vacib məsələdir. Belə bir addımın atılması o demək olar ki, gələcəkdə ixracımızın 92 faizinin neft və qaz məhsullarından ibarət olmamasına hazırlaşılır. Əgər qeyri-neft sektoru inkişaf etdirilərsə, neft və qaz ixracımız 60-70 faizə düşsə, neft-qaz gəlirlərimiz azalsa belə, ümumi gəlirlərimizi sabit saxlamağı bacararıq. Əgər inkişafına diqqət ayrılmasa, belə çıxır ki, neft-qaz ixracımız azalanda ümumi ixracımız və gəlirimiz azalacaq? Bunu önləmək, neft-qaz ixracı azalanda o boşluğu doldurmaq üçün qeyri-neft ixracımız müəyyən paya sahib olmalıdır. Məsələn, əgər bu gün büdcəyə ixracdan illik 25 milyard dollar vəsait daxil ediriksə, gələcəkdə neft-qaz qiymətləri düşdükdə, ixracı azaldıqda, bu məbləğ 20 milyard manatda qərarlaşmamalıdır, heç olmasa, 22-23 milyard manat olmalı və sonradan qeyri-neft sektoru hesabına əvvəlki həddə çatmalıdır. Yəni neft-qazın payı 70 faizə düşəndə 30 faizi də qeyri-neft sektoru kompensasiya etməlidir”. 

Həmsöhbətimiz vurğulayıb ki, bütün bunları təşkil etmək üçün neft-qazdan gələn bugünkü gəlirlər qeyri-neft sektoruna xərclənməlidir:

“Ələt Azad İqtisadi Zonasından tutmuş sənaye məhəllələrinə kimi bütün sahələrdə səmərəlilik artırılmalıdır. Neft-qaz sektorunun bugünkü gəlirləri gələcəkdə qeyri-neft sektorundan artan gəlirləri təmin etməyə xidmət etməlidir. Müəyyən layihələrin icrasına, kiçik və orta sahibkarlığın inkişafına, İT, rəqəmsal inkişaf sahəsinə təlimlərə, o cümlədən xidmət sektorunun inkişafına, turizm sahəsində ölkənin tanıdılmasına vəsait xərclənməlidir. Ən əsas məsələ isə insan kapitalının formalaşdırılmasıdır. Bir sözlə, vəsait xərclənməli olan çox sahə var”.

Sayad Həsənli 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir