İqtisadiyyat

FED-in uçot dərəcəsini artırmasının FƏSADLARI: “Manatın effektiv məzənnəsi ucuzlaşır, hökumətin xərci artır”

Sharing is caring!

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) ötən gün baş tutan iclasda növbəti dəfə uçot dərəcəsini artırıb. Son 15 ilin ən yüksək səviyyəsinə çatdırılan faiz dərəcəsi 0,75 bənd artırılaraq 3,75-4 faiz aralığında qərarlaşdırılıb. Bu dəyişiklikdən dərhal sonra isə dolların qiymətində ucuzlaşma baş verib. Halbuki FED-in cari il ərzində uçot dərəcəsini altıncı dəfə artırması da məhz ABŞ-də səkkiz faizdən yuxarı olan inflyasiyanı önləməyə və dolların dəyərini qoruyub-saxlamağa xidmət edir.

İqtisadiyyatdakı mövcud durumu Oxu.Az-a şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ilk olaraq qeyd edib ki, FED-in bu qərarı dollar məkanında inflyasiyaya qarşı mübarizə tədbiri kimi nəzərdə tutulub:

“Digər tərəfdən, artıq ABŞ-nin maliyyə siyasətində müəyyən dönüşlər var. Bu dönüşlərin tələbinə uyğun olaraq FED mütəmadi qaydada dolların kursunun faiz dərəcəsini yüksəltməyi hədəfləyir. Ona görə də hesab edirəm ki, epizodik olaraq dolların ucuzlaşması baş verə bilər. Amma gələcəkdə bütün məkanlarda – həm ABŞ-də, həm də dolların nüfuz dairəsinə daxil olan ölkələrdə dolların bahalaşması prosesi gedəcək. Yəni bütün ölkələrin valyutaları az və çox miqdarda dollar qarşısında dəyər itirəcək”.

Ekspert bildirib ki, mövcud durum Azərbaycan valyutasının da məzənnəsinə təsir göstərəcək:

“Biz manatın real olaraq bahalaşmasını müşahidə etməyəcəyik. Amma məsələ burasındadır ki, manatın saxlanması üçün Dövlət Neft Fondu hər ay hərraca dollar çıxarır, dolların qiyməti artdıqca həmin bazara atılan dollar porsiyasının miqdarı da çoxalacaq. Məsələn, ötən ay xeyli artım müşahidə olunub, manatın sabitliyini qorumaq üçün təxminən 10 milyona yaxın vəsait hərraca çıxarılıb. Dövlət Neft Fondu sentyabr ayında hərraca 463 milyon dollar çıxarıb. Bu ay, yəqin ki, məbləğ 500 milyondan çox olacaq. Gələn ay isə dolların iqtisadiyyata təsirinə adekvat olaraq bir qədər də artırılacaq”.

İqtisadçının sözlərinə görə, hansı ölkədə ki valyuta bazarda üzən məzənnə ilə dəyər qazanır, orada inflyasiya müşahidə edəcəyik. Manat kimi valyutası dövlətin müdaxiləsi ilə tənzimlənib ayaqda saxlanılan ölkələrdə isə dövlətin xərci artacaq:

“Yəni Azərbaycan manatına dolların təsiri real olaraq ondan ibarət olacaq ki, Azərbaycan hökumətinin manatı ayaqda saxlamaq istiqamətində xərcləri artacaq. Uçot dərəcəsinin artması effektiv məzənnəyə təsir edəcək. Belə ki, manatın effektiv məzənnəsi dollar qarşısında düşəcək. Amma bu ucuzlaşma Azərbaycanın daxili valyuta bazarında sezilməsin deyə Azərbaycan hökumətinin çəkdiyi xərc çoxalacaq.

Digər valyutalarda isə müəyyən dərəcədə ucuzlaşma olacaq. Azərbaycanda daha çox rubl, avro və türk lirəsi dollar qarşısında dəyər itirəcək, o da ümumi bazar məzənnəsində özünü göstərəcək. Dolların uçot dərəcəsinin artırılması həm də dünya bazarında bahalaşmaya, mal və məhsulların qiymətinin bir qədər artmasına səbəb ola bilər. Onun faiz dərəcəsini isə dəqiq deyə bilmərəm”.

İqtisadçı-ekspert Eyyub Kərimli də diqqətə çatdırıb ki, hazırda FED-in uçot dərəcəsini artırması dolların dəyərdən düşməsini önləməyə xidmət edir:

“Dolların dəyərdən düşməsinə müxtəlif amillər təsir edir. Belə ki, dünyada qlobal resessiya, iqtisadi böhran başlayıb. Yəni iqtisadi geriləmə prosesləri qaçılmazdır. Bunlara isə özlüyündə enerji resurslarının qiymətinin qalxması təsir göstərir. Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya ilə digər OPEC ölkələri arasında neftin qiymətinin artırılmasıyla bağlı saziş imzalandı. Bu da öz növbəsində dolların dəyərinə təsir edir. Çünki artıq dollar ucuzlaşmağa başlayır və investorların ona olan marağı azalır. Ona görə də FED-in uçot dərəcəsini artırmasının inflyasiyanı cilovlamağa müsbət təsiri olacaq və biz yaxın gələcəkdə dolların bahalaşmasını müşahidə edəcəyik. Düşünürəm ki, hazırda gedən proses digər ölkələrin valyutasına da təsir edəcək. Belə ki, artıq Çində yuanın ucuzlaşması baş verir”.

Xatırladaq ki, FED 2018-ci ildən bəri ilk dəfə olaraq 2022-ci ilin mart ayında uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq illik 0,25-0,5 faizə çatdırıb. Mayda dərəcə 0,50 faiz bəndi artırılaraq 0,75-1 faizə, iyunda 0,75 faiz bəndi (son 28 ildə ən kəskin artım) artırılaraq 1,5-1,75 faizə, iyulda daha 0,75 faiz bəndi artırılaraq 2,25-2,5 faizə, sentyabrda isə 0,75 faiz bəndi artırılaraq 3-3,25 faizə çatdırılıb.

Sayad Həsənli 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir