İdman

Milli Paralimpiya Komitəsindən çıxarılmış şəxsə vacib vəzifə həvalə olundu

Sharing is caring!

Milli Paralimpiya Komitəsinin (MPK) sabiq baş katibi Kamal Məmmədov paracüdo üzrə dünya çempionatının Təşkilat Komitəsinə rəhbərlik edəcək.

Oxu.Az-ın xəbərinə görə, 7-9 noyabr tarixlərində Bakıda keçiriləcək paracüdo idman növü üzrə dünya çempionatına hazırlıq işləri davam etdirilir. MPK-nin prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə paracüdo idman növü üzrə dünya çempionatının Təşkilat Komitəsi müəyyən olunub.

Paracüdo üzrə dünya çempionatının Təşkilat Komitəsinə beynəlxalq idman təşkilatı, MPK-nin rəhbər heyəti, Azərbaycan Cüdo Federasiyasının (ACF) nümayəndələri və tanınmış idmançılar daxil edilib.

Beynəlxalq Görmə Məhdudiyyətli şəxslərin İdman Assosiasiyasının cüdo idman komitəsinin Avropa üzrə koordinatoru Elmar Babanlı Təşkilat Komitəsinə üzv təyin edilib.

Eyni zamanda ACF-nın idman direktoru, cüdonun təşkili və inkişafı şöbəsinin müdiri Kamran Talıbov və federasiyanın yarışların təşkili meneceri Ağayar Axundzadə, MPK-nin icraçı direktorunun müavini, idman şöbəsinin müdiri Rauf Mürsəlov, Komitənin beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı, maliyyə və təsərrüfat şöbəsinin müdiri Afər Məhərrəmov, mətbuat katibi Azər Tapdıqov və idman şöbəsinin tibb üzrə aparıcı mütəxəssisi Saday Abdullayev paracüdo üzrə dünya çempionatının keçirilməsi müddətində Təşkilat Komitəsində fəaliyyət göstərəcəklər.

London-2012 Yay Paralimpiya Oyunlarının qalibi, MPK-nin İcraiyyə Komitəsinin üzvü Afaq Sultanova və para-taekvondo idman növü üzrə üçqat dünya çempionu, “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” İctimai Birliyinin sədri Aynur Məmmədova da Təşkilat Komitəsinə üzv təyin edilib.

Dünya çempionatında 40-dan çox ölkənin aparıcı idmançılarının iştirakı gözlənilir və bu yarış Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandıracaq. Yarışdan öncə beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək.

Qeyd edək ki, dünya çempionatının Təşkilat Komitəsinin sədri Kamal Məmmədov əvvəllər MPK-nin baş katibi işləyib. O, aprelin 29-da baş katib vəzifəsinin ləğv olunması ilə işdən çıxarılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir