İdman

Azərbaycan millisinin məşqçisi: “Boksçumuz hakimlərin haqsızlığına məruz qaldı”

Sharing is caring!


Azərbaycan millisinin məşqçisi İlkin Ağayev Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər Kubokunda hakimlərdən narazı qalıb.

Mütəxəssis bu barədə “Report”a açıqlamasında bildirib.

Ağayev böyüklərin mübarizəsində gümüş medal əldə etmiş Aynur Rzayevanın (81 kq) final görüşündə haqsızlığa məruz qaldığını söyləyib:

“O, yarımfinalda Qazaxıstandan olan rəqibinə qalib gəlmişdi. Həlledici döyüşdə isə xorvatiyalı boksçu ilə üz-üzə gəldi. Bu qarşılaşmada qələbəni rəqibə verdilər, amma o, rinqdə döyüşmürdü, ancaq Aynuru tuturdu”.

Baş məşqçi əsas məqsədlərinin İtaliyada olimpiadaya vəsiqə uğrunda turnirdə uğur qazanmaq olduğunu vurğulayıb:

“Komandanı bu yarışa hazırlamaq istəyirik. Qadın boksçular fevralda Türkiyədə təlim-məşq toplanışına qatılacaqlar”.

Mütəxəssis Serbiyada qızıl medal əldə etmiş gənc boksçular Aynur Mikayılova (54 kq) və Emili Rzayevadan (63 kq) razı qaldıqlarını deyib:

“Rzayevanın finalda qalib gəldiyi rusiyalı boksçu dünya ikincisi idi. Təmsilçimiz gənclər arasında yarışın ən yaxşı idmançısı da seçildi. Yığmamızın hər iki üzvü çox gözəl döyüşdü”.

Qeyd edək ki, Azərbaycan Millətlər Kubokunda 7 medal qazanıb.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir