İdman

Ölkəni Qış Paralimpiadasında təmsil edən ilk azərbaycanlı: “Oyundan qayıdanda ulu öndərlə görüşdük” – FOTO

Sharing is caring!


“Ulu öndərimizin dəyərli tövsiyələri həmişə idmançılarımızın qələbə əzmini yüksəldib, onlarda nikbin əhvali-ruhiyyə yaradıb və nəticədə Paralimpiya Oyunlarında qələbələrimizin əsası qoyulub”.

Bunu Oxu.Az-a müsahibəsində Azərbaycanı Qış Paralimpiadasında təmsil edən ilk azərbaycanlı Mehman Ramazanzadə deyib. Onunla müsahibəni təqdim edirik:

Pauerliftinqçi, dağ xizəyi üzrə idmançımız Mehman Ramazanzadə müxtəlif illərdə – 2000, 2008 və 2022-ci illərdə keçirilən paralimpiadalarda ölkəmizi layiqincə təmsil edib.

– Bildiyim qədər, Paralimpiada qış idman növlərindən kross-kantri növünün “sprint” kateqoriyasında çıxış etmişdiniz, elədirmi?

– Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvüyəm. Bəli, Azərbaycan Paralimpiya tarixində ilk dəfə olaraq 2022-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən 13-cü Qış Paralimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edən ilk azərbaycanlı kimi tarixə düşmüşəm. Bundan başqa, pauerliftinq, paravelosiped, kross-kantri növünün “sprint” kateqoriyası idman növləri üzrə peşəkar fəaliyyət göstərirəm.

– Ulu öndər ilə görüşünüzdən ziyadə, ölkə başçısı İlham Əliyevin də 2021-ci ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə təltif etdiyi idmançılardansınız.

– Doğrudur. Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə əməkdaşların təltif edilməsi haqqında sərəncam imzalamışdı. Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif edilən şəxslər arasında öz adımı görmək də məni çox sevindirmişdi. Ölkə başçısının sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif edildim.

– Ulu öndər ilə görüşünüz yarışdan öncə, yoxsa sonra baş tutmuşdu?

– Ümummilli liderin qayğısını hər zaman hiss etmişik. Yadıma gəlir, bizimlə iki dəfə görüşüb, təbrik etmişdi. İlk dəfə 1996-cı ilin avqust ayında Atlantaya yola düşməzdən əvvəl ulu öndər Heydər Əliyev bizi qəbul etdi. Həm həyəcanlı, həm də sevincli bir görüş idi. Ulu öndər bütün idmançılara bir-bir yaxınlaşır, yarışqabağı hər biriylə ayrıca maraqlanırdı. 

Ulu öndərlə növbəti görüşümüz Paralimpiya Oyunlarından qayıdanda oldu. Orada işlətdiyi bir fikir indi də qulaqlarımda səslənir. O dedi ki, Paralimpiya Oyunlarında iştirak özü böyük bir nailiyyətdir, orada iştirak edib yer qazanmaq isə ikiqat nailiyyətdir. Bu fikirlər bir paralimpiyaçının çəkdiyi əziyyətin qiymətləndirilməsinin bariz nümunəsidir. Dahi şəxsiyyətin bu görüşlər zamanı söylədiyi fikirlər indi də öz aktuallığını və əhəmiyyətini itirməyib. Ulu öndərimizin dəyərli tövsiyələri həmişə idmançılarımızın qələbə əzmini yüksəldib, onlarda nikbin əhvali-ruhiyyə yaradıb və nəticədə Paralimpiya Oyunlarında qələbələrimizin əsası qoyulub. 

– İdmançı olaraq sizə nə motivasiya verir?

– Prezident İlham Əliyevin bütün sahələrə olduğu kimi, idman sahəsinə də xüsusi diqqəti və qayğısı sayəsində bu gün Azərbaycan idman ölkəsinə çevrilib. Vətənimizin mütəmadi olaraq dünya və Avropa çempionatlarına, nüfuzlu beynəlxalq turnirlərə, yarışlara ev sahibliyi etməsi həm də bu sahənin inkişafına ciddi təkan verib. Nəticədə istər paytaxtda, istərsə də regionlarımızda idman kütləviləşir, yeniyetmələrimiz idmana cəlb olunurlar. Bu gün digər idman növlərində mübarizə aparan idmançılarımız kimi, paralimpiyaçılarımız da beynəlxalq yarışlarda öz sözlərini deyir, üçrəngli bayrağımızı qürurla dalğalandırırlar. Bu da insana əlavə motivasiya verir.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir