İdman

Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi keçirilib – FOTO

Sharing is caring!


Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi keçirilib.

“Report”un məlumatına görə, Binə Elit Atçılıq Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

İlk olaraq iştirakçıların atlı paradı gerçəkləşib. Ardınca Dövlət Sərhəd Xidmətinin orkestri və musiqilərin ifasında müxtəlif çıxışlar səsləndirilib. Daha sonra Qarabağ atlarının xüsusi şou çıxışı olub.

Fərid Qayıbov tədbir iştirakçılarını salamlayıb. O, çövkənin milli idman növü olduğunu söyləyib:

“Artıq bu il bir neçə dəfə burada çıxış etmişəm. ARAF həm yerli, həm də beynəlxalq yarışlar keçirib. Bu turnir ulu öndərin 100 illik yubileyinə təsadüf edir. Bu il idmanımız üçün uğurlu olub. Çaparlarımız da medallar qazanıblar. Qarşıdan gələn bayramlar münasibəti ilə sizi təbrik edirəm”.

Ulu öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

ARAF-ın İdarə Heyətinin üzvü Cavid Abdullayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın idmana xüsusi diqqət və qayğı göstərdiyini söyləyib:

“Ölkəmizdə atçılıq idman növündə bir çox tədbirlər keçirilib. Bu idmanın əsas məqsədi dövlətimizin adət-ənənələrinin təbliğ olunmasıdır. Bu yarışda iştirak edən bütün komandalara uğurlar arzu edirəm”.

Dövlət Himninin səsləndirilməsindən sonra Prezident Kuboku açıq elan edilib və “Sərhədçi-Qarabağ” – “Polad” qarşılaşması start götürüb.

Qeyd edək ki, yarışda 8 komanda 2 qrupda mübarizə aparır. A qrupunda “Sərhədçi-Qarabağ”, “Polad”, “Köhlən”, “Şirvan”, B qrupunda isə “Sərhədçi-Dilbaz”, “Omar”, “Zəfər”, “Embawood” klubları yer alıblar. Bu gün startı verilən turnir dekabrın 24-də başa çatacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir