İdman

Boris Qelfand: “Vüqar Həşimov Memorial-2023”də hər şey ən yüksək səviyyədə təşkil olunub”

Sharing is caring!


“Vüqar Həşimov Memorial-2023” superturnirində hər şey ən yüksək səviyyədə təşkil olunub. Gördüklərim məndə çox xoş təəssüratlar yaradır”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Vüqar Həşimov Memorial-2023” superturnirinə qatılan İsrail şahmatçısı Boris Qelfand deyib.

Bu gün startı verilən yarışın ilk üç turunda bir xal toplayan Belarus əsilli qrossmeyster öz çıxışından narazılıq bildirib. O, bəyəndiyi şahmatçının adını da çəkib:

“Hələ ki, pis oynayıram. Ümid edirəm ki, çıxışım yaxşılaşacaq. Çox güclü turnirdir. Rəqiblərimdən Şəhriyar Məmmədyarov çox yaxşı çıxış etdi. Həmçinin, Nicat Abasovun görüşü çox yaxşı keçirdiyini gördüm”.

55 yaşlı şahmatçı azərbaycanlı həmkarlarının böyük turnirlərdə uğur qazanacaq potensiala malik olduqlarını düşünür:

“Dünya çempionluğu uğrunda rəqabət böyükdür. Bu yarışda iştirak etmək üçün hər şey düzgün alınmalıdır. Azərbaycanlı şahmatçılar da bunun üçün inanmalı və çalışmalıdırlar. Şahmat tacı uğrunda yarışmaq da motivasiyadan asılıdır. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov kimi qrossmeysterlərin motivasiyaları olsa, finalda iştirak şansları yaranar. İddiaçılar turnirində Şəhriyara qalib gələndə dedim ki, Boris qarşıda hələ çox ilinin olduğunu sübut etdi. Ümid edirəm ki, Məmmədyarovda finala çıxmaq alınacaq”.

O, Azərbaycan millisində gənc şahmatçıları hazırlamağa özünü hazır hesab etmir:

“Bununla məşğul olmuram. Hansısa formatda, toplanışda ola bilər. Ancaq özümü bu işə tam həsr edə bilmərəm. Çünki çox işim var. Hər halda, istək olsa, köməyim dəyər”.

Boris Qelfand mərhum şahmatçı Vüqar Həşimovla bağlı xatirələrini də bölüşüb:

“Onunla çox oynamışam. Çox maraqlı partiyalarımız olub. Vüqara 10 gedişdə uduzduğum oyun da olub. Ən tez məğlubiyyətim Həşimova olub. Yadımdadır ki, Monakoda iki parlaq partiyamız alınmışdı. Hərəmiz bir dəfə qələbə qazanmışdıq. Onun haqqında ən xoş xatirələrimin olduğunu deyə bilərəm. Təəssüf ki, aramızdan belə tez getdi”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir