İdman

Saşa Yunisoğlu: “Fənərbağça” ilə ən azından akademiyalar səviyyəsində əməkdaşlıq olacaq”

Sharing is caring!


“Əminliklə deyə bilərəm ki, bu səfər çox maraqlı və faydalı alındı. Düşünürəm ki, bundan sonra klublarımız arasında ən azından akademiyalar səviyyəsində əməkdaşlıq olacaq”.

Bunu “Report”a açıqlamasında bir həftə Türkiyədə “Fənərbağça”nın akademiyasında olan “Sabah” klubunun U-19 komandasının məşqçisi Saşa Yunisoğlu deyib.

“Qəbələ”dəki həmkarı Zaur Hacıyevlə birlikdə qardaş ölkədə təcrübə keçən 37 yaşlı mütəxəssis onlara diqqət ayırdıqları üçün İstanbul təmsilçisində çalışan şəxslərə təşəkkür edib:

“Çox gözəl təşkil olunan səfərə görə həm öz adımdan, həm də “Sabah” adından AFFA-ya minnətdarlığımı bildirirəm. Bizi orada çox yaxşı qarşıladılar. Akademiyanın direktoru Sedat Karabük, koordinatorları Mehmet Hacıoğlu, Cem Karaca, psixoloq və bütün yaş kateqoriyasının məşqçiləri ilə görüşlərimiz oldu”.

Azərbaycan millisinin sabiq müdafiəçisi bir neçə gün ərzində akademiyanın infrastrukturu, müasir texnologiyaları, iş metodikası və prinsipləri ilə yaxından tanış olduqlarını vurğulayıb:

“Uşaqların qaldıqları yerlə, şəraitlə yaxından tanış olduq. U-19, U-17, U-16, U-15 və U-14 komandalarının məşqlərinə və iclaslarına qatıldıq. “Fənərbağça”da hər şeyin yüksək səviyyədə olduğunu gördük. Onlara ölkəmizin uşaq futbolu haqqında ətraflı məlumat verməyə çalışdıq. Öz klublarımızın atributlarını da akademiyanın rəhbərliyinə hədiyyə etdik”.

Qeyd edək ki, AFFA “Qəbələ”nin U-19 komandasında çalışan Zaur Hacıyevi və “Sabah”ın U-19 kollektivində işləyən Saşa Yunisoğlunu qardaş ölkəyə təcrübə məqsədilə göndərib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir