İdman

“Kəpəz”dən ayrılan baş məşqçi: “Yeni gələcək mütəxəssisin işi o qədər də ağır olmayacaq”

Sharing is caring!


“Məncə, “Kəpəz”ə yeni gələcək baş məşqçinin işi o qədər də ağır olmayacaq”.

Bunu “Report”a açıqlamasında Gəncə klubundan istefa verən baş məşqçi Azər Məmmədov deyib.

47 yaşlı mütəxəssis mövsümün əvvəlində bu posta təyin olunanda problemlərdən xəbərdar olduğunu bildirib:

“Dövlətin ayırdığı üç milyon manatın yalnız iki milyonu əsas komandaya çatırdı. Çünki bir milyonu akademiya üçün nəzərdə tutulmuşdu. İkimilyonluq büdcə ilə güclənmiş Azərbaycan Premyer Liqasında çıxış etmək çox çətindir. Ancaq hər şeyə rəğmən, az iş görmədik. İlkin çətinliklərdən keçmişik. Ən azı komandanı formalaşdırmışıq. Futbolçular da bir-birinə tam uyğunlaşmışdılar. Sonuncu oyunda “Qarabağ”a 1:7 hesabı ilə uduzduq. Amma komanda öz oyununu tapırdı. Məncə, yaxşı oynamağa da başlamışdı. “Qarabağ”ın isə əsas heyəti ilə oynamaq bizim üçün ağır və çətindir”.

Məmmədov bəzi amillərin “Kəpəz”ə çətinliklər yaratdığını söyləyib:

“Nəticələr yaxşı deyildi” ifadəsi ilə razılaşmıram. Düşünürəm ki, bu büdcəyə malik klub üçün ən yaxşısını etməyə çalışdıq. Pis iş görməmişdik. Doğma meydanımızdan kənar düşmüşdük. Bundan əlavə, maliyyə imkanı olmadığı üçün heyətə daha yaxşı futbolçular cəlb edə bilmirdik. “Qəbələ” kimi komandadan 2 xal geridəyik, digər klublar da bizdən çox xal toplamayıblar. Böyük büdcəsi olan “Sabah” 13 xalla 8-ci yerdədir”.

Baş məşqçi istefasının özü və klub üçün xeyirli olacağını düşündüyü üçün bu addımı atdığını vurğulayıb:

“İlk olaraq, qışa qədər qalmağı fikirləşdim. Həmin vaxt xal fərqi böyük olsaydı, onda demək olar ki, biz işimizin öhdəsindən gələ bilməmişik. Bəlkə indi yeni baş məşqçi yeni nəfəs gətirər və fərqli nəsə edər. Amma biz də “Kəpəz” üçün ən yaxşısını etməyə çalışdıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir