İdman

Azərbaycan millisinin baş məşqçisi: “Avropada 19 yaşlı futbolçular artıq top-klublarda çıxış edirlər”

Sharing is caring!


Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışı keçən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi dünən Vətənə qayıdıb.

Orada olduğu müddətdə yerli komanda ilə iki yoxlama görüşündə üz-üzə gələn U-19 rəqibinə müvafiq olaraq 0:3 və 0:4 hesabı ilə məğlub olub.

Komanda noyabrda Avropa çempionatının seçmə mərhələ oyunlarını keçirəcək. Baş məşqçi Aqil Nəbiyev noyabrın 15-də Bosniya və Herseqovina, 18-də Niderland, 21-də isə Lüksemburqla görüşdə yetirmələrini sınayacaq.

“Report”un suallarını cavablandıran 41 yaşlı mütəxəssis həm Özbəkistan toplanışını dəyərləndirib, həm seçmə mərhələdə qarşıya qoyulan hədəflərdən bəhs edib və digər yığmaların çıxışına münasibət bildirib.

– Özbəkistanda keçirilən təlim-məşq toplanışı komanda üçün nə dərəcədə səmərəli oldu?

– Açığı, Avropa çempionatı ərəfəsində planlarımız fərqli idi. Səfərə heyətin birdən-birə 11 futbolçusu olmadan yollandıq. Dörd nəfərdə pasport problemi oldu, beş oyunçunun hərbi xidmət vaxtı çatdı, iki futbolçunun isə zədəsi var idi. Həmin oyunçulardan 7-si start heyətinin üzvü sayılırdı. Özbəkistana yeni oyunçular apardıq ki, onları da sınaqdan keçirək. Etiraf etmək lazımdır ki, geniş seçim imkanımız da yoxdur. İki il yarım idi ki, eyni heyətə məşq keçirdim. Kollektiv kimi formalaşmağımızdan tutmuş, taktiki anlayışa qədər, hər şey yüksək səviyyədə idi. Anidən belə halla üzləşməyimiz bizi çıxılmaz vəziyyətə saldı.

– Yoldaşlıq görüşlərində Özbəkistana böyükhesablı məğlubiyyətlər bununla əlaqədar idi?

– Bəhanə kimi çıxmasın, amma bir çox futbolçunu məcburiyyətdən öz mövqeyində oynatmırdıq. Xüsusən də 4 aparıcı müdafiəçimiz yox idi. Cinah müdafiəçilərini mərkəzə çəkdik, orta sahə oyunçusuna cinahda şans verdik. Alternativ variantlar axtarmalı idik. Üstəlik, ilk görüşdə də bir müdafiəçimiz ciddi zədə aldı. Əlbəttə, Özbəkistan millisi də güclü idi. Özbəkistan futbolu son dövrlərdə inkişaf edir. Apardığımız 22 futbolçunun hamısının xidmətindən yararlandıq. Çünki Avropa çempionatının seçmə mərhələsi ərəfəsində uşaqlar barədə məlumatımız olmalı idi. Özbəkistanla ikinci matçda qolları 68-ci dəqiqədən sonra buraxdıq. Ona qədər isə bütün heyəti dəyişmişdik.

– Yenidən qurulan heyətlə seçmə mərhələdə nəyə ümid edə bilərsiniz?

– Əlbəttə, çətin olacaq. Amma məşqçi heyəti olaraq, bu yükün altından çıxmağa çalışırıq. Gələcəyə ümidlə baxmaq lazımdır. İndiki heyətə də güvənirəm. İstənilən komandada 1-2 futbolçunun yoxluğu çətinlik yaradır. Amma bizdə dəyişiklik kifayət qədər çoxdur. Problem ondadır ki, yeni heyətlə hazırlaşmağa vaxtımız yoxdur. 3-4 ay vaxtımız olsaydı, indiki komandanı da istədiyimiz kimi formalaşdırardıq. Ancaq indi noyabrın əvvəlində toplaşmalı, 15-də isə ilk oyuna çıxmalıyıq.

– Zədəli oyunçuların durumu nə yerdədir?

– Onlar həmin vaxta qədər sağala bilərlər. Amma heyətdə dəyişikliklərin olması o demək deyil ki, əl-qolumuzu yanımıza salacağıq. Bu vəzifəyə təyin olunmuşuqsa, əlimizdən gələnin ən yaxşısını etməliyik. Bu, bizim borcumuzdur.

– Futbolçular əsasən Gənclər Liqasında və əvəzedicilərin çempionatında çıxış edirlər. Onların meydanda olma müddəti sizi məmnun edir?

– Əlbəttə ki, xeyr. Avropada 19 yaşlı futbolçular artıq top-klublarda çıxış edirlər. İki il əvvəl Türkiyənin U-17 komandasında yer almış Arda Gülər, Kənan Yıldız kimi oyunçular hazırda “Real”, “Yuventus” kimi klubların formasını geyinirlər. Heç uzağa getməyək. Bizimlə eyni qrupda yer alan Lüksemburqun U-19 yığmasının dörd üzvü dünən U-21 millisinin heyətində Azərbaycanla oyunun start heyətində meydana çıxmışdı. 2005-ci il təvəllüdlü bir futbolçuları isə əsas milliyə dəvət alıb. Bizim əvəzedicilərin çempionatında az sayda futbolçu matçlarda müntəzəm iştirak edirlər. Gənclər Liqasında isə 2005-ci illərlə yanaşı, 2006 və 2007-ci il təvəllüdlü uşaqlar da iştirak edirlər. Futbolçu nə qədər çox təzyiq altında oynasa, bir o qədər tez inkişaf edər.

– Bizdə adətən U-17-dən sonra komandalar uğursuz nəticələr göstərirlər. İnkişafın yarımçıq kəsilməsinin səbəbini nədə görürsünüz?

– Avropada U-17-lər ilə U-19-lar arasında böyük fərq var. Çünki U-17-də əsasən 16 yaşlı uşaqlar olur, onlar da peşəkar səviyyədə çıxış etmirlər. Ancaq 19 yaşda artıq yüksək səviyyəli liqalarda mübarizə aparırlar. Bu cür amillərin nəticələrə təsiri böyük olur. Milli komandada futbolçuya ancaq taktiki hazırlıq keçmək olur. Onlara fiziki məşqlər keçməyə vaxt olmur.

– Bu arada U-21 Avropa çempionatının seçmə mərhələsində Lüksemburqa (3:2) qalib gəldi, əsas milli isə Avstriyaya (0:1) məğlub oldu. Bu komandaların çıxışlarını necə dəyərləndirərdiniz?

– U-21-in Lüksemburqla matçına baxdım. Bundan əvvəl Şimali İrlandiya ilə görüşü də izləmişdim, komandamız yaxşı təsir bağışlamışdı. Rəqib əsas üstünlüyü olan standart vəziyyətdən qol vuraraq qalib gəlmişdi. Lüksemburqla qarşılaşmada isə hesabda geri düşməyimizə baxmayaraq, oyunçularımız vəziyyəti lehimizə dəyişməyi bacardılar. O ki qaldı əsas milliyə, yaxşı heyətimiz var, bir neçə futbolçu legioner həyatı yaşayır. Əsas yığmada gənc futbolçular çoxdur, gələcəkdə bunun bəhrəsini görəcəyimizə inanıram. Ölkə xaricində nə qədər çox futbolçu çıxış etsə, bunun millimizə bir o qədər xeyri var. Son matçlar da oyun planında inkişafın olduğunu göstərdi. Ümidverici məqamlar çoxdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir