İdman

“Sabah”ın idman direktoru: “Məqsəd Monteneqrodan Vətənə qələbə ilə qayıtmaqdır”

Sharing is caring!


“Məqsəd Monteneqrodan Vətənə qələbə ilə qayıtmaqdır”.

Bunu “Report”a açıqlamasında “Sabah” basketbol klubunun idman direktoru Elşən Yusubov FIBA Avropa Kubokunun müntəzəm mövsümündə Monteneqro təmsilçisi “Mornar”la bu gün keçiriləcək səfər oyunu ilə bağlı danışarkən deyib.

Klub rəsmisi qarşılaşmanın Bar şəhərində təşkil olunmasını rəqib üçün üstünlük hesab edir. Lakin o, görüşün baş tutacağı Topolika İdman Zalına uyğunlaşdıqlarını bildirib:

“Məlumdur ki, bu mərhələdə daha ciddi rəqiblərlə qarşılaşacağıq. Bunlardan birincisi ilə bu gün üz-üzə gələcəyik. “Mornar”ın doğma meydan üstünlüyü ola bilər. Amma onların zalında dünən bir saat yarım məşq keçdik. Bu gün də bir saatlıq məşq planlaşdırılır. Komandamız qarşıdakı oyunlara fiziki cəhətdən yüksək səviyyədə, tam heyətlə hazırdır. Baş məşqçi də öz strategiyasını artıq müəyyənləşdirib. Kollektivi ruh yüksəkliyi ilə görüşə hazırlamalıyıq”.

Elşən Yusubov “Sabah”ın yer aldığı D qrupunu da dəyərləndirib. İdman direktoru oktyabrın 25-də, II turda Türkiyə təmsilçisi “Bağçaşəhər”lə evdə keçiriləcək matçın böyük önəm kəsb edəcəyini vurğulayıb:

“Qrupda bütün oyunlar çətin olacaq. Bu üzdən var gücümüzlə mübarizə aparmalıyıq. Növbəti matçda qrupun favoriti hesab etdiyim “Bağçaşəhər” ilə qarşılaşacağıq. Həmin görüşü evdə keçirəcəyik. Sevindirici haldır ki, təsnifat mərhələsini keçdiyimiz üçün oyunlarımıza azarkeş marağı da artıb. Tamaşaçılar “Bağçaşəhər”lə qarşılaşmada da bizi tribunalardan dəstəkləyə biləcəklər. Avropa basketbolunu Azərbaycanda görə biləcəyik. Hər bir oyuna rəqibin güclü və zəif cəhətlərini araşdıraraq hazır olmalıyıq. Gənc heyətimiz olsa da, əvvəlki matçlarda müəyyən təcrübə toplamışıq. Basketbolçular indi məşqlərdə bir-birilərini daha yaxşı başa düşürlər. Bunu da oyunlara daşımaq lazımdır”.

Qeyd edək ki, “Mornar” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir