İdman

AVRO-2024: Dörd yerə beş iddiaçı, Azərbaycan millisinin üz-üzə qaldığı təhlükə

Sharing is caring!


Bu gün AVRO-2024-ün seçmə mərhələsində VII tura start veriləcək.

Oxu.Az xəbər verir ki, turun oyunları bir neçə komandanın final mərhələsinə vəsiqə qazanması ilə nəticələnə bilər. Daha dəqiq desək, dörd vəsiqənin sahibi müəyyənləşə bilər. İddiaçıların sayı isə beşdir. Eyni zamanda bir neçə kollektiv şansını itirmək təhlükəsi ilə üz-üzədir.

A qrupu

İspaniya – Şotlandiya

Kipr – Norveç

Xal durumu: Şotlandiya – 15, İspaniya – 9, Norveç – 7, Gürcüstan – 4, Kipr – 0

Bu qrupda Şotlandiya final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər. Bunun üçün komanda İspaniyaya uduzmamalıdır. Eyni zamanda Norveçin qələbə qazanmaması da şotlandaların vəsiqə qazanması ilə nəticələnəcək.

Kipr isə ilk iki pilləyə daxil olmaq şansını itirə bilər. Qrup sonuncusu qalib gəlməsə və ya İspaniya uduzmasa, bu aqibətlə üzləşəcək.

B qrupu

İrlandiya – Yunanıstan

Niderland – Fransa

Xal durumu: Fransa – 15, Niderland – 9, Yunanıstan – 9, İrlandiya – 3, Cəbəllütariq – 0

Fransa final mərhələsinin bir addımlığındadır. Komanda bunun üçün Niderlanda qalib gəlməlidir. Sözügedən matçın heç-heçə bitməsi halında isə Yunanıstanın məğlubiyyəti son dünya çempionatının finalçısını AVRO-2024-ün əsas yarışına aparacaq.

Cəbəllütariq artıq ilk ikiliyə daxil olmaq şansını itirib. İrlandiya isə bu aqibətlə üz-üzədir. Sözügedən komandanın uduzması və ya heç-heçəsi fonunda Niderlandın qələbəsi ilə final mərhələsi şansını itirmiş olacaq.

C qrupu

Ukrayna – Şimali Makedoniya

İtaliya – Malta

Xal durumu: İngiltərə – 13, İtaliya – 7, Ukrayna – 7, Şimali İrlandiya – 7, Malta – 0

Bu qrupda turun oyunları konkret hansısa nəticəyə gəlmək üçün kifayət etməyəcək. Çünki hələ demək olar ki, heç nə bəlli deyil. Yalnız Malta İtaliyaya uduzacağı təqdirdə, ilk ikiliyə daxil olmaq imkanından məhrum olacaq.

D qrupu

Xorvatiya – Türkiyə

Latviya – Ermənistan

Xal durumu: Xorvatiya – 10, Türkiyə – 10, Ermənistan – 7, Uels – 7, Latviya – 0

D qrupunda da qarışıq vəziyyətdir. Burada Latviya artıq şansını itirib. Digər komandalar isə mübarizəni davam etdirirlər.

E qrupu

Albaniya – Çexiya

Farer adaları – Polşa

Xal durumu: Albaniya – 10, Çexiya – 8, Moldova – 8, Polşa, 6, Farer adaları – 1

E qrupunda Farer adalarının taleyinə aydınlıq gələcək. Komanda Polşaya uduzsa, Çexiya qalib gəlsə və ya hər iki görüş heç-heçə başa çatsa, şansını itirəcək.

F qrupu

Avstriya – Belçika

Estoniya – Azərbaycan

Xal durumu: Belçika – 13, Avstriya – 13, İsveç – 6, Azərbaycan – 1, Estoniya – 1

Belçika – Avstriya matçı komandalar üçün həlledici olacaq. Bu qarşılaşmada qalib tərəf final mərhələsinə vəsiqəni təmin edəcək.

Estoniya artıq şansını itirib. Azərbaycan millisi isə bununla üz-üzədir. Yığmanız ilk ikiliyə düşmək ehtimalının üstündən xətt çəkilməməsi üçün qələbə qazanmalıdır. Heç-heçə halında isə Belçika ilə Avstriyanın sülhə razılaşması komandanın şansını itirməsi ilə nəticələnəcək.

G qrupu

Macarıstan – Serbiya

Bolqarıstan – Litva

Xal durumu: Macarıstan – 10, Serbiya – 10, Monteneqro – 8, Bolqarıstan – 2, Litva – 2

Bolqarıstanla Litvanın oyunu bu komandalar üçün həlledici olacaq. Bu görüşün heç-heçə bitməsi halında hər iki kollektivin final mərhələsindən kənar qalması dəqiqləşəcək. Qələbə qazanan şansını davam etdirəcək.

H qrupu

Danimarka – Qazaxıstan

Sloveniya – Finlandiya

Şimali İrlandiya – San-Marino

Xal durumu: Sloveniya – 13, Danimarka – 13, Finlandiya – 12, Qazaxıstan – 12, Şimali İrlandiya – 3, San-Marino – 0

H qrupunda San-Marino artıq şansını itirib. Şimali İrlandiya isə bununla üz-üzədir. Komanda şansını davam etdirmək üçün qələbə qazanmalıdır. Eyni zamanda Danimarka ilə Sloveniya və ya Qazaxıstanla Sloveniyanın qələbə qazanacağı variantlarda böyük britaniyalılar AVRO-2024-dən kənar qalacaqlar.

I qrupu

Belarus – Rumıniya

Andorra – Kosovo

Xal durumu: İsveçrə – 14, Rumıniya – 12, İsrail – 11, Belarus, Kosovo – 4, Andorra – 2

Bu qrupda Kosovo, Belarus və Andorranın taleyinə aydınlıq gələ bilər. Belarus uduzsa, ilk iki pillədə qərarlaşmaq şansını itirəcək. Kosovo məğlub olsa və ya heç-heçəsi halında Rumıniya qalib gəlsə, şansını itirəcək. Andorra da şansını davam etdirə bilmək üçün qələbə qazanmalıdır. İsrailin İsveçrə ilə ev görüşü İsraildəki müharibə şəraiti səbəbindən təxirə salınıb.

J qrupu

Portuqaliya – Slovakiya

Lixtenşteyn – Bosniya və Herseqovina

İslandiya – Lüksemburq

Xal durumu: Portuqaliya – 18, Slovakiya – 13, Luksemburq – 10, Bosniya və Herseqovina – 6, İslandiya – 6, Lixtenşteyn – 0

Portuqaliya final mərhələsinə vəsiqə qazanmağa yaxındır. Bunun üçün pireneylilər Slovakiyaya qalib gəlməlidirlər. Bir şərtlə ki, Lüksemburq qalib gəlməsin.

Lixtenşteyn artıq şansını itiribsə, Bosniya və Herseqovina ilə İslandiya da buna çox yaxındırlar. Hər iki komanda məğlub olsa, eyni zamanda Slovakiya qalib gəlsə, ilk iki pillədən əllərini üzəcəklər.

Qeyd edək ki, A, D, E və I qruplarının qarşılaşmaları bu gün, B, F və J qruplarının görüşləri 13 oktyabr, C, G və H qruplarının görüşləri isə 14 oktyabrda baş tutacaq.

Xatırladaq ki, ev sahibi Almaniya final mərhələsinə vəsiqəni birbaşa əldə edib.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir