İdman

Kazım Qurbanov: “Yeniyetmə və gəncləri milli idman növlərinə cəlb etməyə çalışırıq” – MÜSAHİBƏ

Sharing is caring!


Oktyabrın 2-3-də Bakıda kəmər güləşi üzrə Avropa çempionatı keçirilib.

20 ölkə idmançılarının qatıldığı turnirdə Azərbaycan millisinin üzvləri bir qızıl, 6 gümüş, 23 bürünc medal qazanıblar.

Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA) prezidenti Kazım Qurbanov “Report”a müsahibəsində həm qitə birinciliyini dəyərləndirib, həm də ölkəmizdə milli idman növləri ilə bağlı görülən işlər barədə məlumat verib.

– Bakıda keçirilən kəmər güləşi üzrə Avropa çempionatında 20 ölkənin idmançıları mübarizə apardılar. Qonaqların təşkilatçılıqla bağlı düşüncələri necə idi?

– Yarışa ümumilikdə 150-dən çox idmançı qatılmışdı. Azərbaycan idman sahəsində sözünü demiş ölkələrdən biridir. 2015-ci ildə keçirilən Avropa Oyunları, 2017-ci ildə təşkil edilən İslam Həmrəyliyi Oyunları, Avropa və dünya çempionatları bunun bariz nümunəsidir. Ölkəmizə gələn idmançılar, məşqçilər, nümayəndələr həmişə xoş təəssüratlarla buradan ayrılıblar. Budəfəki Avropa çempionatına qatılan qonaqlar da təşkilatçılıqdan məmnun qaldılar. Qitə birinciliyinin baş tutmasında Gənclər və İdman Nazirliyinin böyük təşəbbüsü və təşkilatçılığı oldu.

– Azərbaycan millisi turniri bir qızıl, 6 gümüş, 23 bürünc medalla başa vurdu. Nəticə ürəyinizcə oldu?

– Yarışa 42 güləşçi ilə qatılmışdıq. Onlardan 32-si kişi, 10-u qadın idi. Əlbəttə ki, qızıl medalın sayı çox olsaydı, daha çox sevinərdik. Amma 42 nəfərdən 30-nun medal qazanmasını da qənaətbəxş nəticə saymaq olar. İnanırıq ki, növbəti yarışlarda idmançılarımız daha böyük uğurlar əldə edəcəklər.

– İdmançılarımızı qarşıda hansı məsul yarışlar gözləyir?

– Oktyabrın 12-17-si aralığında Tacikistanda yeniyetmələrin dünya çempionatı keçiriləcək. Azərbaycan millisinin üzvləri də orada mübarizə aparacaqlar. Həmçinin 24-27 oktyabr tarixlərində Səudiyyə Ərəbistanında Dünya Kombat Oyunları təşkil ediləcək. İdmançılarımız orada həm qazax güləşi, həm də kəmər güləşi üzrə çıxış edəcəklər. Dekabrda isə milli güləş, kəmər güləşi və qazax güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək. Həmin nəticələr əsasında millinin heyəti formalaşacaq.

– Milli idman növlərinin Azərbaycanda yayılması hansı səviyyədədir?

– Bildiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə olduğu kimi, idmana da böyük diqqəti və qayğısı danılmazdır. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın da milli idman növlərinə böyük dəstəyi var. Onu da əlavə edim ki, bu yaxınlarda zorxana və pəhləvan güləşi UNESCO-da Azərbaycanın milli idman növü kimi qəbul olunub. Assosiasiyamızın tərkibində bir çox milli idman növləri mövcuddur. Bununla yanaşı, dünya xalqlarının milli idman növləri də assosiasiyamızın tərkibinə daxildir. Hər il milli idman növlərimiz, eləcə də dünya xalqlarının populyar idman növləri üzrə ölkə çempionatları keçiririk. Regionlarda da seminarlar təşkil edirik. İstəklərimiz çoxdur. Yeniyetmə və gəncləri milli idman növlərinə cəlb etməyə çalışırıq.

– Yəqin razılaşarsınız ki, yeniyetmə və gənclərdə milli idman növlərinə maraq əvvəlki qədər yüksək deyil. Məhəllələrdə bunların yayılması üçün hansısa işlər görülür?

– Bakı məhəllələrində həm seminarlar, həm də köklü idman növlərinin təbliği ilə məşğul olmaq istəyirik. Bununla bağlı layihəmiz var. Yeniyetmələr və gəncləri bir yerə yığmaq, onların asudə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaratmaq istəyirik. Ən böyük arzumuz gələcək nəsli sağlam ruhda və düşüncədə görməkdir. Bundan başqa, milli idman növləri ilə bağlı bir kitab dərc edəcəyik. 100-dən çox milli oyunlarımız var. Gənc nəslin bunların ən azı 90-dan çoxu barədə məlumatı yoxdur.

– Kitablar satışda olacaq, yoxsa paylanacaq?

– Həmin kitab ancaq faydalanmaq üçündür. Satış nəzərdə tutulmayıb. İlk növbədə müəyyən strukturlara, federasiyalara, idman məktəblərinə, UGİM-lərə, təhsil ocaqlarına paylamağı planlaşdırırıq.

– Bu layihələri həyata keçirmək üçün Təhsil Nazirliyi ilə işbirliyi nəzərdə tutulmayıb?

– Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında milli güləş və zorxana tədris olunur. Başqa milli idman növlərinin də orada dərslik kimi keçirilməsi planımızda var. İlk növbədə məhəllələr arasında bu işi görmək istəyirik. Ondan sonra təhsil ocaqlarında – məktəblərdə, universitetlərdə seminarlar keçirmək niyyətindəyik. Əlbəttə ki, Təhsil Nazirliyi ilə birgə layihələr həyata keçirmək istəyirik. Assosiasiyamızın tərkibində yetərincə savadlı mütəxəssislər, professorlar var. Başqa ölkələrdən dəvətlər alırıq, orada milli idman növləri ilə bağlı seminarlar keçirik. Xarici ölkələr bizim idman növlərinə böyük maraq göstərirlər. Gələcəklə bağlı planlarımız çoxdur.

– Maliyyə durumunuz bu planları həyata keçirməyə imkan verir?

– Gənclər və İdman Nazirliyi tərəfindən assosiasiyamıza böyük qayğı var. Onlar bizə maliyyə baxımından dəstək verirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir