İdman

Millimizin kapitanı: “Öz oyunumuzu göstərəndə qarşımızda dayanmaq çətin olur”

Sharing is caring!


Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsində ikinci oyununda Niderlandı böyük hesabla (6:1) məğlub edən Azərbaycan millisinin qapıçısı Emin Kürdov federasiyanın saytına açıqlama verib.

Komandanın kapitanı bildirib ki, yığma öz oyununu göstərdiyi halda qarşısıalınmaz olur:

“Komanda olaraq əla oynadıq. Kimisə fərdi qaydada seçmək, fərqləndirmək istəməzdim. Ümumiyyətlə, Azərbaycan millisi nə vaxt ki, öz oyununu oynaya bilir, onun qarşısında dayanmaq çətin olur. Müdafiədə kompakt oynamaq, səhvə yol verməmək əsas özəlliyimizdir. Onsuz da oyun ərzində qol epizodu yaradırsan. Qalır həmin anda düzgün mövqe seçmək, epizodu reallaşdırmaq.

Oyun həm də ölkəmiz üçün əhəmiyyətli günlərdə baş tutdu. Azərbaycan ordusu 24 saat ərzində antiterror tədbirlərini uğurla başa vurdu və separatçıları tərk-silah olmağa məcbur etdi. Təbii ki, bu xəbər bizə müsbət mənada psixoloji olaraq təsir etməyə bilməzdi. Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizi hər zaman ehtiramla anırıq”.

Qapıçı son iki oyundan sonra komandaların şansları barədə də danışıb:

“Hazırda turnir cədvəlində komandalar bir-birinə yaxın pillələrdə yer alıb. Qazaxıstan altı xalla liderdir, Rumıniya və millimizin üç xalı var. Top fərqinin göstəricisinə görə komandamız üstün olsa da, aramızdakı matçın nəticəsi Rumıniyaya ikinci pillədə qərarlaşmaq imkanı verir. Halbuki birinci oyunda da üstünlük tərəfimizdə idi, qol epizodlarımız daha çox oldu, sadəcə reallaşdıra bilmədik. İdman xoşbəxtliyi tərəfimizdə olmadı”.

O, Qazaxıstanla oyunöncəsi azarkeşlərə səslənib:

“Oktyabrın 6-da əsas rəqibimiz olan Qazaxıstanla qarşılaşacağıq. Bu görüşdə xal itirməsək, liderlik uğrunda mübarizə üçün şansımız çoxalacaq. Ona görə də azarkeşlərimizə səslənirəm, gəlin, tribunaları doldurun, komandamızı sona qədər dəstəkləyin. Onların tribunada yer alması bizə əlavə stimul verir”.

Təcrübəli qolkiper Niderlandla oyunda rəqibin vurduğu qolla bağlı vəziyyətə də aydınlıq gətirib:

“Niderlandla oyunda sarı vərəqə aldığım epizoda gəldikdə, top qapı xəttini keçməmişdi. Dəqiq görmüşdüm, çünki hər şey gözümün qabağında baş verdi. Sadəcə, həmin anda səbirli olmaq lazımdır, mən də emosiyalarımı sakitləşdirə bilmədim. Oyun zamanı belə hallar olur. Futzala rəng qatan məqamlardır. Ümid edirəm ki, Qazaxıstanla oyun da komandamız üçün uğurla başa çatar. Gələn həftə ölkə çempionatı da start götürəcək. Komandalara uğurlar arzulayıram”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir