İdman

Asif Əsgərov: “Polis oyunlarımızda insident yaradan yox, insidentlərin qarşısını alan tərəfdir”

Sharing is caring!


“Polis oyunlarımızda insident yaradan yox, insidentlərin qarşısını alan tərəfdir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında “Qarabağ” futbol klubunun baş meneceri Asif Əsgərov Azərbaycan Premyer Liqasının IV turunda “Kəpəz”ə qarşı matçın (1:1) sonunda iddia edilən polisin azyaşlı azarkeşi vurması və Ağdam klubunun oyunçuları ilə hüquq-mühafizə xidmətinin əməkdaşları arasında münaqişənin yaranması ilə bağlı yayılan məsələyə münasibət bildirərkən deyib.

Funksioner orada hər hansı insidentin yaşanmadığını bildirib:

“Ondan başlayaq ki, azarkeşlərimiz həmişə Avropa səhnələrində 12-ci oyunçumuz olublar. Biz də bundan ruhlanırıq və şükürlər olsun, normal nəticələr qazanmağa çalışırıq. Çalışırıq ki, çempionat oyunlarına da avrokuboklara olan istək, tələb olsun. Əvvəllər daxili matçlara 50-100 nəfər gəlirdisə, indi say xeyli artıb. Futbolu mədəni istirahətin bir növünə çevirmək bizim istiqamətlərimizdən biridir. Bunun ayrılmaz bir hissəsi də, əlbəttə ki, hüquq-mühafizə orqanları, polisdir. Polis həmişə bizi qoruyub, təhlükəsizliyi bərqərar edib. Hər hansı yerdə problem olanda ilk müraciət etdiyimiz polisdir. Dünən baş verənlərə gəlincə, bəlkə, sualı belə qoyaq ki, orada ümumiyyətlə insident baş veribmi?

Bəzi yazılanları biz də oxuyuruq. Adam dəhşətə gəlir. Belə qələmə verilib ki, guya futbolçularla polis arasında münaqişə olub. Əslində, bu belədirmi? Əlbəttə ki, yox! Orada futbolçularla polis arasında heç bir insident olmayıb, ola da bilməz. Sadəcə, meydançaya çıxan uşağın yıxıldıqdan sonra ağlaması insanların hisslərə qapılmasına səbəb oldu. Bu, qıraqdan fərqli görüntü yaratdı. Orada polisin də, futbolçuların da, klub olaraq bizim də məqsədimiz eyni idi: insanların futbol bayramını ən rahat şəkildə yaşamasını təmin etmək. Heç bir insidentdən söhbət gedə bilməz. Matçdan xeyli sonra azarkeşlərimizin stadionu tərk etməsinə qədər izlədik. Hər hansı problem də olmadı. Futbolçularımız oyundan sonra normal şəkildə paltardəyişmə otağına yollandılar. Polislərimiz də insanları yola saldıqdan sonra öz işlərini yekunlaşdırdılar”.

Klub rəsmisi polisin meydana çıxan azyaşlı azarkeşi vurması iddialarının da həqiqətə uyğun olmadığını qeyd edib. O, görüntülərə dəfələrlə baxdığını söyləyib:

“Klub, polislər və azarkeşlər oyun zamanı bütöv bir məfhumdur. Hər kəsin öz vəzifəsi var. Polis bu ortamda rahat gəliş, təhlükəsiz çıxış və s. məsələlərə cavabdehdir. Orada uşaq hisslərinə qapılıb stadiona daxil oldu. Mən görüntülərə dəfələrlə baxmışam. Bir anlıq düşünək – meydana çıxan bir azarkeşin ağlından nələr keçdiyini haradan bilə bilərik? Bəlkə, oyun zamanı kimisə bəyənməyib onu vurmaq istəyəcək və ya başqa bir təxəyyüllə meydana daxil olub? Və hər hansı hadisə olandan sonra hər kəs nə deyəcəkdi? Niyə təhlükəsizlik təmin edilməyib? Doğrudurmu? İndi konkret hala baxdıqda – polis meydana tribunadan bir yolla daxil olan uşağı saxlamaq istəyəndə o da qaçmaq istədi və təbii olaraq polisin müdaxiləsindən yıxıldı. Əsas məsələ də uşağın yıxılandan sonra ayağa durması və ağlaması oldu. Bundan sonra uşağa ən yaxın məsafədə olan futbolçularımız onu sakitləşdirməyə çalışdılar. Şükürlər olsun, heç bir problem olmadı. Uşaq da sakitləşdi. O, balaca qardaşımızdır, azarkeşimizdir, gəlibsə, sağ olsun. Ona da izah etdik ki, stadiona tullanmaq olmaz. Sevgisini tribunadan ifadə etməsi yetərlidir. Futbolçularınız bunu çox yaxşı hiss edirlər.

Biz işimizi elə istiqamətdə qururuq ki, insanların rahatlığını təmin edək. Bu hallar işimizi çətinləşdirir. İstər mətbuat olaraq, istər klublar olaraq maarifləndirmə işlərimizi daha da artırmalıyıq ki, meydana daxil olmaq və s. belə hallar təkrarlanmasın”.

A.Əsgərov stadionların təhlükəsizliyi baxımından Azərbaycanın ən yüksək yerlərdə olduğunu əlavə edib:

“FIFA, UEFA-nın rəqəmləri var. Azərbaycan stadionlarda insidentlərə görə ən axırıncı pillələrdədir. Daha çox Avropada oynayan klubun nümayəndəsi kimi deyirəm ki, biz bu məsələlərdə çox yaxşı yerlərdəyik. Bizim stadionlarımızda neqativ hadisələr baş vermir. Avropada çox ciddi problemlər olur. Çalışmalıyıq ki, belə hadisələrdən qaçaq. Qaçaq ki, sonradan günahkar, insident axtarmayaq. Polisi də stadiona biz dəvət edirik, azarkeşlərimizi də. Hədəfimiz Avropanın stadionlarında olan gözəl ab-havanı Azərbaycan stadionlarına da daşımaqdır. Bunun üçün hər birimiz vəzifələrimizi düzgün bilməliyik. İnanın ki, onda hər birimiz bugünkündən daha çox zövq alacağıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir