İdman

Norveçli atlet avropalıların 300 metr məsafəyə atəş növündə uğurunun səbəbini açıqladı – FOTO

Sharing is caring!


Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı bu gün gərgin mübarizələr, bərabər xallar və bol medallarla yadda qalıb.

Kişilər arasında 300 metr məsafəyə tüfəngdən üç mövqedə atəş açma növündə qalib adını 587 xalla Polşanı təmsil edən Masiey Kovaleviç qazanıb. İkinci yerə 586 xalla digər Polşa idmançısı Tomaş Bartnik yiyələnib. Bürünc medal Tomaşla eyni sayda xal toplayan isveçrəli Paskal Baxmanna qismət olub.

Komanda növündə İsveçrə birinci, Avstriya ikinci, Norveç üçüncü olub.

Qadınlar arasında 300 metr məsafəyə tüfəngdən üç mövqedə atəş açma növündə  qızıl medal 581 xal yığan Norveç atleti Katrin Lunda qismət olub. Gümüş medal sevincini 579 xalla Polşadan olan Karolina Romançik yaşayıb. Karolina qədər xal yığan İsveçrə atleti Silviya Quiqnard Şnider bürünc medalı boynundan asıb.

Komanda növündə Norveç birinci, İsveçrə ikinci, Almaniya üçüncü olub. 

Masiey Kovaleviç mükafatlandırma mərasimindən sonra uğurunu şərh edib:

“Yarışla bağlı təəssüratlarım yüksəkdir. Bakı mənim üçün heç də yad şəhər deyil. Əvvəllər də bura gəlmişəm. Çox sevinirəm ki, paytaxtınızda qızıl medal qazandım. Bu, heç də asan olmadı. Amma öhdəsindən gələ bildik. Polşanın hərbi tüfəng komandasının da üzvüyəm. Ona görə atəş açmağı çox sevirəm. Atışın növü və məsafəsi mənim üçün elə də əhəmiyyət kəsb etmir. 300 metr məsafədən atəş açma yarışlarını çox sevirəm. Bununla belə, digər növlərdə də yarışıram”.

Həmin kateqoriya üzrə qadınların mübarizəsində qalib olan norveçli Katrin Lund Norveç komandasının, xüsusilə avropalıların uğurlu çıxışı barədə danışıb:

“300 metr məsafəyə atış etmək çox çətindir. Ötən ildən bu yarışa hazırlaşırıq. Bu kateqoriyada 3 mövqe var. Hər dəfə mövqeyimizi dəyişib hədəfə atəş açırıq. Bu, mübarizəni həm maraqlı edir, həm də çətinləşdirir. Norveçdə 200-300 metr məsafəyə atışlar daha populyardır. Minlərlə insan bu növlə məşğul olur. Mən də bu səbəbdən 300 metr məsafəyə atəş açmanı seçdim. Bu, digər Avropa ölkələrinə də aiddir. Məhz belə məsafəyə atış üçün poliqonlarımız üstünlük təşkil edir. Atıcıların bu növdə uğur qazanmasının əsas səbəbi budur”.

Yarışın təşkilatçılığından razı qalan 29 yaşlı xanım atıcı Bakı küləyinin yarışa əyləncə qatdığını bildirib:

“Yarışda hər şey yüksək səviyyədə təşkil olunub. Narazılıq ediləsi heç bir söz, problem yoxdur. Hər şey mükəmməl təşkil olunub. Burada bizə çətinlik yaradan tək məsələ küləkdir. Amma o da yarışa əlavə rəng, əyləncə qatır. Bakının isti havasını çox sevdik. Şəhəri bu dəfə gəzməyə vaxtım olmadı. Amma çimərliyə getməyə fürsət tapa bildim. Bakıya ilk gəlişim deyil. Əvvəlki səfərlərimdə şəhəri çox gəzmişəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir