İdman

Bakıda medal qazanan türkiyəli idmançı: “Bizim ürəyimiz Azərbaycanla döyünür”

Sharing is caring!


“Bizim ürəyimiz Azərbaycanla, Azərbaycanın ürəyi də bizimlə döyünür. Bunu yarış zamanı hiss edirik”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında gümüş medal qazanmış Türkiyə komandasının üzvü Yusuf Dikeç deyib.

İdmançı finalda məğlub olmalarının səbəbini açıqlayıb. O, Bakı Atıcılıq Mərkəzində güclü azarkeş dəstəyini hiss etdiklərini vurğulayıb:

“Finala birinci olmaq üçün çıxmışdıq. Ötən gün mənim üçün heç də yaxşı keçməmişdi. Məyus olmuşdum. Bu gün yaxşı oldu, amma birinci ola bilmədik. Qismət. Olmayanda, olmur. Azarkeş dəstəyini hiss etdik. Türkiyə milli komandasının heyətində 20 nəfərik. Yarış zamanı tribunadan gələn alqış səslərini eşidəndə, özümüzü arxamızda sanki ordu varmış kimi hiss edirik”.

O, 23 yaşlı komanda yoldaşı Sevval İlayda Tarhanın atış zamanı dəqiqlik nümayiş etdirə bilməməsindən danışıb:

“İlayda hələ gəncdir. Zaman keçdikcə təcrübə toplayacaq. Yavaş-yavaş inkişaf edir. Zamanla o da uğurlar qazanacaq və onunla yaxşı komanda yoldaşı olacağıq”.

Təcrübəli atıcı Azərbaycanın dünya çempionatını yüksək səviyyədə keçirdiyini və belə yüksək səviyyədə təşkilatçılığı dünyada az sayda ölkənin bacardığını vurğulayıb:

“Azərbaycan bizim üçün uğurlu yerdir. Qardaş ölkəyə nə zaman gəlsək, medalla qayıdırıq. Heç vaxt əliboş dönməmişik. Turnir də çox gözəl təşkil olunub. Poliqon, məşq meydançaları, hotel sarıdan heç bir problem yoxdur. Hər şey yüksək səviyyədədir. Bunu dünyada bacara biləcək bir neçə ölkə var ki, Azərbaycan da onlardan biridir. Azərbaycan bunun üstünlüyünü yaşayır. Çünki bütün idman növləri üzrə önəmli turnirlər bu ölkəyə həvalə edilir. İnşallah, növbəti illərdə yenə davam edəcək. Belə turnirlərin Azərbaycanda keçirilməsi ölkənin dünyada tanınması ilə yanaşı, gənclər üçün də önəmlidir. Onlar üçün motivasiyadır. Azərbaycanı çox sevirik. Turnirdə əməyi keçən hər kəsə təşəkkür edirik”.

Hindistanlı kişi atıcı Şiva Narval qızıl medalı çətinliklə qazandıqlarını söyləyib:

“Yarış çox gözəl keçir. Buradakı həmkarlarımdan çox şey öyrənirəm. Texniki məsələlər, prosedur qaydalarla bağlı biliklərimi yeniləyirəm. Həm də, özümə əminlik yaranır. Açığı, medal qazanmaq mənim üçün o qədər də çətin olmadı. Təbii ki, bunun davamı olacaq. İstəyirəm ki, Olimpiya Oyunlarında bu nəticəni təkrarlayım”.

O, mundiala ev sahibliyi edən Bakı barədə xoş sözlər deyib:

“Paytaxtınız çox gözəldir. İnsanları da istiqanlı, mehriban və qonaqpərvərdilər. Burada olmaqdan məmnunam”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir