İdman

Avropa Həndbol Federasiyasının nümayəndəsi: “Bakıdakı yarış çox maraqlı keçir” – FOTO

Sharing is caring!


“Bakıdakı yarış çox maraqlı keçir”.

Bunu “Report”a açıqlamasında Avropa Həndbol Federasiyasının nümayəndəsi Ştefan Lövqren Bakıda təşkil edilən 17 yaşadək həndbolçu qızlardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsi barədə danışarkən deyib.

53 yaşlı isveçli mütəxəssis Azərbaycana ilk dəfədir səfər etdiyini bildirib:

“Bakını, xüsusən də, İçərişəhəri çox bəyəndim. O ki qaldı turnirə qızlar əllərindən gələni edirlər. Bu gün isə “ustad dərsində” Andrea Lekiç qızlara lazımi tövsiyələr verdi. Mən də öz növbəmdə məsləhət görərdim ki, onlar yaxşı nəticə əldə etmək üçün öz güclərinə inansınlar”.

Avropa Həndbol Federasiyasının təşəbbüsü ilə bu gün U-17 komandalara “ustad dərsi” keçən tanınmış serbiyalı həndbolçu Andrea Lekiç isə bilik və bacarıqlarını yarışın ən yaxşı oyunçuları ilə bölüşüb. Hazırda Macarıstanın “Ferentsvaroş” klubunun şərəfini qoruyan 36 yaşlı tanınmış idmançı artıq üç ildir “ustad dərsləri” keçdiyini bildirib:

“17 ildir peşəkar səviyyədə həndbol oynayıram. Bu cür “ustad dərslərinin” gənclərə idmandan əlavə, digər sahələrdə də faydası olacaq. Yaxşı idmançı kimi yetişmək üçün idman zalından kənarda da çox şeylərdən anlayışın olmalıdır. Pozitiv düşüncə, əzmkarlıq onları uğura aparacaq”.

Qeyd edək ki, bir günlük fasilə yaranan Avropa çempionatında avqustun 12-də pley-off oyunları keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir