İdman

Qurban Qurbanov: “Kasıb, ürəkli, bacarıqlı futbolçularla çox işlər görməyə çalışırıq”

Sharing is caring!


“Təəssüf ki, mərhələni keçə bilmədik. Çox maraqlı oyun oldu. Demək olar ki, meydanda hər şey var idi”.

Oxu.Az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın “Rakuv” klubuna qarşı keçirdikləri cavab oyunundan (1:1) sonra təşkil edilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

İlk görüşdə 2:3 hesabı ilə məğlub olduğu üçün turnirdə mübarizəni dayandıran komandanın çalışdırıcısı fikrini belə davam etdirib:

“Hər iki komanda bir-birini yaxşı analiz etmişdi. İkinci hissədə üstün tərəf biz olduq. Futbolçularım çox əziyyət çəkdi. Sonda çox məyus oldular. Çox qol epizodlarımız oldu, sadəcə son nöqtəni qoya bilmədik. Azarkeşlərə təşəkkür edirəm. Sanki futbolçularla birləşmişdilər, meydanda idilər. Bu gün 10 futbolçu ilə rəqib cərimə meydançasında idik. Böyük risklər etdik. Alına da bilərdi, ancaq alınmadı. Hamımız məyusuq. Bu oyunu geridə qoyub qarşıdakı matçlarda hazırlaşmalıyıq”.

Baş məşqçi Redon Cica və Elvin Cəfərquliyevin əvəzlənməsini belə izah edib:

“Əvəzetmələri oyunun gedişatına görə edirik. Hazırda bunları izah edə bilməyəcəyəm”.

51 yaşlı mütəxəssis klub rəhbərliyinin komandanın güclənməsi üçün kifayət qədər maliyyə ayırmaması, UEFA turnirində qazanılan vəsaitlərin düzgün xəeclənməməsi fikirlərini belə şərh edib:

“Bu klubda rəhbərlik olaraq o qədər məsuliyyətli işləyirik ki, bəlkə çoxlarının bundan xəbəri yoxdur. “Qarabağ” rəhbərliyi Azərbaycan futbolu üçün çox şey edib. Klubun etdiklərini heç vaxt bildirməmişəm. Əgər bu gün “Qarabağ”ın qazandığı pullar sayılırsa və düşünüsünüzsə ki, pullar harasa gedir, yanlışdır. Bütün pullar Azərbaycan futboluna yatırılır. Hər birimiz kasıb, ürəkli, bacarıqlı futbolçularla çox işlər görməyə çalışırıq. Azərbaycan futbolunu “Qarabağ”ın büdcəsi ilə ölçürsünüzsə və düşünürsünüzsə ki, problem bundadır, sizə əlavə nəsə deyə bilmərəm. Kiçik büdcə ilə ölkə futbolu üçün böyük işlər görməyə çalışırıq. Bu gün uduzduğumuz üçün futbolçuların, rəhbərliyin gördüyü iş sıfıra bərabər sayılırsa, bu tip məsələlərə cavab verməyəcəyəm. Bizdə nə məsuliyyətsiz işçi, nə də futbolçu var. Burada hamı Azərbaycan futbolunun uğuru, komandamızın böyüməsi üçün əlindən gələni edir”.

Q.Qurbanov hər iki görüşdə “Rakuv”un fərqlənməsindən sonra komandasının qol vura bilməsinin konkret səbəbinin olmadığını söyləyib:

“Burada izah ediləsi çox şey yoxdur. Hər iki görüşdə qol epizodlarımız rəqibdən daha çox oldu. Sadəcə, ilk olaraq biz istifadə edə bilmədik. Bəlkə müdafiəçiləri, bəlkə qapıçı daha yaxşı oynadı, yaxud bizim ustalığımız çatmadı. Ürəkli idik rəqibin üzərinə gedirdik”.

Baş məşqçi beşinci dəfə Polşa klubları ilə üz-üzə gəldiklərini və nə zamansa məğlub olacaqlarını gözlənilən oludöunu söyləyib:

“Düşünürdüm ki, hardasa məğlub olmalıyıq. Bu, “Rakuv”un qismətinə düşdü. Oyun baxımından uduzmadıq. Sadəcə, futbolun yazılmayan qanunları var. Hər uğur haradasa dayanır”.

Qurbanov heyətdə yerli futbolçuların sayının azalması və yeni transferlərin komandanı gücləndirə bilməməsinin doğru fikir olmadığını əlavə edib:

“Bu mövzuda çox danışmaq da olar, az fikir bildirmək də. Dünyada elə komanda yoxdur ki, 10 il eyni səviyyədə qalsın. Nə “Real Madrid”, nə “Barselona”, nə “Bavariya” hər il istədiyi transferləri edə bilir. Heç də həmişə transferləri uğurlu alınmır. Azərbaycana legioner gətirmək asan deyil. Yerli futbolçularımız da meydana çıxır. Çempionlar Liqası matçlarında gənclərimizə şans veririk. Futbolçuların böyüməsi üçün onlara oynamaq imkanı yaradır, bəzən risklərə gedirik. Çalışırıq ki, daim milli səviyyəsində futbolçular yetişdirək”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir