İdman

Polşa klublarının “Qarabağ” kabusu

Sharing is caring!


Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” bu gün turnirdə II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Oxu.Az xəbər verir ki, Ağdam klubu Polşada “Rakuv”un qonağı olacaq.

Bu “atlılar”ın polyaklara qarşı sayca 8-ci dueli olacaq. “Qarabağ” indiyə qədər avrokuboklarda 4 dəfə Polşa klublarına rəqib olub. Hər bir halda mərhələni keçən Azərbaycan təmsilçisi olub.

“Polyakların kabusu” ilk dəfə Avropa Liqasının 2010/11 mövsümündə Polşa klubu ilə üz-üzə gəlib. “Visla”nı səfərdə 0:1, evdə 3:2 üstələyən Qurban Qurbanovun komandası pley-offa yüksəlib.

“Qarabağ” növbəti illərdə bu ölkədən “Pyast”, “Legiya” və “Lex”ə rəqib olub və hər dəfə mərhələ keçib.

Parlaq qələbələrdən biri Avropa Liqasının 2020/21 mövsümünün pley-offunda qazanılıb. Koronavirus pandemiyası səbəbindən mərhələ bir oyundan ibarət olub. Varşavada “Legiya”ya qarşı keçirilən matçda “atlılar” üç cavabsız qolla qalib gələrək qrup mərhələsində oynamaq hüququ qazanıblar.

“Qarabağ” avrokuboklarda ən böyük hesablı qələbələrindən birini Polşa təmsilçisi ilə oyunda əldə edib. Bu, Çempionlar Liqasının 2022/23 mövsümünün I təsnifat mərhələsində baş verib. “Lex”lə qarşılaşan komanda Bakıda rəqibini 5:1 hesabı ilə məğlub edib. Ağdam klubu avrokuboklarda bundan əlavə yalnız bir matçda beş qol vurmağı bacarıb. Çempionlar Liqasının 2017/18 mövsümündə Gürcüstan “Samtrediya”sı ilə qarşılaşan kollektiv rəqibini beş cavabsız qolla üstələyib.

Maraqlıdır ki, “Qarabağ” Polşa klublarından yeganə məğlubiyyəti də məhz “Lex”dən alıb. Keçən mövsüm Polşada baş tutan ilk görüşdə “atlılar” minimal hesabla (0:1) yenilib.

Ümumilikdə yeddi oyunun 5-də polyaklara qalib gələn “Qarabağ” bir dəfə heç-heçə edib, bir görüşdə məğlub olub. 16 qol vuran Qurban Qurbanovun komandası qapısında yeddi top görüb.

Son Azərbaycan çempionu hazırkı rəqibi “Rakuv”la bir dəfə yoldaşlıq oyununda üz-üzə gəlib. Ötən qış baş tutan matç rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ”ın avrokuboklarda Polşa klublarına qarşı bütün oyunları:

Avropa Liqası, 2010/11 mövsümü, III təsnifat mərhələsi

“Visla” – “Qarabağ” – 0:1

“Qarabağ” – “Visla” – 3:2

Avropa Liqası, 2013/14 mövsümü, II təsnifat mərhələsi

“Qarabağ” – “Pyast” – 2:1

“Pyast” – “Qarabağ” – 2:2

Avropa Liqası 2020/21 mövsümü, pley-off

“Legiya” – “Qarabağ” – 0:3

Çempionlar Liqası, 2022/23 mövsümü, I təsnifat mərhələsi

“Lex” – “Qarabağ” – 1:0

“Qarabağ” – “Lex” – 5:1

Qeyd edək ki, Çenstoxovadakı “Miejski” stadionunda keçiriləcək “Rakuv” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir