İdman

Adrian Mutu “Neftçi”nin baş məşqçisi təyin olundu – FOTO

Sharing is caring!


“Neftçi”nin yeni baş məşqçisi müəyyənləşib.

Paytaxt klubundan verilən məlumata görə, bu post rumıniyalı Adrian Mutuya tapşırılıb.

Bildirilib ki, bu gün “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf rumıniyalı futbol mütəxəssisi Adrian Mutu ilə görüşüb.

Görüşdə “Neftçi”nin hazırkı durumu və qarşıya qoyulan hədəflər barədə fikir mübadiləsi aparılıb, klubla bağlı gözləntilər diqqətə çatdırılıb.

Daha sonra rumıniyalı mütəxəssis Adrian Mutu ilə iki illik müqavilə imzalanıb.

“Neftçi”yə baş məşqçisi təyin olunmasından şərəf duyduğunu bildirən Adrian Mutu deyib: 

“Neftçi” Azərbaycanda ən böyük və ən güclü azarkeş bazasına malik klubdur. “Neftçi” azarkeşləri Avropada öz sədaqəti və dəstəyi ilə tanınırlar. Mən onlarla yaxşı əlaqə quracağıma əminəm, çünki günün sonunda nə ediriksə, azarkeşlərimiz üçün edirik. Məqsədim “Neftçi”ni layiq olduğu yerə – Azərbaycanda ən yüksək mövqeyə qaytarmaq və Azərbaycanı Avropada qürurla təmsil etməkdir. İnanıram ki, “Neftçi” Avropa futbol meydanlarında böyük uğurlar əldə edəcək”.

Xatırladaq ki, ötən mövsüm “Neftçi”ni çalışdıran baş məşqçi Laurentsiu Regekampf və onun köməkçiləri ilə iyunun 21-də yollar ayrıldıqdan sonra bir sıra namizədlərlə danışıqlar aparılıb, onların arasından klubla maraqları üst-üstə düşən, bacarıq və potensialı ən yüksək olan mütəxəssislə anlaşılıb.

Yeni baş məşqçinin ictimaiyyətə təqdimatı klub rəhbərliyi və komanda üzvləri təlim-məşq toplanışından qayıdandan sonra baş tutacaq, bu xüsusda mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, Adrian Mutu 1979-cu il yanvarın 8-də anadan olub. Rumıniya tarixinin ən yaxşı futbolçularından biri olan A.Mutu ölkəsində bir neçə klubla yanaşı, İtaliyada “İnter”, “Hellas Verona”, “Parma”, “Yuventus”, “Fiorentina”, “Çezena”, İngiltərədə “Çelsi”, Fransada “Ayaçço” və Hindistanda “Puna Siti” klublarının formasını geyinib, Rumıniya milli komandasının heyətində 77 oyun keçirib, 35 qol vurub. 2003, 2005, 2007 və 2008-ci illərdə Rumıniyada, 2007-ci ildə isə İtaliyada ilin futbolçusu seçilib.

Adrian Mutu “Voluntari” (Rumıniya, 2018), “Əl Vəhdə” U-21 (BƏƏ, 2018-2019), Rumıniya U-21 milli komandası (2020-2021), “Universitatya Krayova” (Rumıniya, 2021) və “Rapid”in (Buxarest, Rumıniya, 2022-2023) baş məşqçisi olub. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir