İdman

Hacı Əliyev: “Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam”

Sharing is caring!


Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev çempionluğunu şərh edib.

70 kq çəki dərəcəsində titula sahib çıxan 32 yaşlı idmançı Dünya Güləş Birliyinin rəsmi saytına açıqlamasında çox vacib qələbə qazandığını bildirib:

“Ölkə tarixində dördqat Avropa çempionu olan ilk kişi güləşçisiyəm. Bu, mənim üçün əla nəticədir. Yarışa da çox yaxşı hazırlaşmışdıq. Çoxlu təlim-məşq toplanışı keçirdik. Biz doğru yoldayıq. Ona görə də qalib gəlirik”.

65 kq-da ikiqat Olimpiya mükafatçısı olan təcrübəli pəhləvan bu çəkinin ən çətin olduğunu söyləyib: “Burada yaxşı rəqiblər çoxdur, adətən 4-5 dünya çempionu olur. Onların güləş tərzlərini də bilirəm”.

Dördqat Avropa və üçqat dünya çempionu Olimpiya Oyunlarında bürünc və gümüş medal əldə etdiyini, lakin “qızıl” arzusunda olduğunu söyləyib:

“Çox çalışacağam. Qızıl medal üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, 32 və ya 34 yaşda olmağın fərqi yoxdur. Yalnız çox çalışmaq və çempion olmaq vacibdir. Bu, mənim son şansımdır. Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir