İdman

AFFA İcraiyyə Komitəsinin üzvü: “Legionerlərə sərt limit qoymaq istəyirik”

Sharing is caring!


“Canni De Byazi AVRO-2024-ün ilk seçmə oyunlarından nəticə çıxarmalıdır”.

Bunu Oxu.Az saytına açıqlamasında AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Zaur Axundov deyib.

Funksioner İK-nın bugünkü iclasında italiyalı mütəxəssisin hesabatına qulaq asdıqlarını bildirib:

“O, öz fikirlərini dedi. Biz də mövqeyimizi bildirdik. İtaliyalı mütəxəssisin işini davam etdirməsini qərara aldıq. O, dövrənin sonuna qədər yığmada qalacaq. Uğursuzluqda təkcə baş məşqçi deyil, futbolçular da məsuliyyət daşıyırlar. De Byazinin göndərilməsi, millinin yerli mütəxəssisə tapşırılması ilə bağlı müzakirə olmadı. Bunun haradan yayıldığını bilmirəm. Gündəmdə bu cür məsələ yoxdur”.

Vaxtilə “Keşlə”yə (hazırkı “Şamaxı” – red.) rəhbərlik etmiş Futzal Federasiyasının prezidenti yenidən böyük futbola qayıdacağı ilə bağlı iddialara aydınlıq gətirib:

“Böyük futbola qayıtmaq fikrim yoxdur. Hazırda bütün diqqətimi futzala yönəltmişəm. Bu növün inkişafı üçün regionlarda, olimpiya komplekslərində bütün şərait var. İK-nın toplantısında da mövzu müzakirə edildi. Növbəti iclasda komanda sayının 8 və ya 10-a çatdırılması ilə bağlı işlər görmək istəyirik. Regionlardan 3-4 komandanın olması da planda var. Legionerlərə sərt limit qoymaq istəyirik. Bu gün belə müzakirə olmadı. Mayda yenidən iclas olsa, məsələyə baxılacaq”.

Z.Axundov U-19 yığmasının Avropa çempionatının əsas seçmə mərhələsindəki uğursuz çıxışı ilə bağlı da danışıb:

“Baş məşqçi ilə görüşümüz olacaq. Hələlik hesabat hazırlanır. Futzalda gənclərin inkişafı lazımdır. Milli komandanın oyunçularının əksəriyyəti 30 yaşına çatıb, bu yaş həddini keçənlər də var. Hazırda U-17 və U-19 bizim üçün prioritetdir. Yığmanın baş məşqçisi Joze Alesio U-21-in də təşkil olunması ilə bağlı təklif irəli sürüb. Biz buna baxıb AFFA ilə müzakirə etməliyik”.

Federasiya rəhbəri futzalda klublara maliyyə yardımının nəzərdə tutula biləcəyini diqqətə çatdırıb:

“AFFA prezidenti baş katibə göstəriş verdi ki, təklif hazırlansın. Ümid edirəm, yeni mövsümdən klublara böyük futboldakı kimi maliyyə ayrılacaq. Onlar da maliyyəni klubun və gənclərin inkişafı üçün yönəldəcəklər”.

Axundov son olaraq “Araz Naxçıvan” futzal klubu haqqında fikirlərini bölüşüb:

“Bir neçə il əvvəl komanda dördlər finalında oynadı, bürünc medal qazandı. Son illərdə nəticələrimiz mənfidir. Belə olmasını istəmirdik. Avropada ilk “altılıq”da idik. Nəticələrin zəifləməsi bizim səhvimizdir. Böyük futbolda olduğum vaxt futzala lazım olan diqqəti ayıra bilmədim. Yeni mövsümdən komandanı gücləndirmək və yenidən Avropada sözümüzü demək fikrindəyik”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir