İdman

Xəyalı reallaşan veteran: “Qarabağ” – “Qalatasaray” oyununda qardaşlığa azarkeşlik edəcəyəm” – VİDEO

Sharing is caring!


Martın 26-da Bakı Olimpiya Stadionunda “Qarabağ” və “Qalatasaray” xeyriyyə oyununda üz-üzə gələcəklər.

Belə bir qarşılaşmanın baş tutması 44 günlük Vətən Müharibəsi iştirakçısı Murad Hüseynovun arzusunun da reallaşması anlamına gələcək. O, müharibə dövründə Türkiyənin “A Haber” telekanalına müsahibəsində ən böyük xəyalının Xankəndidə “Qarabağ”la “Qalatasaray” arasında matçın keçirilməsi olduğunu söyləyib.

Vətən müharibəsi iştirakçısı ilə əlaqə saxlayıb, martın 26-da keçiriləcək matç barədə fikirlərini öyrəndik. Murad Hüseynov Oxu.Az saytına açıqlamasında xəbəri görəndə gözlərinin dolduğunu söyləyib:

“Dünəndən çoxlu zəng gəlir, hamı o videonu atır. Türkiyədən də maraqlanırlar, təbrik edirlər. Xəbəri görəndə həyəcanlandım. Gözlərim doldu. Başqa necə olsun… Özüm “Qalatasaray” azarkeşiyəm. Amma bu oyunda qardaşlığa, birliyə azarkeşlik edəcəyəm”.

Həmsöhbətimiz “Qarabağ”dan dəvət gəldiyini və oyuna gedəcəyini bildirib:

“Bakıdayam. Oyuna gedəcəyəm. Klubdan dəvət ediblər. Elə indi onlarla görüşməyə gedirəm”.

Hüseynov Türkiyə kanalına müsahibə verərkən nə üçün bu fikri səsləndirdiyi ilə bağlı danışıb:

“Orada şeir deməyim, “Qalatasaray” barədə danışmağım ürəyimdən keçdi. Çox adam deyir ki, hazırlaşmışdın. Xeyr, elə bir şey yox idi. Sadəcə ürəyimdən gəldi, şeir dedim və Xankəndidə “Qarabağ”la “Qalatasaray”ın oyununun keçirilməsini dilə gətirdim. İnşallah, Qarabağda da belə matç təşkil olunar”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir