İdman

Əmrah Çəlikəl: “Təkanlar çox güclü idi və hiss edilirdi, evlər, binalar silkələnirdi…” – MÜSAHİBƏ

Sharing is caring!

Qardaş Türkiyədəki dəhşətli zəlzələ vaxtı “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl paytaxt Ankarada idi. Onunla əlaqə saxlayıb Azərbaycana qayıdıb-qayıtmadığını soruşanda “Gəlmişəm, vətəndəyəm!” dedi. Əmrah bəyə həm Türkiyədəki əsrin faciəsi, həm də “Qarabağ”ın “Gent”lə oyunu haqda bir neçə sual ünvanladıq.

– Başımız sağ olsun. Zəlzələ vaxtı Türkiyədə idiniz. Hiss etdinizmi? Həmin yerdə də dağıntılar oldumu?

– Ankarada idim. Dağıntıların olmamasına baxmayaraq, təkanlar çox güclü idi və hiss edilirdi. Evlər, binalar silkələnirdi. Bir neçə saat əvvəl Malatya şəhərində 5,2 və 4,7 ballıq yeni zəlzələlər olub. Bunların hamısı yaxın ərazilərdə hiss edilir. Zəlzələ təbii fəlakətdir və insan oğlu çarəsizdir… Lazımı tədbirlər əvvəlcədən görülməlidir. Türkiyədə itkilərin çox olmasının ən böyük səbəbi zəlzələ zonası olmasına baxmayaraq, zamanında lazımi tədbirlərin gorülməməsidir…

– Faciə bölgəsində qohumlarınız, dost-tanışlarınız var idimi, aralarında itkilər olmadı?

– Həmin bölgədə çoxlu qohumlarım və dost-tanışlarımın yaşamasına baxmayaraq, onların arasında itkilər olmadı. Amma çox böyük bir fəlakət yaşandı… Təhlükə keçməyib, hər gün yüzlərlə təkan olur və mütəxəssislər bu halın davam etməsinin gözlənilən dəhşətli İstanbul zəlzələsini tətiklədiyini söyləyirlər… Həyatlarını faciəvi şəkildə itirən hər bir insan üçün çox üzülürük. Bu gün Türkiyədə hamı böyük qorxu içində yaşayır…

– Ümumiyyətlə, “Qarabağ”da çalışan türkiyəlilərin yaxınları arasında itkilər oldumu?

– Şükürlər olsun, mənim bildiyim qədərilə yoxdur.

– Bu faciə bütün Azərbaycanı sarsıdıb və sözsüz ki, komandaya da təsirsiz ötüşməyib. “Qarabağ” “Gent”lə oyunda hansısa formada Türkiyəyə dəstəyini ifadə edəcəkmi?

– Azərbaycanın dövlət-xalq olaraq Türkiyəyə göstərdiyi doğma münasibət hamımızı təsirləndirir və çox sevindirir. Allah birliyimizi daimi etsin! Dünyada iki dövlət və xalq arasında bizə bənzər səmimi münasibət, birlik yoxdur. Bu, çox qürurvericidir.

“Gent”lə oyunda zəlzələdə həyatını itirənlərin xatirəsinin bir dəqiqəlik sükut ilə yad ediləcəyi dəqiqləşib. Bu UEFA-nın təşəbbüsüdür. Bilirik ki, avrokubok matçlarının təşkilatçısı UEFA-dır. Azərbaycan və Türkiyə hər bir halda birlikdədirlər. Bunu Türkiyədə yaşayan 7-dən 70-ə hamı bilir. Dediyim kimi, UEFA-nın təşkilatçılığı ilə keçirilən yarışda bizim könlümüzdən keçənləri gerçəkləşdirməyimiz mümkün deyil.

– Bir neçə klubumuz zəlzələdən zərər çəkənlər üçün yardım aksiyaları keçirir və bunu ictimaiyyətə təqdim edir. “Qarabağ”ın baş sponsoru da Türkiyəyə dəstək verib. Klub olaraq hər hansı yardım etmisinizmi?

– Qeyd etdiyiniz kimi, baş sponsor yardımlarını edir. O cümlədən, orada işləyən hər kəs bu aksiyalara qoşulur. Klub olaraq bizim də etdiyimiz və edəcəyimiz yardımlar var. Bunu mümkün qədər klub daxilində, öz aramızda həyata keçirdiyimizdən məlumatsız olmağınız normaldır. Gələcəkdə də yardımlarımıza davam edəcəyik.

– Əsrin faciəsi bütün Azərbaycanı yasa boğub və sözsüz ki, komandanızın oyunçularına da təsirsiz ötüşməyib. Sizcə, “Qarabağ”ın futbolçuları “Gent”lə oyuna psixoloji cəhətdən hazırdırlarmı? Həm də Türkiyə üçün mücadilə edib, matəmdə olan türkiyəli qardaşlarımıza az da olsa, təsəlli verə biləcəklərmi?

– Düzdür, bu hadisələr hamımıza dərindən təsir etdi. Amma “Qarabağ” peşəkar komandadır. Hamı 90 dəqiqə ərzində ancaq oyuna motivasiya olub, qələbə qazanmaq üçün əlindən gələni edəcək. İnşallah, istədiyimiz nəticəni qazanarıq.

Mənbə: Sports.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir