İdman

ATF-dən erməni əsilli tennisçinin növbəti təxribatına münasibət: “Etiraz məktubu göndərmişik”

Sharing is caring!

Tennis üzrə “Australian Open” turnirində Azərbaycana qarşı növbəti təxribata yol verilib.

“Report”un məlumatına görə, yarışda Ermənistanla yanaşı, Qarabağdakı separatçı rejimin bayrağı açılıb.

Bir qrup erməninin məqsədli şəkildə etdiyi təxribatçı əməl turnirdə Rusiyanı təmsil edən erməni əsilli tennisçi Karen Xaçanovun təşəbbüsü ilə yaponiyalı Yesehito Nisioka ilə görüş zamanı törədilib.

Həmçinin Xaçanov oyundan sonra yenidən kameranın obyektivinə “Sona qədər inanmağa davam edin. Artsax, möhkəm ol” yazıb. Bundan sonra Azərbaycan Tennis Federasiyası (ATF) Rusiya Tennis Federasiyasına etiraz məktubu ünvanlayıb.

ATF-nin icraçı direktoru Səbirə Abdullayeva “Report”a açıqlamasında qurumun məsələyə ciddi yanaşdığını bildirib: “Beynəlxalq Tennis Federasiyasına və Rusiya Tennis Federasiyasına idmançının yolverilməz hərəkəti ilə bağlı etiraz məktubu göndərilib. Ümid edirik ki, Xaçanovun belə hərəkətlərinin qarşısı alınacaq və növbəti yarışlarda bu cür hal yaşanmayacaq. Beynəlxalq federasiya və təşkilatçılar gələcəkdə mötəbər turnirlərdə belə halların təkrarlanmaması üçün tədbirlər görəcək. Ümid edirik ki, məsələ obyektiv olaraq öz həllini tapacaq. Düşünürük ki, tennisçinin bu cür münasibəti ölkəmizə qarşı böyük təxribatdır. Biz həmin oyunçu barəsində müəyyən cərimələr, sanksiyalar və onun turnirdən kənarlaşdırılmasını tələb etdik. O, etdiyi hərəkətə görə mütləq cəzalanmalıdır. Öz niyyətimizə, məqsədimizə çatmadan dayanmayacağıq. Onun bu hərəkəti tennisin nüfuzuna da xələl gətirir”.

Xatırladaq ki, Xaçanov yanvarın 20-də ABŞ tennisçisi Frensis Tiafonunu məğlub etdiyi görüşdən sonra da qələbə sevinci adı ilə kameraya ürək sözlərini yazıb. O, obyektivin üzərinə “Artsax möhkəm ol” sözlərini qeyd edib. Azərbaycan Tennis Federasiyası həmin hadisədən sonra da Beynəlxalq Tennis Federasiyasına və Rusiya Federasiyasına etiraz məktubu ünvanlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir