Dünya

Yuri Qoliqorski: “Britaniya Ukraynaya kömək etməyə, Ankara və Bakı ilə dost olmağa davam edəcək” – MÜSAHİBƏ

Sharing is caring!

Təzyiqlərə inadla müqavimət göstərməsinə və istefaya getmək istəməməsinə baxmayaraq, Böyük Britaniyanın Baş naziri Boris Conson iyulun 7-də buna məcbur oldu. O, hökumət başçısı və ölkənin Mühafizəkarlar Partiyasının lideri vəzifələrindən istefa verib. Bundan əvvəl 50-dən çox deputat və nazir onun hökumətini tərk etdiklərini bəyan etmişdilər.

İstefa Böyük Britaniyada həm birbaşa Boris Conson, həm də onun ətrafı ilə bağlı çoxsaylı “etik” qalmaqalların səbəb olduğu siyasi böhranın nəticəsi idi.

Bununla belə, Britaniya baş nazirinin gedişinin siyasi versiyası da var. Çoxları hesab edir ki, buna səbəb onun Rusiyanın Ukraynaya təcavüzünü ardıcıl olaraq pisləməsi və Ukrayna tərəfinə hərtərəfli dəstəyi ilə bağlıdır. Təsadüfi deyil ki, Ukraynada onu zarafatla öz dillərində – Boris Consonyuk adlandırırdılar, Kiyevin “Zavertailo” çörək zavodunda isə Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmonsun dadına baxıb bəyəndiyi Boris Consonyuk kruassanlarını bişmiş krem və alma ilə hazırlamağa başladılar.

Britaniyalı jurnalist və analitik Yuri Qoliqorski Boris Consonun istefasını Oxu.Az-a müsahibəsində şərh edib.

– Böyük Britaniyanın baş nazirini postunu tərk etməyə nə məcbur etdi? Bunun qalmaqallı ziyafətlərlə bağlı olduğu haqda versiyalar var. Ukrayna mənbələri isə yazır ki, Rusiya hökuməti kütləvi şəkildə tərk edən nazirləri rüşvətlə ələ alıb…

– Təbii ki, hökümətdə hansısa rüşvətdən söhbət gedə bilməz (gülür). Başa düşürəm ki, ukraynalılar inciyiblər, çünki Boris Conson Ukrayna üçün “xilas mələyi” olub. O, Qərb koalisiyasına rəhbərlik edib və Böyük Britaniya daxilində bütün qüvvələri Ukraynaya köməyə çağırıb. O, hətta istefa verdiyini açıqlayanda da Ukraynadan bəhs etdi, Böyük Britaniyanın lazım olduğu qədər onu qoruyacağını söylədi.

Boris Consonu həm də güclü tərəflərinin bir növ davamı olan zəif tərəfləri bu vəziyyətə saldı. O, baş nazir postunu çox da ciddi qəbul etməyən, reputasiyası ilə bağlı istənilən çətin vəziyyətdən çıxa biləcəyinə inanan zarafatcıl insandır. Nəticə etibarı ilə son bir neçə ayda hökumət məhz bu cür vəziyyətlərdən xilas olmaqla məşğuldur.

– Böyük Britaniyanın Ukrayna ilə bağlı siyasəti yeni baş nazir təsdiqləndikdən sonra dəyişə bilərmi?

– Böyük Britaniyanın Boris Consondan sonra baş nazirinin kimliyindən asılı olmayaraq, Ukraynaya dəstəyini geri götürməsi çox çətindir, hətta mümkünsüzdür. Onun Ukrayna ilə bağlı siyasəti həm hakim Mühafizəkarlar, həm də müxalifətdəki Leyboristlər partiyası tərəfindən bəyənilib. Burada heç bir fikir ayrılığı yox idi. Bütün parlament üzvlərinin Ukrayna Prezidenti Volodimir Zelenski orada çıxış edərkən (video əlaqə vasitəsilə) onu necə alqışladığını xatırlamaq kifayətdir. Bir sözlə, bu baxımdan ukraynalılar narahat olmasınlar.

– Gəlin bir az da daxili problemlərdən danışaq. Boris Conson istefası ərəfəsində Şotlandiyanın birinci naziri, Şotlandiya Milli Partiyasının lideri Nikola Sterdjenin 2023-cü il oktyabrın 19-da regionun Böyük Britaniyadan ayrılması ilə bağlı ikinci referendumun keçirilməsi (birincisi 2014-cü ildə baş verib) təklifindən imtina etdi. Yeni baş nazirlə vəziyyətin dəyişməsi və şotlandlara referendum keçirməyə icazə verilməsi mümkündürmü?

– Belə olacağını düşünmürəm. Amma baş nazir postuna kim gəlirsə gəlsin, Şotlandiyanın müstəqilliyi məsələsi çox kəskin olacaq. Amma mən düşünmürəm ki, hansısa baş nazir Şotlandiya parlamentinə ikinci referendumun təşkilinə icazə verə bilsin.

Şotlandiyanın ayrılması Böyük Britaniyanın praktiki olaraq dağılmasıdır. Təbii ki, ağlı başında olan heç bir baş nazir buna getməz. Amma bu problem öz-özünə həll edilməyəcək. Şotlandiya Milli Partiyasının lideri xanım Nikola Sterdjen iddia edir ki, o, əvvəlcə referenduma, sonra Şotlandiyanın Böyük Britaniyadan ayrılmasına nail olmaq niyyətindədir.

– Böyük Britaniyanın Türkiyə və Azərbaycanla münasibətləri barədə soruşmaya bilmərəm. Boris Consonun dövründə onlar pis deyildi. Nəsə dəyişə bilərmi?

– Mənə elə gəlir ki, sualınız bir qədər yarımçıq idi. Boris Consonun dövründə Britaniyanın Azərbaycan və Türkiyə ilə münasibətləri nəinki stabil yaxşı idi, həm də getdikcə daha da yaxşılaşırdı. Heç bir fikir ayrılığı yox idi…

– Olmayacaq da?

– Münasibətlərin pisləşməsi üçün heç bir səbəb görmürəm. Təbii ki, gözlənilməz bir şey baş verməsə. Amma məncə, hər şey ancaq yaxşılaşmağa doğru gedir.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir