Dünya

“Carnegie Hall” konsert mərkəzi Azərbaycan musiqisinə ev sahibliyi edib – FOTO

Sharing is caring!


ABŞ-nin Nyu-York şəhərində yerləşən məşhur “Carnegie Hall” konsert mərkəzi Azərbaycan musiqisinə ev sahibliyi edib.

“Report”un yerli bürosu xəbər verir ki, ABŞ-də fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, Azərbaycanın əməkdar artisti, professor, tanınmış pianoçu Nərgiz Əliyarovanın solo konserti keçirilib.

Anşlaqla keçən konsert proqramına müxtəlif ölkələrdən olan sənətsevərlər və Amerikada yaşayan azərbaycanlılar qatılıb.

Konsert proqramı dünya şöhrətli bəstəkar, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun 90 illik yubileyinə həsr olunub.

Gecədə sənətçi bəstəkar Arif Məlikovun Azərbaycan musiqisinə və dünya incəsənətinə bəxş etdiyi əvəzolunmaz töhfələrdən bəhs edilib.

N.Əliyarova konsertdə bəstəkarın “Məhəbbət əfsanəsi” baletindən fortepiano üçün işlənmiş parçaları ifa edib. Pianoçu baletin süjet xəttini danışıb, bu əsərin Məlikovun yaradıcılığında tutduğu mərkəzi roldan söz açıb, baletin dünyanın onlarla müxtəlif səhnələrində qoyulduğunu vurğulayıb.

Gecədə pianoçu A. Məlikovun musiqisi ilə yanaşı, dahi bəstəkarlar Bethovenin, Şopenin və Debüssinin əsərləri də ifa edilib. N.Əliyarovanın ifasında Şopenin valsı gecəyə xüsusi rəng qatıb.

Yerli sənətsevərlər musiqiçinin ifasını heyranlıqla dinləyiblər. Çıxışının sonunda qonaqlar pianoçunu ayaqda alqışlayaraq yenidən səhnəyə çağırıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir