Dünya

Rusiyalı jurnalistlər işğaldan edilən ərazilərdə növbədənkənar prezident seçkisini müşahidə ediblər – FOTO

Sharing is caring!


Rusiyanın məşhur Lenta.ru saytında Azərbaycanda ötən gün keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı yazı dərc olunub.

Müəllif oxucuların diqqətinə çatdırıb ki, Qarabağ işğaldan azad ediləndən sonra dövlətin müasir tarixində ilk dəfə olaraq prezident seçkisi ölkənin bütün ərazisini əhatə edib, 125 seçki dairəsinin 6 537 seçki məntəqəsində altı milyon yarımdan çox seçici iştirak edib.

Yazıda qeyd olunur ki, saytın əməkdaşları seçkiyə bir neçə gün qalmış Bakı küçələrində sorğu keçirib və Azərbaycan cəmiyyətini ən çox narahat edən Qarabağ problemini həll edən İlham Əliyevin populyarlığının şahidi olublar.

“Prezidentimiz balanslaşdırılmış daxili və xarici siyasət aparır və hamı ilə dost olmaq istəyir. İndi ölkə başçısı Rəcəb Tayyib Ərdoğan və sizin Prezident Vladimir Putinlə çox yaxşı dostdurlar, hamı bir-birini çox yaxşı başa düşür. Bizim Prezidentimiz 30 il ərzində azərbaycanlıların ən böyük dərdinə çevrilmiş olan Qarabağın işğalına son qoydu. Dünyada bunun analoqu yoxdur, hansısa başqa rəhbərin belə bir uğuru təkrarladığını görə bilməzsiniz, amma bizim Prezidentimiz, Ali Baş Komandanımız bunu həyata keçirə bildi”, – deyə Bakı sakinlərindən biri rusiyalı jurnalistin diqqətinə çatdırıb.

Seçki günü saytın əməkdaşları bir qrup rusiyalı və beynəlxalq jurnalistlərlə birgə Bakıdan Qarabağa yola düşüblər. Onlar işğaldan azad edilən Azərbaycan torpaqlarında təşkil edilən növbədənkənar prezident seçkisini müşahidə ediblər.

“İlk olaraq Zabux kəndinə getdik. Bu gün artıq 797 nəfər zabuxlu uzun illərin çətin sınaqlarından sonra doğma kəndinə qayıdıb. Yeni tikilmiş məktəbdə yerləşən seçki məntəqəsində fəallıq hiss olunur. Kənd sakinlərindən başqa, əraziləri minalardan təmizləyən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları da öz seçki hüququndan istifadə edirlər”, – jurnalist qeyd edir.

Məqalə müəllifinin marşrutunun növbəti nöqtəsi Laçın şəhəri olub. Jurnalist qeyd edib ki, artıq 1 627 laçınlı öz doğma yurduna qayıdıb.

“Burada iki seçki məntəqəsi var ki, onlardan birində, əsasən, yerli sakinlər, digərində isə yenidənqurma işləri ilə məşğul olan işçilər səs verirlər. Bizi təəccübləndirən hər iki seçki məntəqəsində yaşanan seçici fəallığıdır. Və burada da hamı yekdilliklə İlham Əliyevi dəstəklədiyini və səslərini məhz hazırkı prezidentə verdiyini vurğulayırdı”, – seçkiləri müşahidə edən jurnalist qeyd edib.

Müəllif vurğulayır ki, rusiyalı jurnalistlərin baş çəkdikləri seçki məntəqələrinin heç birində qanun pozuntusu qeydə alınmayıb.

“Seçkidən sonra Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası elan edib ki, İlham Əliyev 76,73 faiz (son seçkidə seçici fəallığı 74 faiz olub) səslərin 92,1 faizini toplayaraq beşinci dəfə prezident seçkisində qalib gəlib. Bu xəbərin ardınca isə Qarabağın, Şuşanın səması atəşfəşanlığa büründü”, – məqalə müəllifi fikrini tamamlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir