Dünya

Amangeldi Kurmetuli: “Ermənistanın getdiyini heç kim hiss etməyəcək” – MÜSAHİBƏ

Sharing is caring!


2024-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik Belarusdan Qazaxıstana keçdi. Astana isə artıq KTMT-dəki prioritetlərini səsləndirib. Ölkə Prezidenti Kasım-Jomart Tokayevin sözlərinə görə, təşkilat BMT və onun strukturları, MDB və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı davam etdirməlidir. O, antiterror tədbirlərinin aparılmasının vacibliyini də bildirib.

Eyni zamanda, KTMT-nin uzun müddətdir ki, bu struktur çərçivəsində görüşlərdə iştirakdan yayınan, birgə təlimlərə məhəl qoymayan Ermənistan kimi bir problemi var. Görünür, İrəvan bu davranışını 2024-cü ildə də davam etdirəcək. Məsələn, Ermənistan Müdafiə Nazirliyi qeyd edib ki, “KTMT təlimlərində iştirak məsələsini təşkilatın hər bir üzvü bilavasitə onların keçirilməsinin elanı olunduğu mərhələdə həll edir”. İrəvanın bu manevrlərə qatılıb-qatılmayacağı barədə bir kəlmə də deyilməyib.

Prinsipcə, ötən il dekabrın sonunda Ermənistan parlamentinin sədri Alen Simonyan artıq bu məsələyə, bir növ, son qoyub. Amma o da açıqlamasında KTMT-nin qəbul etməsini istədikləri “Azərbaycan hərbçilərinin Ermənistan ərazisində olması” kimi absurd bəyanatsız ötüşməyib.

Görünən odur ki, KTMT-yə üzv dövlətlər belə bir bəyanat verməyəcəklər. Bunu Oxu.Az-a Qazaxıstanın məşhur hərbi analitiki Amangeldi Kurmetulı deyib.

– Sizcə, Qazaxıstanın sədrliyi ilə KTMT-də “erməni böhranı” necə həll olunacaq? İrəvan dəfələrlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından məyusluğunu dilə gətirərək onu həm İkinci Qarabağ müharibəsi zamanı, həm də ondan sonra erməni tərəfinə yardım etməməkdə ittiham edib.

– Dərhal qeyd edim ki, Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və BMT-nin qətnamələrinə əməl edir. Ona görə də Astana, yumşaq desək, yanlış adlandıra biləcəyimiz erməni bəyanatlarına cavab verməyəcək. Düşünürəm ki, KTMT-nin qalan üzvləri Ermənistandan gələn bəyanatlara, xüsusən Azərbaycan Ordusunun guya Ermənistan ərazisində yerləşməsi kimi iddialara məhəl qoymayacaqlar.

Gəlin açıq danışaq, KTMT çox güclü hərbi ittifaq deyil. Təşkilatın əsas prioriteti terrorla mübarizədir. KTMT-yə daxil olan ölkələr istənilən münaqişələrə qarışmaqdan çəkinəcəklər. Düşünürəm ki, bu il Ukrayna böhranı ilə bağlı bir dənə də olsun birgə bəyanat verilməyəcək. Qazaxıstan və Qırğızıstanın isə, ən azı, Cənubi Qafqazdakı vəziyyətlə bağlı çox aydın fikirləri var. Yenə deyirəm – Azərbaycanın ərazi bütövlüyünə dəstəyimiz mütləqdir.

Lakin əgər İrəvan KTMT-dən çıxmaq istəyirsə – buyursun. Qalan KTMT-yə üzv olan ölkələr də buna qarşı çıxmayacaq, heç kədərlənməyəcəklər də. Ermənistanın KTMT-dən getməsini heç kim hiss etməyəcək. KTMT-nin diqqətini, məsələn, Çinin KTMT-yə daxil olması çəkə bilər (gülür), lakin bu, təbii ki, baş verməyəcək.

– Qayıdaq Qazaxıstanın KTMT sədri kimi ümumi siyasətinə.

– Düşünürəm ki, o, diqqətli və ehtiyatlı olacaq. Şimal qonşumuzun – Rusiyanın Qazaxıstan Respublikasına ziyan vurmaması bizim üçün vacibdir. Bu ən vacibdir. Bizə qarşı iddialar irəli sürən, Qazaxıstanın şimal rayonlarını rus torpağı adlandıran bəzi rusiyalı siyasətçilərin və deputatların tez-tez səsləndirdikləri açıqlamalarını unutmuruq. Ona görə də təkrar edirəm, Astana diqqətli olacaq və sona qədər bu təşkilatda qalacaq.

– Belə bir şəraitdə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində hərbi-siyasi əməkdaşlığın inkişaf etdirilməsi nə dərəcədə vacibdir?

– TDT çərçivəsində konkret sazişlər olmasa da, belə əməkdaşlıq artıq mövcuddur. İş ikitərəfli və çoxtərəfli prinsiplərə əsaslanır. Məsələn, Azərbaycan və Qazaxıstan Xəzərdə birgə təlimlər keçiriblər və keçirəcəklər. Hərbçilərimizlə Özbəkistan və Türkiyə arasında birgə işlər olub və olacaq. Fövqəladə Hallar nazirlikləri arasında qarşılıqlı əlaqə var, lakin bunlar, hər şeydən əvvəl, hərbiləşdirilmiş strukturlardır.

Beləliklə, biz əməkdaşlığın hərbi tərəfləri barədə açıq bəyanatlar verməsək də, bunun əsasını yaradırıq.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir