Dünya

Ermənistan Rusiyanın orbitinə qayıdır: Yaxın vaxtlarda Paşinyan… – “Kaspi”nin ŞƏRHİ

Sharing is caring!


Ermənistanın elektrik şəbəkəsi Rusiyaya məxsus şirkətin nəzarətindədir. Eyni zamanda, əsas enerji istehsal edən İES və SES-lərdə də söz sahibi Moskvadır. Paşinyan ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün heç nə edə bilmir.

Paşinyan hökuməti Ermənistanın enerji təhlükəsizliyini təmin etmək, yeniləmək üçün müxtəlif proqram və layihələr irəli sürüb. Amma bütün bunlar kağız üzərində qalıb. Bununla yanaşı, Ermənistan hökumətinin Moskva əleyhinə atdığı addımlar da rus siyasi elitası tərəfindən xoş qarşılanmayıb.

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

İranla layihə “suya düşüb”

2023-cü ilin əvvəlində erməni hökuməti bəyan etmişdi ki, İranla inşa edilən üçüncü yüksək gərginlik xətti il sonuna qədər istifadəyə veriləcək. İlin bitməsinə bir neçə gün qalsa da, ortada heç bir nəticə yoxdur. Əksinə, verilən sözün yerinə yetirilməməsi cəmiyyətdə gərginliyə səbəb olub. Sözügedən layihə hələ 2019-cu ildən başlasa da, hər il müxtəlif bəhanələrlə təxirə salınıb. Görünür, Paşinyan komandasının digər vədləri kimi bu layihə də kağız üzərində qalacaq. İran isə bu məsələdə susqunluğunu qoruyur. Rəsmi Tehranın başı Rusiya və Azərbaycanla cari ildə reallaşdırılması planlaşdırılan elektrik enerjisi ixracı layihəsinə qarışıb.

Ermənistanın enerji sektorunda xaos hökm sürür

Hazırda Ermənistanın enerji sektorunda xaos hökm sürür. Daim investisiya tələb edən sahəyə hökumət son illər bir dram da xərcləməyib. Yeniliklər, innovasiyalar, təmir işləri sıfır səviyyəsindədir. Hakim komanda tərəfindən irəli sürülən layihələr isə sadəcə kağız üzərindədir. Həddən artıq köhnələn şəbəkəyə pul yatırmaq hakimiyyətin ağlından belə keçmir. Artıq Ermənistanın bir sıra ərazilərinə qar yağıb. Belə vəziyyətdə köhnə şəbəkənin nə qədər dözümlü olacağı, yüklənmələrə tab gətirib-gətirməyəcəyi sual altındadır.

Nə İrandan qaz alan var, nə də enerji satan

Paşinyan komandasının elektrik enerjisi ixracı ilə bağlı vədi də yerinə yetirilməyib. İqtisadiyyat və Energetika nazirlikləri hər həftə mətbuata ciddi işlərin görüldüyü barədə ağızdolusu məlumatlar versələr də, ortada nə fal var, nə də yumurta. İqtisadiyyat naziri Vahan Kerobyan qeyd etmişdi ki, İrandan təbii qaz alınacaq, bu qazla elektrik enerjisi istehsal ediləcək və onun qonşu ölkələrə satışı həyata keçiriləcək. Amma hələlik İrandan nə qaz alan var, nə də ki, enerji satan. Erməni hökuməti daxili tələbatı ödəmək üçün baş sındırır.

ABŞ üçün təcrübə dovşanı olmaq təhlükəsi

Bu yaxınlarda Birləşmiş Ştatlarla razılaşdırılan kiçik modul tipli atom elektrik stansiyaları məsələsini erməni hökuməti az qala əsrin enerji müqaviləsi kimi təqdim edirdi. Amma çox qısa müddət sonra bu layihənin də fiaskoya uğradığı üzə çıxıb. Vaşinqtonun təklif etdiyi modul zavodların tikintisi ABŞ-nin özündə qadağan edilib. Sınaq mərhələsini belə keçməyən layihənin ciddi təhlükəsizlik problemləri var. Rəsmi İrəvan artıq anlayıb ki, bu məsələdə okeanın o tayı üçün təcrübə dovşanı rolunu oynaya bilər. Bunu son günlər erməni KİV-lərində sözügedən layihə ilə bağlı yer alan tənqidi yazılardan da görmək mümkündür.

2024-cü il qiymət artımları ilə başlayacaq

Ümumilikdə Rusiya ilə münasibətləri pisləşdirmək Ermənistanın enerji sektoruna ciddi ziyan vurub. Kremlin qəzəbi qiymət artımlarında özünü göstərə bilər. Hətta erməni ekspertlər də etiraf edirlər ki, növbəti ildə belə bir təhlükə ilə rastlaşmaq riski var. Hazırda Moskva İrəvana 1000 kubmetr qazı dünya bazarı qiymətindən çox aşağı, yəni 175 dollara satır. Eyni zamanda, AES üçün lazım olan uran da qat-qat aşağı qiymətə tədarük edilir. Hakim komanda isə gələn ilin qiymətləri üçün qarşı tərəflə danışıqlardan narazılığını gizlətmir. 2024-cü ildə idxal edilən təbii qazın və zənginləşdirilmiş uranın qiymətinin kifayət qədər artacağı ehtimalı yüksəkdir.

Atdığı addımların təmsil etdiyi ölkəni uçuruma sürüklədiyini anlayan Nikol Paşinyan deyəsən Rusiya ilə münasibətləri normallaşmaq məcburiyyətində qalacaq. Ötən həftənin şənbə günü Gümrü şəhərində hakim partiyanın iclasında baş nazir və XİN rəhbəri Ararat Mirzoyan addımlarının Qərb tərəfindən düzgün dəyərləndirilmədiyindən gileyləniblər. Qeyd edilib ki, Rusiya ilə münasibətlərdə normallaşmaya keçməyin vaxtı çatıb. Yaxın vaxtlarda Nikolun Rusiyanın söz sahibi olduğu iclaslarda və görüşlərdə iştirak edəcəyi də istisna edilmir.

Rusiya AES-ə nəzarətini davam etdirəcək

Ermənistanın Rusiya qarşısında əyilməsi artıq AES sahəsində özünü büruzə verir. İki ölkə arasında Ermənistan AES-in 2 saylı enerji blokunun istismar müddətinin yenidən uzadılması üzrə tədbirlər planının həyata keçirilməsi üçün çərçivə müqaviləsi imzalanıb. Bundan əlavə, “Rosatom Servis” stansiyaya 2036-cı ilə qədər xidmət göstərmək barədə müqavilə imzalayıb. Layihənin dəyəri isə 65 milyon dollardır. Bu günə qədər enerji sektoruna bir dram xərclənmədiyini nəzərə alsaq, pulun kim tərəfindən ödəniləcəyi məlumdur. Ermənistanda daxili enerji tələbatının böyük hissəsinin AES tərəfindən ödənildiyini nəzərə alsaq, onda ölkənin enerji təhlükəsizliyinin hələ uzun müddət Rusiyanın nəzarətində olacağı aydınlaşır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir