Dünya

Bakıdan başlayan hərəkat: Fransa müstəmləkələrində etiraz dalğası güclənir – ŞƏRH + FOTO

Sharing is caring!


Əsrlər boyu Afrikada və dünyanın fərqli regionlarında bir sıra ölkələri müstəmləkəsi olaraq görən, qətliamlar törədən, əli milyonlarla insanın qanına batan Fransa xarici və daxili siyasətdə ciddi problemlər yaşayır. Hakimiyyətin yarıtmaz idarəçiliyinin nəticəsidir ki, indi bu dövlət keçmiş müstəmləkələrindən biabırçı formada qovulur. Həmin ölkələrdə Parisə qarşı etiraz aksiyaları səngimir. Keçmiş müstəmləkələrdə Yelisey sarayına qarşı çıxışlar, narazılıqlar günü-gündən artır.

Keçmiş müstəmləkələrdə keçirilən aksiyalarda artıq konkret tələblər qoyulur, müstəqilliyin vacibliyi irəli sürülür. Bunun səbəblərindən biri də Bakıda keçirilən çoxsaylı beynəlxalq konfranslar, forumlardır. Həmin tədbirlərdə keçmiş koloniyaları təmsil edən şəxslər bildirdilər ki, artıq müstəqil olmaq istəyir, idarə olunmağı rədd edirlər. Ən əsası, məhz Bakıda keçirilən tədbirlərdə birgə fəaliyyət proqramı – Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupu yaradılıb. Nəticə də ortadadır. Ötən həftə Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən Yeni Kaledoniyada fransızların neokolonializm siyasətinə qarşı etiraz aksiyası keçirildi. Xarici işlər naziri Jerald Dermanenin səfərinə etiraz olaraq baş tutan aksiyada 10 minə yaxın insanın iştirak etdiyi bildirilir. Müstəqillik tələb edən insanlar aksiyalar zamanı Fransanın müstəmləkə siyasətini ifşa edən dövlətlərin, xüsusən də Azərbaycanın bayrağını qaldırıblar.

Bundan əvvəl digər ölkələrdə də Fransa zülmünə qarşı aksiyalar keçirilib və Rusiya bayrağı dalğalandırılıb. “Biz heç zaman ata-babalarımızın azad olmaq arzusundan imtina etməyəcəyik”, – etirazçılar aksiya zamanı bəyan ediblər.

Bəs Fransanın keçmiş koloniyalarında artan etirazların səbəbi nədir? Görünən odur ki, artıq daha çox ölkə onun təsir dairəsindən çıxmaq istəyir, özlərinə yeni tərəfdaşlar axtarırlar.

“Kaledoniyalılar Fransa ilə münasibətləri niyə kəsmək istəyirlər?” Bu sorğu ilə rəyi soruşulanlar hesab edirlər ki, COVID-19 pandemiyası zamanı onların ərazisində referendum keçirilib, lakin nəticələr saxtalaşdırılıb.

“Yeni Kaledoniya sakinlərinin öz müqəddəratını təyin etmək hüququ var və biz problemin həlli yollarını axtarırıq”, – kaledoniyalılar müstəqil və azad olmağın vacibliyini qeyd ediblər. Onlar fransız xalqına qarşı deyil, bu ölkənin müstəmləkəçilik siyasətinə qarşı mübarizə apardıqlarını, ölkənin müstəmləkəçilik siyasətinin qaneedici olmadığını irəli sürüblər. Vəziyyətin bu həddə çatmasında isə indiki prezident Emmanuel Makron ittiham edilir. Bildirilir ki, Makron sələflərindən daha çox müstəmləkəçilik xəttinə sadiqdir. Yeni Kaledoniya xalqının nailiyyətlərini azaltmağa, azadlıqlarını boğmağa çalışan Parisin bununla da öz müstəmləkəçilik siyasətini həyata keçirdiyi vurğulanır.

Bəs keçmiş müstəmləkələrin aksiyalarda Azərbaycan və Rusiya bayraqlarını qaldırmaları nə anlama gəlir? Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov Kremlin nəzarətində olan saytlardan birinə bildirib ki, Azərbaycan bayrağının uzaq Yeni Kaledoniyada küçə mitinqində görünməsi təsadüfi deyil.

“Azərbaycan dəfələrlə neokolonializmlə mübarizə aparan xalqlara dəstəyini ifadə edib. O, ilk növbədə, müasir fransız neokolonializminin mənfi təzahürünü elan etdi. Onun mövqeyi dünyada məlumdur, hətta Afrika, Okeaniya ölkələrində, Sakit okeanın ada dövlətlərində, Hind və Atlantik okeanında da nəzərə çarpır”, – politoloq bəyan edib. O qeyd edib ki, hazırda Qoşulmama Hərəkatı neokolonializmə qarşı çıxan dünya platformalarından birinə çevrilib. Onun köməyi ilə Qərbin müstəmləkəçilik siyasətinin bütün nəticələrini görən və xarici işğalı yaşayan bir çox ölkə və xalqlar öz sözlərini demək üçün platforma tapıblar”, – ekspert bildirib.

Solonnikovun xatırlatdığı kimi, son illərdə bir neçə digər keçmiş Fransa koloniyası Parisin təsirindən qurtulmaq istəyini ifadə edib. Oxşar çağırışlar Mali, Burkina-Faso və Nigerdəki etirazlar zamanı da edilib.

“Orada həm hakimiyyət, həm də küçə etirazlarının iştirakçıları fransız qoşunlarının çıxarılmasını tələb etdilər – və orada yerli bayraqlarla yanaşı, yerli sakinlər Moskvadan dəstək gördükləri üçün meydanlar üzərində Rusiya bayrağı dalğalandı”, – Solonnikov vurğulayıb.

Ekspert hesab edir ki, görünür, xaricdəki müstəmləkələrdə Fransanın diktaturasından xilas olmaq ümidləri də Bakıya bağlanıb.

Beləliklə, Fransa artıq Afrikada və digər ərazilərdəki mövqeyi ilə yanaşı, nüfuz və gəlirini də itirir. Məsələn, son hakimiyyət dəyişikliyinə qədər Niger Fransa təsirinin son qalalarından biri hesab olunurdu. Bu, böyük ölçüdə ölkənin Fransa nüvə enerjisinin əsas elementi olan uranın strateji ehtiyatları ilə bağlı idi. Fransanın istehlak etdiyi uranın 40%-ə qədəri Nigerdən gəlirdi, indi bu gəlirdən məhrum olub. Keçmiş müstəmləkələrin valyuta ehtiyatlarının 80%-dən çoxu Fransa Xəzinədarlığının nəzarətində olan “əməliyyat hesablarında” saxlanılır. Ekspertlərin fikrincə, hazırda bu rəqəm 500 milyard dollardır. Bu vəsait Afrika ölkələrinin olsa da, onun yalnız 15%-ni xərcləyə bilirlər.

Yuxarıda qeyd etdiyimiz kimi, ilk dəfə olaraq Bakıda Fransanın müstəmləkə mahiyyətinin ortaya qoyulduğu tədbirlər öz konkret nəticəsini göstərir. Artıq Azərbaycan paytaxtı hüquqları tapdalanan azsaylı xalqlar üçün ümid yerinə çevrilir və proses davam edəcək.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir