Dünya

ABŞ-nin rəzilliyi rəqəmlərdə – ŞƏRH

Sharing is caring!


ABŞ dünyaya insan hüquqları ilə bağlı dərs keçir. Lakin öz daxilində olan haqsızlıqları, hüquqsuzluqları gündəmə gətirmir. Beləcə, ABŞ-nin məsələlərə insan hüquqları istiqamətindən yanaşması ikiüzlülük və riyakarlıqdır. Elə bilərsiniz ki, bu fikirləri havadan söyləyirik. Yox, elə deyil, ABŞ-də insan haqları sahəsindəki pozuntulara dair kifayət qədər dəlillər var.

Bildirək ki, ABŞ-dəki insan hüquqları üzrə acınacaqlı mənzərə özünü müxtəlif sferalarda təzahür etdirir.

Onları qruplaşdıraq. Məsələn, ABŞ-də irqi ayrı-seçkilik artır və bərabərsizlik yüksəlir. Bunun məntiqi davamı olaraq ölkədə aşağı siniflərin yaşayış səviyyəsində böhran yaşanır. Ölkədə polis zorakılığı, həbsxanalarda qeyri-insani rəftar da az deyil.

Özünü insan hüquqlarının müdafiəçisi kimi qələmə verən ölkədə pul siyasəti, irqi ayrı-seçkilik, siyasi səviyyədəki problemlər, sərvət qütbləşməsi kimi “xroniki xəstəliklər” vüsət alıb.

Silah zorakılıqları

Bu problemlər azmış kimi, silahlı insidentlər də çoxalıb. Bunun səbəbi ABŞ hökumətinin silahlara nəzarəti xeyli yumşaltmasıdır. Qeyd edək ki, ABŞ ştatlarının yarısı silah məhdudiyyətlərini xeyli yüngülləşdirib. Birləşmiş Ştatlarda 2022-ci ildə silah zorakılığı nəticəsində 80 000-dən çox insan ölüb və ya yaralanıb.

ABŞ üçüncü ildir ki, kütləvi atışmalarla bağlı dünya statistikasında “liderliyi”ni saxlayır. 2022-ci ildə ABŞ-də 600-dən çox silahlı kütləvi atışma qeydə alınıb. Bir sözlə, silah zorakılığı “Amerika xəstəliyi”nə çevrilib.

Seçki demokratiyası nağılı

2022-ci ildə ABŞ-də aralıq seçkiləri ölkənin ən bahalı seçkisinə çevrildi. Bununla da ABŞ tipli demokratiya xalq dəstəyini itirdi. Həmin aralıq seçkilərinin məcmu xərcləri 16,7 milyard ABŞ dollarından çox idi. Milyarderlərin qaranlıq pul ianələri ABŞ seçkilərini gizli şəkildə manipulyasiya edir. Bununla da ölkədə ölkə üzrə siyasi qütbləşmə və sosial parçalanmanın aradan qaldırılması çətinləşir. Amerikalıların 69 faizi öz demokratiyasının “yıxılma riski” altında olduğuna inanır.

Amerikalı seçicilərin 86 faizi demokratiyanın “çox ciddi təhdid”lərlə üz-üzə qaldığını bildirir. Deməli, ölkədə Amerika tipli demokratiyaya dair ümumi ictimai məyusluq var.

İrqçilik, polis zorakılığı, narkomaniya

ABŞ-də irqçilik artmaqdadır. Etnik azlıqlar geniş yayılmış ayrı-seçkiliyə məruz qalırlar. ABŞ-də irqi qərəzliliyə əsaslanan nifrət cinayətləri 2020-22-ci illər arasında kəskin şəkildə artıb. Asiya mənşəli amerikalıların 81 faizi Asiya icmalarına qarşı zorakılığın artdığını deyirlər. Afrikalı amerikalıların polis tərəfindən öldürülmə ehtimalı ağlara nisbətən 2,78 dəfə çoxdur.

Tarixdə ABŞ hökumətinin hindulara və digər aborigenlərə qarşı apardığı soyqırımı və mədəni assimilyasiyanın gətirdiyi iztirablar bu gün də davam edir.

Gözlənilən ömür uzunluğu kəskin şəkildə azalıb və narkomaniyadan ölümlər artmaqda davam edir. ABŞ-də orta ömür uzunluğu 2019-cu ildən 2021-ci ilə qədər 2,7 il azalaraq 76,1 yaşa düşüb ki, bu da 1996-cı ildən bəri ən aşağı göstəricidir.

Qruplar və siyasətçilər pul müqabilində alver edərək narkotik və maddə asılılığının çiçəklənməsinə şərait yaradırlar. Narkotik və maddə asılılığından ölən amerikalıların sayı son illərdə kəskin şəkildə artaraq ildə 100 000-dən çox olub. Narkotik maddələrdən istifadə ABŞ-nin ən dağıdıcı ictimai səhiyyə böhranlarından birinə çevrilib.

Sanksiyaların bumeranq effekti

ABŞ 21-ci əsrin əvvəlindən bəri dünyanın 85 ölkəsində antiterror adı altında hərbi əməliyyatlar həyata keçirib. Bu əməliyyatlar birbaşa olaraq ən azı 929 min mülki insanın həyatına son qoyub, 38 milyon insanı yaşadığı yerlərdən didərgin salıb.

ABŞ antiterror əməliyyatlarını maliyyə sahəsinə də sirayət etdirir. ABŞ birtərəfli sanksiyalar tətbiq edir və hələ də 20-dən çox ölkəyə sanksiyası var. Antiterror əməliyyatlarına xərclənən pullar, üstəgəl sanksiyalar birbaşa ABŞ vətəndaşlarının hüquqlarını pozan alətə çevrilir. Antiterror əməliyyatları və sanksiyalar ölkədə əhalinin əsas ərzaq və dərmanlara çıxışında əngəllər yaradır.

İmmiqrasiya dərdi

Sosial fəlakəti pik həddə çatdıran başqa bir səhnə də var. Bu, immiqrasiya məsələsidir. ABŞ-də immiqrasiya məsələsi, az qala, partizan müharibəsinə çevrilib. İmmiqrantlar həddindən artıq ksenofobiya və qəddar rəftarla üzləşirlər.

2022-ci ildə ölkə sərhədində 2,4 milyona yaxın immiqrant həbs olunub.

Həbsxanalarda vəziyyət

ABŞ-də həbsxanalar həddən artıq dolub. Çünki ölkədə cinayətkarlığın növləri sürətlə inkişaf edir. Həbsxanalar isə məcburi əməyin və cinsi istismarın adi hal aldığı müasir köləlik müəssisəsinə çevrilib.

Əlavə olaraq, Birləşmiş Ştatlar dünyada ən yüksək həbs nisbətinə malikdir və həbsxana şəraiti dəhşətlidir. ABŞ-də məhkumların həyatı və sağlamlığı ciddi təhlükə altındadır.

2022-ci ilin oktyabrında “Prison Legal News”da dərc edilən araşdırmaya görə, məhbusların hüquqları, mühafizəçi çatışmazlığı və Alabama həbsxana sistemində qeyri-adekvat infrastruktur məhbuslar arasında şiddət və ölüm hallarının yüksək olmasına səbəb olub. 2022-ci ilin ilk səkkiz ayında 39 ölüm hadisəsi baş verib, onlardan 30-u qeyri-təbii ölüm olub.

Qeyd edək ki, ABŞ-də hər 100 000 nəfərdən 500-ü həbsdədir ki, bu da Britaniyadan təxminən beş dəfə, Kanadadan altı dəfə və Almaniyadan doqquz dəfə çoxdur.

ABŞ üçün həll formulu

Göründüyü kimi, ABŞ insan hüquqları və azadlıqlarının həqiqi müdafiəçisi deyil. Bu sahədə uğur qazanmaq istəyirsə, başqa dövlətlərlə dialoq qurmalıdır. Ancaq ABŞ bu mövzu ilə bağlı davranışında başqa dövlətlərin daxili işlərinə qarışır. ABŞ daxili işlərə qarışmamaqla həm öz problemlərini həll edər, həm də digərlərinə töhfə vermiş olar.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir