Dünya

“İranın Ermənistandakı səfirinin Qarabağ barədə qərəzli danışması ciddi siyasi səhvdir” – ŞƏRH + FOTO

Sharing is caring!


“10 noyabr 2023-cü il tarixində İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin Ermənistanın “CivilNet” platformasına verdiyi müsahibə zamanı səsləndirdiyi təxribat xarakterli əsassız fikirləri İranla Azərbaycan arasında qonşuluq münasibətlərinə və İran prezidentinin Özbəkistanda ifadə etdiyi mövqeyə ziddir”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyindən İranın Ermənistandakı səfirinə cavab verilib:

“Bildirilib ki, Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə xələl gətirən bu fikirlər, eyni zamanda, iki ölkənin prezidenti arasında 9 noyabr 2023-cü il tarixində Daşkənddə baş tutmuş görüş zamanı İran prezidenti tərəfindən səsləndirilən fikirlərlə ziddiyyət təşkil edir. Belə ki, sözügedən görüş zamanı İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünü təmin etdiyini, Qarabağın yenidən Azərbaycana qovuşduğunu sevinclə qeyd edib.

“Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi”, – deyə Rəisi vurğuladı. İran prezidentinin məlum mövqeyi beynəlxalq hüququn aliliyi və müəyyən müddət davam etmiş siyasi gərginliyin ardınca çox qiymətli gediş idi və Azərbaycanda bütün səviyyələrdə haqlı olaraq alqışlanmışdı. Ancaq iki gün sonra İran səfirinin qərəzli fikirləri qəbuledilməzdir. İranın Ermənistandakı səfirinin Azərbaycan torpağı olan Qarabağdan danışması ciddi siyasi səhvdir. Qarabağ əhalisinin öz müqəddəratını təyin etmə hüququndan danışan səfir anlamalıdır ki, Qarabağ adlı dövlət yoxdur. Xalqların öz müqəddəratını təyin etməsi məsələsinə gəlincə, bölgəyə sonradan gəlmə olsalar belə, erməni xalqı artıq öz müqəddəratını həll edib, ermənilər üçün Qərbi Azərbaycan torpaqlarında erməni dövləti qurulub. Yenidən Azərbaycan torpaqları hesabına ikinci erməni dövlətinin qurulması mümkün deyil”.

Deputat diqqətə çatdırıb ki, görünür, İranın Ermənistandakı səfiri ya Tehranın yürütdüyü siyasətdən bixəbərdir, ya da ölkəsinin başçısı – Rəisinin mövqeyindən fərqli siyasət həyata keçirir:

“Hazırda İran Azərbaycana Qarabağ məsələsinin tam bitməsini qəbullandığını bildirir, digər tərəfdən isə Ermənistana başqa vədlər verir. Əgər belə deyilsə, onda İranın Xarici İşlər Nazirliyi Ermənistandakı səfirin bu açıqlamasına aydınlıq gətirməlidir. Hesab edirəm ki, səfir tərəfindən səsləndirilmiş fikirlərlə bağlı İran tərəfindən müvafiq addımlar atılacaq”.

Xatırladaq ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani erməni mətbuatına müsahibəsində Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi haqqında sərsəm bəyanatla çıxış edib.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir