Dünya

Eldar Kərimov: “Yaxın iki, maksimum üç il ərzində bizim güclü reqbi millimiz olacaq” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Hazırda bizim yığma komandalıq oyunçularımız var. Əminəm ki, yaxın iki, maksimum üç il ərzində bizim kifayət qədər güclü reqbi millimiz olacaq”.

Bu sözləri Oxu.Az-a müsahibəsində Azərbaycan Reqbi Federasiyasının İnkişaf üzrə vitse-prezidenti, “Qarabağ” Reqbi Klubunun təsisçisi, reqbi yığmamızın sabiq üzvü Eldar Kərimov deyib.

Müsahibəni təqdim edirik.

– Azərbaycan reqbisində vəziyyət nə yerdədir? Hər hansı yenilik varmı və ya gözlənilirmi?

– Reqbi Azərbaycanda yeni inkişaf dövrünü yaşayır. Çünki aktiv olaraq klublar yaradılır. Bu ilin sonundan etibarən biz ilk dəfə böyüklər arasında ölkə çempionatını keçirməyi planlaşdırırıq. Müəyyən təbliğat işlərinin nəticəsi olaraq görürük ki, reqbiyə maraq kəskin şəkildə artır. Ölkə çempionatı və kuboku yarışlarını təşkil etməklə milli komanda üçün güclü oyunçular seçə bilərik. Bununla da, növbəti ildən böyüklərdən ibarət yığmanın fəaliyyətini bərpa etməsini hədəfləyirik. 2013-cü ildən milli komandamız yox idi. Ümid edirəm ki, gələn ildən yığmanı bərpa edə biləcəyik.

– Milli komandanın fəaliyyətini dayandırmasının səbəbi nə idi?

– Federasiyanın üzləşdiyi problemlər səbəbindən komanda yarışlara yollana bilməmişdi. İki il ərzində turnirlərdən kənar qaldığımız üçün Avropa Reqbi Birliyi qeyri-müəyyən müddətə bizi yarışlardan kənarlaşdırıb. Həmin dövrdə reqbiçilərin demək olar, 90 faizi  karyerasını bitirmişdi. Təəssüf ki, yeni nəsil yetişdirilmirdi. Bizim əvəzimizə oyunçular yox idi. Bir neçə ildir, yeniyetmələri cəlb etmişik. Hazırda milli komandaya namizəd olan kifayət qədər güclü oyunçular var. Ümid edirəm ki, yaxın müddətdə həm maddi problemlərimizi həll edə biləcəyik, həm də heyət baxımından yaxşı komanda formalaşdıracağıq.

– Dediniz ki, ilk dəfə böyüklər arasında ölkə çempionatı təşkil olunacaq. İştirakçılar bəllidir?

– Daha əvvəl yeniyetmələr arasında çempionat olub. Amma böyüklərin yarışı keçirilmirdi. Çünki klublar yox idi. Faktiki olaraq uzun illər milli komanda və “Bakı” reqbi  klubu eyni oyunçulardan ibarət idi. Komandamız daha çox Gürcüstanda yarışlarda, festivallarda iştirak edirdi. Hazırda altı klub var: “Qarabağ”, “Qəbələ” İdman klubunun reqbi komandası, “Bakı”, “Dinamo”, Azərbaycan Pedaqoji Universitetinin komandası və Xəzər Universitetinin komandası. İlk çempionatda altı komandanın iştirakını planlaşdırırıq. Amma digər universitetlərdə də bu idman növünə maraq var. Onların da rəhbərlikləri bu idman növü üçün şərait yaratmağa hazırdırlar. Gələn ildən çempionatda iştirakçı sayı arta bilər.

– Təsisçisi olduğunuz “Qarabağ” reqbi komandasının eyniadlı futbol klubu ilə əlaqəsi var?

– Xeyr. Tam müstəqil klubdur. 2015-ci ildə yaradılıb. Futbol klubu ilə heç bir bağlılığı yoxdur. Uzun illər uşaq və yeniyetmələrin yetişdirilməsi ilə məşğul idik. İndi onlar böyüklər kateqoriyasındadırlar. Həmçinin yeniyetmə və uşaq komandalarımız da var.

– “Qəbələ” İdman Klubunun reqbi komandasının olduğunu söylədiniz. Hazırda bəzi futbol klublarının voleybol, basketbol komandaları da mövcuddur. Onların həm də reqbiyə cəlbi istiqamətində hər hansı planlarınız varmı?

– Çox yaxşı ideyadır. İlk olaraq “Qəbələ”yə müraciət etdik. Onlarda həm böyüklər, həm yeniyetmə reqbi komandaları var. Digər klublara hələ ki, rəsmi müraciət etməmişik. Amma bu barədə düşünürük. “Sabah”a və digər klublara müraciət etmək istəyirik. Maddi cəhətdən futbol klubları üçün reqbi komandası saxlamaq elə də çətin olmamalıdır. Çünki çox xərc tələb etmir. Əsas məsələ oyunçu cəlb etməkdir. Onları da daha çox universitetlərdən cəlb edə bilərik. Bu məsələni ilin sonundan etibarən reallaşdırmağa çalışacağıq.

– “Qarabağ”la bağlı da futbol klubuna müraciət edəcəksiniz?

– İndiyə qədər belə bir müraciət etməmişik. Qeyri-rəsmi mənbələrdən “Qarabağ”ın məhz futbolla kifayətləndiyini etşitmişik. Bu, qeyri-rəsmidir. Digər klublarla əlaqə saxlayanda “Qarabağ”a da müraciət edəcəyik. Ehtimal var ki, bu ideya onlara maraqlı olsun.

– İndiyə qədər klubu saxlamaq üçün maliyyəni haradan əldə edirdiniz?

– Klub yaradılandan bu aya qədər həm təsisçisi, həm prezidenti idim. Çox böyük çətinliklərlə ayrı-ayrı şirkətlərdən maliyyə dəstəyi tapırdıq. Açığı, sırf tanış olan şirkət rəhbərləri bizə yardım əli uzadırdılar. Fürsətdən istifadə edib onlara təşəkkür etmək istəyirəm. Ötən aydan klubun yeni prezidenti təyin olunub. Röyal Süleymanov “Qarabağ”ın xərclərinin ödənməsi üçün həm özü təşəbbüs göstərir, həm də sponsor cəlbi ilə aktiv məşğuldur. Klub bir müddət meydançasız qalmışdı. Hazırda bu problem həllini tapıb, normal məşq edirlər. Paralel olaraq həm mən, həm Röyal bəy bir neçə şirkətlə danışıqlar aparırıq. Söz verilib ki, yaxın zamanda bəzi şirkətlər kluba dəstək olacaqlar.

– Ümumiyyətlə, bir reqbi klubunun illik xərci nə qədərdir?

– Bütün xərcləri hesablasaq, 30-40 min manat həndəvərində vəsait lazımdır. Bura stadionun icarəsi, işçilərin əməkhaqları, beynəlxalq yarışlarda iştirak kimi məsələlər daxildir.

– İdman sferasındakı ümumi mənzərəni nəzərə alanda elə də böyük məbləğ deyil. Bəs niyə şirkətlər bu sahəyə meyl etmirlər?

– Əslində, şirkətləri də anlayırıq. Əgər hansısa idman klubuna sponsorluq edirsə, bunun müqabilində müəyyən qarşılıq gözləyir. Amma reqbi ölkəmizdə hələ populyar idman növü deyil. Potensial investorlar bu sahədə maraqlı deyillər. Ona görə də biz ianələrə, dəstəyə ümid edirik. Çempionatın başlaması, yığmanın bərpası ilə inanırıq ki, reqbi getdikcə məşhurlaşacaq. Ümid edirik ki, yaxın gələcəkdə bu sahə investorlar üçün daha maraqlı olacaq.

– Reqbinin təbliği istiqamətində federasiya hansı addımları atır?

– İlk növbədə yarışların keçirilməsi vacibdir. Kütləviliyi artırmalıyıq. Uşaqlar, yeniyetmələr cəlb olunmalıdırlar. İnsanları qeyri-populyar idman növünə cəlb etmək çətindir. Ona görə də çalışırıq ki, müntəzəm olaraq insanların daha çox olduğu yerlərdə şou-məşqlər edək. Bir müddət əvvəl Heydər Əliyev Mərkəzinin yaxınlığında olan park sahəsində – onların icazəsi ilə – məşq keçirmişik. Bu cür məşq Dənizkənarı Bulvar ərazisində də təşkil olunub. Görürük ki, bu, diqqət çəkir və insanlar yaxınlaşırlar. Onlar ilk növbədə topun oval olmasına diqqət edirlər. Oradaca uşaqları dəvət edirik. Onlar bir az məşq edəndən sonra reqbinin maraqlı olduğunu görürlər. Reqbi özündə bir çox idman növünün elementlərini birləşdirir. Bu da həm oyunu baxımlı edir, həm də maraqlı olur. Kütləviliyi artırmaqla yaxın zamanda reqbini məşhurlaşdıra bilərik. Gürcüstanla əməkdaşlığımız var. Onlar Avropada altıncı, dünyada 12-ci yerdədirlər. Gürcülərin üstünlüyü ondadır ki, lelo adlı milli oyunları var və bu, reqbiyə çox bənzəyir. Biz isə bu məsələdə bir qədər çətinlik çəkirik. Lakin onların aktiv dəstəyi ilə tədbirlər planını həyata keçiririk ki, Azərbaycanda reqbini inkişaf etdirək. Əminəm ki, yaxın zamanda reqbi ölkəmizdə bütün idman növləri arasında ən populyar və ən uğurlu idman növlərindən biri olacaq.

– Bu oyun barədə mövcud olan stereotiplər işinizdə sizə nə qədər mane olur? Reqbi kənardan çox sərt görünür və ola bilsin ki, bu, insanları çəkindirir.

– Yanlış düşüncədir. Amma bəli, bu, işimizi çətinləşdirir. Praktika göstərir ki, uşaq və yeniyetmələri cəlb etmək istəyəndə onların valideynləri ilk növbədə internetdə reqbi ilə bağlı məlumat axtarırlar və ilk təəssüratları yaxşı olmur. Məsələ ondadır ki, müxtəlif resurslarda baxış sayı üçün ən qəddar epizodlar bir araya yığılıb təqdim olunur. Bu da bizə çətinlik yaradır. Ən populyar idman növü olduğu üçün futbolla müqayisə aparmaq istəyirəm. Əslində, reqbi futboldan iki-üç dəfə təhlükəsizdir. Futbolda əsasən ayaqla bağlı zədələr olur. Amma reqbidə ayaqla təmas yolverilməzdir. Buna görə oyunçu sarı, hətta qırmızı vərəqə ilə cəzalandırıla bilir. Reqbidə əzilmə olsa da, ciddi zədələr kifayət qədər azdır. Uşaq və yeniyetmələr üçün olan növlər isə demək olar ki, təmassızdır. Burada güləş fəndləri əvəzinə rəqibə iki əllə toxunmaq da kifayət edir ki, top rəqib komandaya keçsin. Bunlar uşaqları zədələrdən qorumaq üçündür. Texniki fəndlərin öyrənilməsi üçün bu növlərdən istifadə olunur. Bu da zədələri minimuma endirir. Sizin vasitənizlə bütün valideynlərə səslənirəm. Əmin olsunlar ki, reqbi tamamilə təhlükəsiz idman növüdür. Əksinə, reqbinin əsasən də uşaqlar üçün kifayət qədər müsbət cəhətləri var. Bu, sürəti, cəldliyi artıran idman növüdür. Reqbidə komanda oyunu var. Bu da uşaqların komandada işləmək bacarığını artırır. Futbolda bir nəfər nəsə edə bilər, amma reqbidə yox. Ona görə də məcburdur ki, komanda yoldaşları ilə birgə çalışsın.

– Yaxşı idmançını yaxşı məşqçi yetişdirir. Bizdə kifayət qədər bacarıqlı reqbi mütəxəssisləri varmı və onları inkişaf etdirmək üçün federasiya hansı addımları atır?

– Bəli, var. Bir neçə dəfə Gürcüstan Reqbi Akademiyası ilə birgə məşqçi və hakimlərimiz üçün seminarlar təşkil etmişik. Onlara sertifikatlar verilib. Bölgələrdən olan beynəlxalq dərəcəli məşqçilərimiz var. Bu baxımdan Şamaxı fərqlənir. Oradan iki məşqçi var. Bakdan isə 10-a yaxın məşqçi kateqoriyaya yiyələnib. Komandaların yaranması ilə onları fəaliyyətə cəlb edəcəyik. Praktikada keyfiyyətlərini ortaya qoyub daha yaxşı məşqçi kimi yetişə, inkişaf edə bilərlər.

– Azərbaycanlılar fiziki quruluş etibarilə reqbiyə nə qədər uyğundurlar?

– Tam uyğundurlar. Reqbi elə bir unikal oyundur ki, həm dolu, cüssəli, həm arıq, həm ucaboy, həm bəstəboy oyunçuya meydanda yer tapılır. Hərəyə bir funksiya düşür. Elə bir anlayış yoxdur ki, reqbiçilər mütləq atletik olmalıdırlar. Əsasən də son illərdə reqbi atletik oyundan çox texniki, sürətli oyuna keçir. Bu daha çox olimpiya növü olan “Reqbi-7”yə aiddir. Burada arıq, yüngül, sürətli, cəld oyunçulara tələbat var. O nöqteyi-nəzərdən Azərbaycan tam uyğundur. Bizim cüssəli cəngavərlərimiz də var, sürətli, cəld oyunçularımız da. Gürcüstanla paralel aparsaq, hər zaman atletik oyuna üstünlük veriblərsə də, hazırda onlar da dünyadakı tendensiyaya uyğunlaşmaq üçün daha çox cəld, sürətli reqbiyə keçid ediblər. Ona görə düşünürəm ki, bu mənada geri qalmayacağıq.

– Gürcüstandan başqa hansısa ölkə ilə əməkdaşlıq var?

– Bəli. Bu ilin martında Gürcüstan və Qazaxıstanla memorandum imzalamışıq. Yaxın zamanda Türkiyənin də bu kiçik ittifaqa qoşulmasını gözləyirik. Bu, bir çox sahəni əhatə edəcək. Məşqçilərin və hakimlərin hazırlığı da bura daxildir. Hazırda məktəb və universitetlərdə komandalar yaradırıq. Onların öz liqaları təşkil olunacaq. Bu ilin sonundan və ya gələn ilin əvvəlindən isə dörd ölkə arasında universitet və məktəb beynəlxalq liqalarını təşkil edəcəyik. Bununla oyunçularımız oyun təcrübəsi qazanacaq və güclənəcəklər. Belə tədbirlərimiz, əməkdaşlıqlarımız çox olacaq.

– Çempionat başlayacaq. Ola bilsin ki, bütün oyunları eyni məkanda təşkil etmək də alınsın. Amma komandalar həm də gündəlik məşq etməlidirlər. Bəs bunun üçün kifayət qədər meydançalar varmı?

– Ölkəmizdə, təəssüf ki, reqbi stadionları mövcud deyil. Amma bunun obyektiv səbəbləri var. Çünki bu idman növü hələ ki, populyar deyil. İnanıram ki məşhurluq artdıqca infrastruktur da yaxşılaşacaq. Ümumilikdə, hazırda bu baxımdan vəziyyət ürəkaçan deyil.

– Azərbaycan Reqbi Federasiyasının rəsmi olaraq federasiya statusu yoxdur. Bununla bağlı Gənclər və İdman Nazirliyi ilə iş aparırsınız?

– Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə sıx əlaqələrimiz var. Bütün idman növlərini aktiv inkişaf etdirdikləri kimi reqbinin inkişafında da maraqlıdırlar. Sadəcə, biz federasiya olaraq müəyyən kriteriyalara cavab verməliyik ki, akkreditasiya ala bilək. Hazırda aktiv şəkildə həmin kriteriyaların üzərində işləyirik. Ümidvaram ki, yaxın zamanda akkreditasiya alacağıq. Nazirlik tərəfindən reqbiyə maraq var. Onlarla mütəmadi əlqələrimiz olur.

– Nazirliklə reqbidə mövcud problemlərin həlli ilə bağlı müzakirələriniz olub?

– Nazirliyin funksiyasına klubları maliyyələşdirmək daxil deyil. Bura daha çox yığma komandalar daxildir. Milli fəaliyyət göstərəndə komanda nazirliyin dəstəyi ilə bütün lazım olan yarışlara ezam olunub. Bu barədə çətinlik yaşamamışıq. Hazırda milli mövcud deyil. Nazir müavini Mariana Vasileva bizə bildirib ki, nazirlik həm böyüklər, həm yeniyetmələr komandalarına dəstək olmağa hazırdır. Yarışlara, təlim-məşq toplanışlarına ezam olunmaqla bağlı hər hansı problem yoxdur. Bizim öhdəmizə düşən yığmaları formalaşdırmaqdır. Ondan sonra əminəm ki, heç bir problemimiz olmayacaq.

– Görünür ki, proses gedir, ancaq, sanki hələ başlanğıcdasınız. Normal çempionat, rəqabətədavamlı milli komanda formalaşdırmaq üçün neçə il lazımdır?

– Hazırda bizim yığma komandalıq oyunçularımız var. Eyni zamanda, azərbaycanlıların reqbi potensialı yüksəkdir. 2012-ci ilə qədər müxtəlif yarışlarda iştirak edəndə qalib gəldiyimiz komandalar olurdu. Baxmayaraq ki, biz həftədə bir dəfə məşq edirdik, rəqiblərimiz isə reqbi ilə peşəkar məşğul olurdular, həftədə altı-yeddi məşq keçirdilər. Bununla belə, biz onlarla başabaş mübarizə aparıb, qələbə də qazanırdıq, heçə-heçə də edirdik. Əminəm ki, yaxın iki, maksimum üç il ərzində bizim kifayət qədər güclü yığma komandamız olacaq. Hansı ki, hazırda reytinqə görə Avropa Millətlər Kubokunda son qrupdayıqsa, bir neçə qrup yüksələ biləcəyik.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir