Dünya

Alman tədqiqatçı: “Okamponun hesabatının müddəaları Ermənistanın maraqlarını dəstəkləyir və aldadıcıdır”

Sharing is caring!


“Luis Moreno Okamponun hesabatının müddəaları Ermənistanın maraqlarına güclü dəstək olduğunu göstərir və ən azı, birmənalı deyil, hətta açıq-aşkar aldadıcıdır”.

“Report” xəbər verir ki, bu barədə almaniyalı tədqiqatçı, doktor Mixael Raynhard Hessin vəkil Luis Moreno Okampoya ünvanladığı açıq məktubda deyilir.

Tədqiqatçı məktubunda vəkilə ermənilərin işlətdiyi və erməni dilinə heç bir aidiyyəti olmayan “Artsax” ifadəsinin mənşəyini izah edib və əlavə edib ki, hesabatda guya Qarabağ bölgəsinin əsasən ermənilərin məskunlaşdığı region kimi qələmə verilməsi də spekulyativlikdən başqa bir şey deyil.

“Faktiki məzmuna gəlincə, “Artsax” sözünün (ümumiyyətlə erməni etimologiyasında olmayan sözdür) göstərdiyiniz xronoloji üfüqdə həqiqətən təsdiq oluna biləcəyi şübhə doğurur. Ermənilərin Strabonun (e.ə. 63-cü il – eramızın 23-cü ili) işlətdiyi “Orxisten” toponiminin “Artsax” ilə eyniləşdirilməsi yalnız spekulyativdir. Məndə olan məlumata görə, erməni dilinə heç bir aidiyyəti olmayan “Artsax” toponimi eramızın 5-ci əsrindən əvvəl olmamaqla geniş yayılıb. Təbii ki, nə bizim eranın əvvəli, nə də sonrakı dövrlər, o cümlədən 5-ci əsrdən sonrakı dövrlərlə bağlı dəqiq demoqrafik statistikamız yoxdur. Bu isə o deməkdir ki, bəyanatınızın yeganə interpretasiyası olan fikir – regionda əsasən ermənilərin yaşadığı ilə bağlı düşüncəniz də yalnız və yalnız spekulyativ xarakterlidir”, – məktubda qeyd edilir.

Hessin məktubunda vurğulanır ki, “Artsax” termini ən azı 1921-ci ilə qədər hətta ermənilərin özləri tərəfindən də geniş istifadə olunmayıb. Bunu, məsələn, Ermənistan SSR Xalq Komissarları Sovetinin 12 iyun 1921-ci il tarixli bəyannaməsi də sübut edir.

“Bu arada regionun ənənəvi “Qarabağ” adı əsrlər boyu müxtəlif inzibati və siyasi sənədlərdə işlədilmiş və bu günə qədər də istifadə olunmaqdadır”, – alman tədqiqatçı vurğulayır.

“Artsax”ın tarixi anlayışı ilə onun XX əsrdə erməni millətçiləri tərəfindən müasir reintroduksiyası arasındakı fərqi gizlətməklə, sizin töhfəniz, əslində, eramızın əvvəlindən erməni toponimik, demoqrafik, siyasi və tarixi davamlılığını təklif etmək istəyən millətçi erməni diskursunu təbliğ edir. Lakin belə bir davamlılıq yoxdur”, – məktubda deyilir.

Mixael Raynhard Hess vurğulayır ki, Okamponun gəldiyi nəticəni oxuduqdan sonra onda belə bir təəssürat yaranıb ki, vəkilin hesabatı həm tarixi fonun, həm də real vəziyyətin birtərəfli ermənipərəst şərhinə əsaslanır.

Alman tədqiqatçı Okamponun Qarabağda guya “aclıq soyqırımı”nın baş verdiyi barədə dediklərini də təkzib edib:

“Doğrudanmı Qarabağın geniş dağlıq rayonları kimi münbit bir regionda, təbii sərvətlərin yetərincə olduğu, əkinçilik və heyvandarlığın mümkün olduğu münbit bir bölgədə cəmi 120 min nəfərlik (bu, Ermənistanın iddia etdiyi rəqəmdir) icmanın yayın ortasında acından ölə biləcəyinə inanırsınız?! Həmçinin məqalənizdən məlum olur ki, bu ərazilərdən ağır xəstələrin təxliyəsi üçün tədbirlər görülüb. Bu həm də o anlama gəlir ki, qida çatışmazlığından əziyyət çəkən insanlar da regiondan kənara çıxarıla bilərdi. Məqalənizdə aclığın həqiqətən olduğu və ya Qarabağda qrup halında yaşayan erməniləri təhdid edə biləcəyinə dair hər hansı bir sübut və ya işarə yoxdur”.

Mixael Raynhard Hess, həmçinin Okamponun Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsini yaratmasının guya “soyqırımı”na hazırlamaq vasitəsi kimi şərh oluna biləcəyi ilə bağlı iddialarının inandırıcı olmadığını söyləyib: “Bir çox ölkələrin, o cümlədən ABŞ və Avropa İttifaqının xarici sərhədləri olan ölkələrinin insan və malların qaçaqmalçılığının qarşısını almaq üçün oxşar sərhəd-keçid məntəqələri var, lakin heç kim onları soyqırımı hazırlamaqda ittiham etmir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir