Dünya

“Qarabağ”ın rekordçu rəqibi: HIK necə oynayır?

Sharing is caring!


“Qarabağ” UEFA Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HIK klubu ilə qarşılaşacaq.

Helsinki təmsilçisinin əsası 1907-ci ildə qoyulub. Komanda ev oyunlarını 10 770 nəfərlik tutuma malik “Bolt Arena”da keçirir.

HIK ölkəsinin ən titullu klubudur. Komanda 32 dəfə çempion adını qazanıb və bu baxımdan rekordçudur. HIK 14 dəfə Finlandiya Kubokunu, altı dəfə isə Liqa Kubokunu əldə edib. Helsinkililər UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak etmiş yeganə Finlandiya klubudur. Kollektiv 1998/99 mövsümündə turnirin əsas mərhələsində mübarizə aparıb. HIK 2014/15 və 2022/23 mövsümlərində UEFA Avropa Liqasının qrup mərhələsində oynayıb.

Komanda bu mövsüm Çempionlar Liqasında mübarizəyə başlayıb. I təsnifat mərhələsində Şimali İrlandiya təmsilçisi “Larne”ni üstələyən (1:0, 2:2) koIIektiv II raundda Norveç “Molde”si ilə mübarizədən məğlub ayrılıb. Öz meydanında 1:0 qalib gələn HIK səfərdə 2:0 uduzaraq mübarizəni dayandırıb və Avropa Liqasının III təsnifat mərhələsinə düşüb.

Yaz-payız sistemi ilə keçirilən Finlandiya çempionatında 19 tur artıq geridə qalıb. Yayda ardıcıl uğursuz nəticələrdən sonra baş məşqçi Toni Koskela istefaya göndərilib. Bu postda onu köməkçisi Toni Korkeakunnas əvəzləyib. 19 matçda 37 xal toplayan HIK liderdir. Komanda ən yaxın izləyicisi “KuPS”dan bir oyun çox keçirib və iki xal öndədir.

“Transfemarkt” portalına görə, HIK-in heyətinin ümumi dəyəri 7,55 milyon avrodur. Müqayisə üçün qeyd edək ki, “Qarabağ”da bu rəqəm 12,9 milyon avroya bərabərdir. Helsinki klubunun ən dəyərli futbolçusu yarımmüdafiəçi Filip Rogiçdir. Onun qiyməti 750 min avrodur. Ümumiyyətlə, komandanın əsasını yerli futbolçular təşkil edirlər. Heyətdə cəmi beş legioner var.

Baş məşqçi Toni Korkeakunnas komandanı müxtəlif taktiki sxemlərlə meydana buraxır. Buraya 4-4-2, 3-4-3, 4-3-3 kimi düzülüşlər daxildir. Komanda hücumameyilli futbolu ilə diqqət çəkir. Təsadüfi deyil ki, HIK Finlandiya çempionatında bu mövsüm 31 qolla ən məhsuldar kollektivdir. 15 top buraxan helsinkililər bu göstəricidə üçüncüdür.

HIK-in futbolçuları fiziki keyfiyyətləri ilə diqqət çəkirlər. Komanda atletik futbola üstünlük verir. HIK-in ən güclü tərəfi standart vəziyyətlərdir. Bunun “Qarabağ”ın zəif cəhətlərindən olduğunu nəzərə alsaq, “Qarabağ” üçün təhlükə yarana bilər. Hücumları, əsasən, cinahlardan quran Finlandiya çempionu hava ötürmələri ilə ucaboy hücum oyunçularına qol vurmaq imkanı yaratmağa çalışır. Belə demək olarsa, HIK klassik Skandinaviya komandasıdır.

“Qarabağ” texniki futbolu ilə bir qayda olaraq şimallılar üzərində üstünlük qazana bildiyindən bu rəqib qarşısında favorit hesab edilməlidir. Xüsusən, rəqibin arxa xətt oyunçularının ləngliyi Ağdam klubunun kifayət qədər qol fürsəti yaradacağını deməyə əsas verir. Lakin HIK-ə “ikinci mərtəbə”dəki üstünlükdən istifadə etməyə qətiyyən imkan verilməməlidir.

Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, cavab görüşü isə 17-də Helsinkidəki “Bolt Arena”da keçiriləcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir