Dünya

Köhnə-yeni ofsayd qaydası: FIFA niyə keçmişə qayıdır və futbolda nə dəyişəcək?

Sharing is caring!


Yaxın gələcəkdə futbolda oyundankənar vəziyyət qaydalarında köklü dəyişikliklər ola bilər.

Oxu.Az xatırladır ki, FIFA yalnız hücum edən tərəfin oyunçusunun bütün bədəninin rəqibdən öndə olduğu hallarda ofsaydın qeydə alınmasını doğru hesab edir.

Bu mövsümdən bəzi liqalarda oyundankənar vəziyyətlə bağlı yeni qaydalar sınaqdan keçiriləcək. Bura İtaliya və İsveçrədəki aşağı liqalar daxildir. Effekt versə, növbəti mövsümlərdə yüksək liqalarda da bu qərarların tətbiqi düşünülür.

Yenilik kimi tətbiq olunsa da, əslində bu, keçmişə qayıdışdır.

Dəyişiklik hansı zərurətdən yaranır?

Son illərdə, xüsusən video-köməkçi hakim (VAR) sisteminin tətbiqindən sonra oyundankənar vəziyyətlərlə bağlı narazılıqların sayı artmışdı. Bu, millimetrlik ofsaydların qeydə alınmasına səbəb olurdu ki, hücum edən tərəfin mənafelərinə zidd idi. Bəzən oyunçunun çiyninin bir hissəsi, bəzən dizi və s. rəqib müdafiəçidən öndə olurdu deyə, oyundankənar vəziyyət qeydə alınırdı. Bu, geniş mənada futbolu maraqsızlaşdırır, cəlbediciliyini azaldırdı.

Ofsayd qaydalarında keçmişə qayıdış FIFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Vengerin ideyasıdır. O, bir neçə il əvvəldən bu fikirlə çıxış edirdi. Tətbiqinə sınaq kimi başlanan bu ideyanın yaxın gələcəkdə tam təsdiqlənmə ehtimalı böyükdür.

Bu halda futbolda nə dəyişəcək?

Ofsayd qaydalarının yenilənməsi təbii olaraq oyunlarda qolların daha çox olmasına səbəb olacaq. Bu isə azarkeşlərə daha zövqlü matçlar izləmək imkanı yaradacaq.

Köhnə-yeni qayda futbolu klassikləşdirəcək. Əvvəllər komandalar müdafiə olunarkən suni oyundankənar vəziyyət yaratmaq taktikasından istifadə edirdilərsə, qaydaların sərtləşdirilməsindən sonra bu ənənə aradan qalxmışdı. Dəyişiklik suni oyundankənar vəziyyətləri futbola qaytara bilər.

Qaydalar təsdiqlənsə bu, klassik mərkəz hücumçularının əvvəlki əhəmiyyətini qaytaracaq. Son illərdə mərkəz hücumçuları klassik “9 nömrə” anlayışından çox saxta “9 nömrə”yə çevrilmişdilər. Onların funksiyası əsasən vingerlərə boş sahələr yaratmaq, digər oyunçuları zərbə mövqeyinə çıxarmaqdan ibarət idi. Dəyişikliklərdən sonra hücumçularn ilk işi rəqib qapıya daha yaxın oynamaq, mövqe əldə edib zərbə vurmaq olacaq.

Eyni zamanda köhnə-yeni ofsayd qaydası klassik “10 nömrə”lərin payını artıracaq, yaxud onların yenidən dirçəlməsinə səbəb olacaq. Məsələ burasındadır ki, son illərdə hücum edən komandaların “boğazına keçən” “ofsayd maneə”si müdafiənin arxasına ötürmələrin sayının kəskin azaltmasına səbəb olmuşdu. Komandalar məcburən hücum edərkən daha çox cinahlardan istifadə etməyə üstünlük verirdilər. Belə demək olarsa, oyun meydanın mərkəzindən çox kənarlarına yayılmışdı. Müdafiənin arxasına ötürmələr zamanı ofsayd riski artırdı və komandalar bundan çəkinirdilər. Bu taktikanın aktuallaşacağı gözlənilir. Beləliklə, futbolda yenidən klassik “10 nömrə”lər və ya “fantazista”lar qabarmağa başlayacaqlar. Hansı ki, son illərdə onlar demək olar ki, tamamilə sıradan çıxmışdılar.

Mümkün dəyişikliklər ofsayd qaydası texniki bacarıq və yaradıcılığı yenidən ön plana çıxaracaq. Halbuki son illərdə komandalar daha çox fiziki dözümlülük və sürətə üstünlük verirdilər.

Eyni zamanda, müdafiə olunan komandalar daha çox qapanmağa başlayacaqlar. Müdafiəçilərinin futbol intellekti, mövqe seçmək bacarığı süni oyundan kənar vəziyyət taktikasından istifadəyə imkan verən, eyni zamanda risk etməyi sevən kollektivlər buna yönələcəklər. Digərləri isə məcburən müdafiəni daha geridən qurmalı olacaqlar. Hətta ola bilsin ki, böyük ölçüdə sıradan çıxmış libero-müdafiəçilər yenidən aktuallıq qazandılar, yaxud Manuel Noyer, Andre Onana kimi libero-qapıçılar bir qədər də qabardılar.

Köhnə-yeni ofsayd qaydaları ləng müdafiəsi olan komandalar üçün kabus olacaq. Klublar daha sürətli mərkəz stopperlərə üstünlük verəcəklər. Eyni zamanda futbolda əks-hücumların sayı artacaq və s.

Bunlar qaydalarda gözlənilən dəyişikliklərin futbola təsirinin bir qismidir. Eyni zamanda dəyişiklik yeni problemi də özü ilə gətirəcək.

Məsələ ondadır ki, əgər indiyə qədər millimetrlik ofsaydlar qeydə alınırdısa və bundan hücum edən tərəf əziyyət çəkirdisə, yaxın gələcəkdə oxşar problemlə müdafiə olunan kollektivlər üzləşəcəklər. İndi də onlar millimetrlərə görə oyundankənar vəziyyətin olmamasından narazı qalacaqlar.

Ümumiləşdirsək, dəyişikliklər futbolu daha maraqlı edəcək. Nəticədə bu, həm də bir şoudur və insanlar böyük məbləğ xərcləyib bilet alaraq 90/120 dəqiqə cansıxıcı taktiki mübarizə izləmək istəmirlər, çoxlu qol görməyi arzulayırlar. Xüsusilə, sərt ofsayd qaydaları hücum edən komandaların əl-qolunu bağlamışdı, məşqçilər bunun üzərində çox baş sındırmalı olurdular. Futbol idmandan, əyləncə vasitəsindən çox az qala elmə çevrilib. Bu isə bəzən hətta azarkeşlərin daha dinamik digər növlərə (məsələn, basketbola) meyl etməsinə səbəb olurdu. Keçmişə qayıdışın kökündə dayanan səbəblərdən biri də futbolu bu süstlükdən xilas etməkdir.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir