Dünya

“Qərb müharibəyə qoşulsa, bu, üçüncü dünya müharibəsi deməkdir” – ŞƏRH + FOTO

Sharing is caring!


“Ukraynanın əsas məqsədi Qərb ölkələrinin hərbi və siyasi dəstəyini almaq, Rusiyaya qarşı daha təsiredici tədbirlərin görülməsinə, sanksiyaların tətbiqinə nail olmaqdır. Volodimir Zelenskinin İtaliya, Fransa və digər ölkələrə səfərləri, keçirdiyi görüşlərdən aydın olur ki, Ukraynaya hərbi və siyasi yardım göstəriləcək”.

Bu sözləri Oxu.Az-a Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsi və taleyi haqqında danışarkən politoloq Fikrət Sadıxov deyib. Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin bütün cəhdlərinə baxmayaraq, Ukraynaya edilən yardımlar operativ və irihəcmli deyil:

“Amma bəzi ölkələr ilin sonuna qədər Ukraynaya bir sıra hərbi-texnika vasitələr göndərəcəklərini bildiriblər. Bu o demək deyil ki, müharibə dayanacaq, hərbi əməliyyatlara “stop” deyəcəklər, ruslar əllərini qaldıracaqlar. Rusiyanın döyüşməyə hələ də gücü, potensialı var. Lakin Ukraynanı tam işğal edə bilmir və işğal edə bilməz. Bir çox şəhərlərə raket zərbələri endirilir, dinc əhali həlak olur, qurbanlar verilir. Ukrayna çalışır ki, Donbas istiqamətində irəliləsin, qələbə olmasa da, orada müəyyən uğurlar əldə etsin. Amma onlar da başa düşürlər ki, Rusiyanın işğalından tam şəkildə azad olmaq çətin məsələdir”.

Fikrət Sadıxovun sözlərinə görə, Rusiyanın sanksiyalar altında vuruşmaq qabiliyyəti, silahları olsa da, artıq dövlətin daxilində siyasi elitalar arasında ixtilaflar gündəmə gəlir:

“Bu durum Rusiyanın döyüş meydanında zəifləməsinə səbəb ola bilər, amma həlledici təsir edəcəyini düşünmürəm.

Qərb ölkələri, o cümlədən ABŞ birmənalı şəkildə qeyd edirlər ki, qoşunları Ukraynada gəlib vuruşmayacaqlar. Bununla belə, Ukraynaya dəstək gəlməkdə davam edir. Qərb başa düşür ki, müharibəyə qoşulsa, bu, üçüncü dünya müharibəsi deməkdir. Bu isə bütün dövlətlərə, Qərbin özünə qarşı da təhlükə yaradacaq”.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibənin davam etdiyi müddətdə Ukrayna Prezidenti Volodimir Zelenskinin bir sıra ölkələrə səfərləri müzakirələrə səbəb olub. Onun İtaliya, Fransa və Böyük Britaniyaya səfərləri zamanı keçirdiyi görüşlərdə Rusiyaya qarşı sanksiyaların artırılması haqqında razılıqlar əldə etdiyi bildirildi.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir