Dünya

Azərbaycanla münasibətlərin düşməni: Dinlə maskalanan Tehran rejimi – ŞƏRH + FOTO

Sharing is caring!


İrandakı rejim 44 ildir İslam Respublikası adı altında ölkə əhalisini girovluqda saxlayır. Vətəndaşlar rejimdən xilas olmaq üçün nicatı daha çox Tehran hakimiyyətinin bəyənmədiyi Qərb dövlətlərinə sığınmaqda görürlər. Bu günlərdə İran Prezidenti İbrahim Rəisinin sədrliyi ilə keçirilən iclasda ölkədən beyin axını müzakirə edilib. Bu, imkan düşən kimi bütün təbəqələrin təmsilçilərinin İrandan qaçmasının göstəricisidir. İctimai, siyasi, mədəni fəallar rejimin təqib və təzyiqlərindən qurtulmaq üçün mühacirət edirlər.

Yeri gəlmişkən, İran hakimiyyəti təmsilçilərinin övladları da Qərb dövlətlərində təhsil alır, orada qalıb, yaşamağa üstünlük verirlər. Onların övladlarının çoxunun hicabsız video və fotoları son günlər sosial şəbəkələri bəzəyir. Başqa sözlə, ailə üzvlərinin qəbul etmədiyi qaydaları Tehrandakı mürtəce hakimiyyət 80 milyonluq əhaliyə zor gücünə qəbul etdirməyə çalışır. Qərb dövlətlərinin, yaxud mütərəqqi ölkələrin vətəndaşları öz ölkələrini tərk edib yaşamaq, yaxud sığınmaq üçün İranı seçmirlər. Bəs İranı kimlər seçir? Bu rejimin müxtəlif şirnikləndirici üsullarla ələ aldıqları, yaxud insanların dini, təriqət təəssübündən istifadə edərək tora saldıqları insanlar, bir də tamahkarlığının qurbanı olub İrandakı rejimlə əlaqə quranlar. Bu, “İslam Respublikası”nın dinə bağlılığı onun adında, zorla qəbul etdirilən hicab qaydalarında görünür. Qalan nə varsa, saxta və yalandır. İran hakimiyyəti 44 ildir vətəndaşlarına islam adı ilə yalan, boş vədlər verir. Bunu son ayların etiraz aksiyalarında irəli sürülən şüarlar, edilən çıxışlar, habelə hakimiyyətin bu aksiyalar fonunda verdiyi vədlər, keçirdiyi toplantılardan da müşahidə etmək olar.

İran hakimiyyəti uzun illərdir Azərbaycan Respublikasında da din və təriqət amillərindən istifadə edərək 5-ci kolon yaratmağa səy göstərib, yaxud casus şəbəkəsi formalaşdırıb. İnsanlara dini əsaslarda dövlət, “Kərimə dövləti” yaradacaqları ilə bağlı vədlər verənlər, əslində, İran hakimiyyətinin Azərbaycana qarşı tapşırıqlarını həyata keçirirlər. 5-ci kolonçular, yaxud öz dövlətinə, vətəndaşlarına, böyüdüyü elinə, kəndinə xəyanət edənlər hüquq-mühafizə orqanları tərəfindən aşkarlanır. Məlum olur ki, İran ali rəhbərinin Azərbaycan Respublikası üzrə nümayəndəsi “höccətülislam” Əliəkbər Ocaqnejad dini təbliğat adı altında insanların heysiyyatından mənsub olduğu rejimin mənafeyinə istifadə edib. Bu, din adından istifadə edən dəllal, əslində, ayətullah Ruhullah Xomeyninin “İslam inqilabı doktrinası” kimi cəfəng, çürük ideyasını yaymaqla məşğul olub, ətrafında xainlər şəbəkəsini formalaşdırıb.

Azərbaycan vətəndaşlarını tələyə salıb, belə zəif iradəli insanlardan dövlətçiliyə qarşı istifadə edilməsi ilə yanaşı, İran hakimiyyətinin ölkə ərazisində terror aksiyaları təşkil etdiyi təsdiqlənir. Ötən il Tehranın Azərbaycandakı səfirliyinə məxsus avtomobildən terror törədilməsində istifadə ediləcək alətlər tapılmışdı. Bu hadisələrdən sonra “İslam Respublikası” Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu təşkil edib. Aprelin 6-da isə Azərbaycan Xarici İşlər Nazirliyinin İran səfirliyinin 4 əməkdaşını persona-non-qrata (“arzuolunmaz şəxs”) elan etməsi Tehranın əməllərinin məntiqi nəticəsi olaraq dəyərləndirilə bilər.

İran hakimiyyəti Azərbaycana qarşı terrordan və narkotik maddələrdən silah olaraq istifadə edir. O, bununla cəmiyyətin çox az qismini özündən asılı vəziyyətə salır. Bu rejimin saxta müsəlman təəssübkeşliyi işğalçı, regionda destruktiv fəaliyyət göstərən Ermənistanı müdafiə etməsi ilə ifşa olunub. Azərbaycana qarşı törətdiyi cinayətkar əməllərə baxmayaraq, İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneidən tutmuş yüksək vəzifəli hərbi rəsmilər də daxil olmaqla bütövlükdə rejimin Ermənistanı müdafiəsinə dair çoxsaylı faktlar göstərmək olar. Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qanunsuz erməni hərbi dəstələrinə təlimat vermək üçün Tehranın bura terrorçu göndərməsi bu faktlardandır. Həmin hadisədən bir ilə yaxın vaxt keçməsə də, Tehran rejimi rəsmi Bakının məsələ ilə bağlı sorğusunu cavablandırmayıb.

İran parlamenti rejimin Azərbaycana qarşı törətdiyi terror, saxta əməllərini ört-basdır etmək məqsədilə ötən gün məlum “bəyanatı” qəbul edib. Bu hakimiyyət həmin “sənəddə” riyakarlığını saxta Fələstin təəssübkeşliyi ilə gizlətməyə çalışıb…

Milyonlarla azərbaycanlının vətəndaşı olduğu İran Azərbaycan üçün bütün baxımlardan ən yaxındır. Təəssüf ki, panfarsist, şovinist mürtəce rejim iki dövlət arasında münasibətlərin yaxşı olmasına imkan vermir. Çünki bu rejim iki ölkə arasında münasibətlərinin yüksək səviyyədə olmasından da qorxur.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir