Dünya

Türkiyəli deputat: “Hava şəraiti yardımları gecikdirir”

Sharing is caring!

“Hazırda zəlzələ bölgəsində, bir dağıntının qarşısındayam. Altında 5 nəfər var, çıxarılmayıblar. Dəstək gözləyirik”.

Bu sözləri Oxu.Az-ın əməkdaşına Türkiyənin zəlzələ baş verən bölgələrindəki son durum haqqında danışarkən Türkiyə Böyük Millət Məclisinin deputatı Atilla Sertel deyib. O qeyd edib ki, hazırda hava şəraiti ilə əlaqədar xilasetmə işləri bir az da çətinləşib:

“Daha əvvəl bir neçə nəfəri dağıntıların altından canlı çıxara bilmişdik. Çox acınacaqlı və üzüntülü durumdur. Hər yerdən kömək göndərilir, əziyyət çəkən insanlara çatdırılmasına çalışırıq. Amma yollar çox pis durumdadır. Göndərilən yardımların çoxu Konya şəhərində ilişib qalıb. Zəlzələdən asfalt dağılıb, işlək yolları isə qar örtüb, yollar buz bağlayıb. Biz ancaq quru yolu ilə bir günə çata bildik. Fırtına var, hava yolu da təhlükəlidir”.

Atilla Sertel Azərbaycana təşəkkür edib:

“Yardımımıza qaçan ilk ölkə qardaş Azərbaycan oldu. Çox təşəkkür edirik. Burada dağıntılar altında azərbaycanlıların olub-olmadığı haqqında hələlik məlumatım yoxdur. Hər kəsə yardım etməyə çalışırıq, amma zəlzələnin fəsadları çox ciddidir. Allah insanlarımıza kömək olsun”.

Xatırladaq ki, ötən gün Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 3 381 nəfər həyatını itirib, 20 426 nəfər yaralanıb. Dağıntılar altından 7 840 nəfər çıxarılıb.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir