Dünya

İranın son şahının xanımı: “Başlarının bəlada olduğunu bilir, ləl-cəvahiratları götürmək istəyirlər” – FOTO

Sharing is caring!

“İran hökumətinin sözçüsündən sonra Mərkəzi Bankdan kral ləl-cəvahiratlarının oğurlanmasından narahatam, çünki onlar rejimin dəyişə biləcəyini bilirlər və daş-qaşları götürmək istəyirlər”.

Bunu Məhəmmədrza şah Pəhləvinin həyat yoldaşı Fərəh Diba son günlər İranda şahın özü ilə apardığı sərvətlərlə bağlı yayılan məlumatlarla bağlı “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, şah dövründə ancaq ailəyə və Pəhləvi nəslinə aid olan əşyaları bir yerdən başqa yerə aparmaq olardı, dövlətə məxsus olanlara bu şamil edilmirdi.

Fərəh Diba bununla bağlı şah dövründə ləl-cəvahiratlardan istifadə protokolunu misal gətirib.

“Rəsmi mərasim zamanı mən tac taxmalı olurdum. Bu zaman hansı tacı istədiyimi deyirdim. Bankda 4-5 nəfər yaxın adam taca baxıb ona aid sənədi imzalayardı. Bundan sonra mühafizəçilərlə birlikdə maşınla saraya gətirərdilər. Mən ondan müxtəlif mərasimlərdə istifadə etdikdən sonra yenə həmin mühafizəçilərlə banka aparılırdı. Orada da 4-5 adam tacı geri götürər, baxar, sonra banka qoyardılar”.

O, ümumiyyətlə, qiymətindən asılı olmayaraq, dövlətə aid əşyaların bir yerdən başqa yerə icazə ilə daşındığını vurğulayıb.

“Mən yeni tikilən xalça muzeyi ilə bağlı bir hadisəni xatırlayıram. Gülüstan sarayında olan xalçalardan birini muzeyə gətirmək istədim, onu hətta mənə vermədilər. Yəni icazə verilməli idi! Hər halda dövlətə aid olan əşyaları bir yerdən başqa yerə icazə ilə aparmaq olardı”, – deyə o əlavə edib.

Qeyd edək ki, bu günlərdə İran hökumətinin sözçüsü Əli Bahaduri-Cahormi “Twiter” səhifəsində İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin ölkəni tərk edərkən İrana məxsus 35 milyard dolları, 384 çamadan ləl-cəvahiratı, brilyantı, 5 min brilyant olan 2 tacı, 50 ədəd zümrüdü və 368 mirvarini özləri ilə apardığını iddia etmişdi.

Fərəh Diba şahidlərin həmin ləl-cəvahiratın ötən bu illər ərzində Mərkəzi Bankda olduğunu təsdiqlədiyini vurğulayıb.

“Əlbəttə, bütün bu illər ərzində yüz minlərlə insan gedib bu daş-qaşları görüb. Hətta biz çıxanda belə “Keyhan” qəzetində hər şeyin yerində olduğu barədə yazmışdılar”, – deyə o bildirib.

Fərəh Pəhləvi xatırladıb ki, şah ailəsi ölkəni tərk edəndən sonra bir sıra beynəlxalq jurnalistlər Niavaran sarayında olub, oranın toxunulmaz qaldığını göstərən şəkilləri lentə alıblar. O həmçinin vurğulayıb ki, Məhəmmədrza Pəhləvi özünə məxsus “Şahin” kimi tanınan “Boeing 707” təyyarəsini də İrana verib.

Fərəh Diba Tehran rejiminin bu məsələni 43 il sonra gündəliyə gətirməsini onların rejimin dəyişə biləcəyi qorxusu ilə izah edib.

“Başlarının bəlada olduğunu və rejimin dəyişəcəyini bildiklərindən, keçmişə və Pəhləviyə maraq artdığından ləl-cəvahiratlardan bəhs etməyə başlayıblar”, – deyə Fərəh Diba qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir