Dünya

Fransa Paris küçələrini dağıdan PKK-nı Cənubi Qafqazda görmək istəyir – ŞƏRH

Sharing is caring!

PKK-nın Suriyadakı hərbi və siyasi qanadları olan YPG, PYD-yə xoş münasibət göstərən Fransanın Türkiyəyə qarşı tündlüyü özünün təhlükəsizlik qabını çatladır.

Avropadakı kürd diasporu fəaliyyət dairəsini PKK-çı nəsli böyütmək üzərində qurur və Fransa, Almaniya, İsveç kimi dövlətlər PKK hərəkatını Türkiyəyə qarşı yönələn ox kimi istifadə edirlər.

Ankaranın PKK ilə bağlı narahatlıqlarını anlamaq və antiterror platformasına qoşulmaq əvəzinə, nala-mıxa vuraraq müxtəlif epitetlər altında kürd silahlı dəstələrini dəstəkləməyi seçən ölkələr Türkiyənin qarşısında nəhəng sədd tikməyi planlaşdırırlar.

Ancaq Türkiyə istər Suriyada, istərsə də İraqda antiterror əməliyyatları keçirməklə həm PKK-nın himayəçilərini üzə çıxarır, həm də Ankara nəhəng bir şəbəkənin ifşası ilə məşğul olur.

Bununla belə, Türkiyənin qarşısında dayanan dövlətlərin gücünü xəfif bir qüvvə kimi qiymətləndirmək də yanlışdır, əsasən də Suriyada kürd silahlılarına dəstək göstərən ABŞ, Fransa, Almaniya kimi dövlətlər Ankara önündə baryerlər tikmək əzmini nümayiş etdirirlər.

Ona görə ki, təhlükəsizlik təsəvvürləri PKK mövzusunda toqquşur, Ankara üçün məqbul olanı nə Fransa, nə də ABŞ seçir, hərçənd ki, məntiqlə Vaşinqtonla Paris NATO-nun antiterror əməliyyatları kontekstində Türkiyə ilə həmrəylik nümayiş etdirməli idilər.

Amma ABŞ ilə Türkiyə bir-birinə çox lazımdır və Ankaranın Suriya və İraqdakı hərbi əməliyyatları Vaşinqtonu dərindən sarsıtmır, eyni sözləri Fransa haqqında isə demək olmaz.

Fransa Türkiyəyə qarşı bütün cəbhələrə qoşulur, nəticə etibarı ilə Parisin PKK-nın Suriyadakı filialları ilə əməkdaşlıq etməsi başadüşüləndir. Amma Nyutonun dediyi kimi, təsir əks-təsirə bərabərdir, yəni Fransanın PKK-nın himayədarına çevrilməsi Parisin də ziyanına işləyən mexanizmdir.

Parisdə Ahmet Kaya mədəniyyət mərkəzinə edilən silahlı hücum nəticəsində üç nəfərin öldürülməsi, üçünün isə yaralanması PKK-çı kürdlər üçün Fransa paytaxtının altını üstünə çevirməyə bir bəhanə verdi.

PKK-çılar iğtişaşlar törədərək Fransa polisini yaralamaqdan belə, çəkinmədilər və bununla da Avropa üçün yarada biləcəkləri təhdidləri də göstərdilər.

Bəli, PKK üçün hüquq anlayışı işləmir və Fransa kimi terrorun üzünə xoş baxan ölkə, bəlkə, iğtişaşlardan sonra ağlını başına toplayıb öz şakərindən əl çəkə.

Bu bir ehtimal kimi qulağa xoş gəlsə də, Fransadan praqmatik addım gözləmək də əbəsdir, ona görə ki, Paris PKK ilə bağlı strateji xəttinin təməllərini zədələməyə getməz.

Çünki PKK Fransanın qlobal siyasət zəncirlərinin Yaxın Şərq üzrə vacib həlqəsidir və Paris bunu Ankaraya qarşı işlətməyə davam edə bilər.

Sözsüz ki, PKK elə də zəif bir təşkilat deyil, bu təşkilata axan maliyyə plazması, hərbi dəstək, siyasi himayəçilik və sair geniş bir şəbəkənin yaradılmasına gətirib çıxarıb.

Burada mövzu Cənubi Qafqaz bölgəsinə də gəlib çıxır. Belə ki, Cənubi Qafqazdakı postmünaqişə reallıqlarının Fransanın qısqanclıq damarını partlatması Parisin həmin şəbəkəni bu regionda da aktivləşdirə bilmək ehtimalına yol açır.

Cənubi Qafqazda maraq itkiləri ilə üzləşən Fransa PKK-nın qollarını Cənubi Qafqazda Azərbaycan və Türkiyəyə qarşı cəbhənin bir elementi kimi işlətmək potensialına müraciət edə bilər.

Türkiyənin kəşfiyyat orqanları bu təhlükəni duyurlar, ona görə də Ankara Cənubi Qafqazda PKK amili ilə özünə qarşı növbəti cəbhənin açılmasına imkan verməz.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir